Qərbi azərbaycanlılar doğma torpaqlarına nə zaman qayıdacaq?- Deputat
Qərbi Azərbaycan mövzusu son illərdə Azərbaycanın ictimai-siyasi gündəmində xüsusi yer alan strateji məsələlərdən biridir. Tarixi torpaqlarından didərgin düşmüş qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı həm milli hüququmuz, həm də beynəlxalq hüququn əsas prinsipləri baxımından müzakirə edilməkdə davam edir. Milli Məclisin deputatı Hikmət Babaoğlunun qeyd etdiyi kimi, bu gün qərbi azərbaycanlıların geri dönüşü heç vaxt olmadığı qədər real görünür. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onların mədəni irsinin bərpası və əcdad mirasının qorunması ümummilli dəyər və tarixi borc kimi qəbul olunur. Bu baxımdan, Qərbi Azərbaycan problemi yalnız humanitar və hüquqi məsələ deyil, eyni zamanda milli kimlik, tarixi yaddaş və mədəni irsin bərpası baxımından strateji əhəmiyyət daşıyır.
Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına sülh yolu ilə qayıtması artıq xüsusi konsepsiya çərçivəsində mövcuddur və Azərbaycan Prezidentinin çıxışlarında mütəmadi olaraq vurğulanır:
“Ən son Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident bir daha bu məsələyə toxunaraq bildirib ki, biz avtomobillərimizlə öz tarixi torpaqlarımıza, yurd yerlərimizə qayıdacağıq. Bu, ümummilli məqsəd və vəzifədir. Qərbi azərbaycanlıların öz tarixi coğrafiyasına dönməsi sadəcə Qərbi Azərbaycan məsələsi deyil, bu, ümummilli tarixi ədalətin bərpasıdır”.
Deputat qeyd edib ki, Prezidentin çıxışında səsləndirdiyi “sərhədlərimizin o tayında yaşayanlar öz dillərində danışırlar” fikri xüsusi strateji məna daşıyır. Onun sözlərinə görə, bu gün Ermənistanda həmin dilin daşıyıcılarının olmaması 87–90-cı illərdə həyata keçirilmiş məcburi etnik təmizləmə siyasətinin nəticəsidir:
“Buna görə də biz öz dil arealımızı Qərbi Azərbaycanda bərpa etməliyik. Öz mədəniyyət arealımızı da Qərbi Azərbaycanda yenidən yaratmalıyıq”.
Qərbi azərbaycanlıların geri dönüşünün nə qədər yaxın olduğu ilə bağlı danışan deputat bildirib ki, bu proses zamanla bağlıdır:
“2020-ci ilə qədər bu mövzu ümumiyyətlə müzakirə olunmurdu. Lakin tarixi Zəfərdən sonra məsələ siyasi gündəmə daxil oldu və bizi öz yurd yerlərimizə qayıdışa daha da yaxınlaşdırdı. 2023-cü ildən etibarən isə proses daha real məzmun kəsb etdi. Hazırda sülh sazişinin paraflanması ilə biz mümkün olan ən yaxın mərhələyə qədəm qoymuşuq”.
H. Babaoğlu hesab edir ki, sülh sazişi imzalandıqdan sonra münaqişə dövründə tapdanmış hüquqların bərpası əsas prioritet olacaq:
“Biz tarixi torpaqlarımıza qayıtmalıyıq və orada yaşamalıyıq. Bu, həm hüquqi, həm tarixi, həm də milli məsələdir”.
Mehriban Yariyeva
10:35 15.11.2025
Oxunuş sayı: 3578