Özbəkistan-Azərbaycan münasibətlərində əsas amillərdən biri odur ki..- Deputat
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə yeni mərhələyə qədəm qoyub. Xüsusilə Qarabağın bərpası prosesinə Özbəkistanın təşəbbüskar şəkildə qoşulması, bölgənin yenidən qurulmasına real töhfə verməsi iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinliyini nümayiş etdirən mühüm siyasi jestdir. Bu addım təkcə dostluq münasibətlərinin ifadəsi deyil, həm də regional əməkdaşlığın gələcək modelinin formalaşmasına verilən ciddi dəstəyi əks etdirir. Özbəkistanın bu mövqeyi postsovet məkanında həmrəyliyə, qarşılıqlı güvənə və bir-birinin milli maraqlarına hörmət prinsipinə əsaslanan yeni siyasi xəttin təcəssümü kimi qiymətləndirilir. Bu kontekstdə hər iki dövlətin əməkdaşlığı təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, geniş regionda sabitliyin və inteqrasiya proseslərinin güclənməsini də təmin edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib:
"Özbəkistanla Azərbaycanı birləşdirən ilkin amil eyni soydan, eyni kökdən olmağımızdır. İkinci məsələ odur ki, Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəinki Özbəkistanla, bütövlükdə türk dünyası ilə münasibətlərin daha da dərinləşməsinə yol açdı. Digər mühüm amil odur ki, Azərbaycan sadəcə dövlətlər arasında uzlaşdırıcı, yaxınlaşdırıcı mövqedə dayanmaqla kifayətlənmir, həm də fərqli regionların təbii resurslarını bir araya gətirir, bunu xalqların rifahı naminə istifadə edir. Ənənəvi sahələr üzrə əməkdaşlıqlar dərinləşdirilir. Habelə, önəmli olan bir digər məsələ odur ki, yeni sahələr üzrə də fürsətlər, perspektivlər nəzərdən keçirilir. Özbəkistanla bu yeni sahələr üzrə müqavilələrin imzalanmasına çoxdan başlanılıb. Bu baxımdan 24 noyabr 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair əhəmiyyətli bir müqavilə imzalandı. Uzaqgörən rəhbərimizin müdrik siyasəti müqavilənin müsbət geridönüşünü uzaq Çinə qədər hesablayıb. Belə ki, bu müqavilə sadəcə Mərkəzi Asiya ilə deyil, potensial olaraq Çini enerji kabeli ilə bir-birinə bağlayacaq. Bu baxımdan Çin şirkətlərinin Azərbaycana investisiya yatırması prosesi sürətlənəcək ki, bu da ölkəyə əlavə kapital axını deməkdir. Çin şirkətlərinin bu işdə intensivliyinin şahidiyik. Resursların birləşməsi, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi həm də Avropa ölkələrinə dəstək verəcək".
Deputat qeyd edib ki, Özbəkistanla Azərbaycan arasında münasibətlərimizin inkişaf strategiyasının əsasında 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura dayanır: "Qarabağın bərpasına ilk töhfə Özbəkistandan, onun Liderindən gəlib. Bizim üçün son dərəcə həssas olan belə bir məsələdə göstərilən dəstəyi dövlətimiz, xalqımız yüksək dəyərləndirir. Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adına olan, 600 şagirdin təhsili üçün nəzərə tutulan məktəb bizim üçün uzanandost əli, göstərilən qardaş dəstəyi deməkdir.
Özbəkistanla AzərbayCan arasında ticarət sürətlə inkişaf edir. Bu özünü 2024 və 2025-ci ilin ilk 9 ayı ilə xarakterizə olunan rəqəmlərində də göstərir. Belə ki, təkcə 2025-ci ilin yanvar-sentyabr ayları 2024-cü ilin yanvar-sentyabr aylarına görə 87,5% artıb və 319 milyon ABŞ dollarına qədər yüksəlib. Olduqca ciddi statistik göstəricidir. Bu həm də bağlantı layihələri üçün fundamental baza yaradır. Dövlət başçımızın da vurğuladığı kimi bağlantı layihələri həm də siyasətin və iqtisadiyyatın bir-biri ilə sıx bağlanmasını təmin edəcək, buna xidmət edəcək. Orta dəhlizin əhəmiyyəti artır. Nəqliyyat və kommunikasiyaların, daşımaların təhlükəsizliyi sabitliyin təminatçısıdır. Mövcud siyasi reallıqda real müstəqillik də olduqca vacib amildir. Regionumuzun dövlətçiliyini və müstəqilliyini qorumaq üçün müştərək layihələr, real və səmimi səylər ortaya qoyulmalıdır. Qeyd edildiyi kimi əməkdaşlıq yüngül sənaye üzrə əlaqələri, yaşıl enerjiyə keçidi də sürətləndirir. Avropanın enerji təhlükəsizliyinin təmin olunması yaşıl enerji stansiyalarının qurulması ilə düz mütənasib olaraq irəliləyəcək. Belə ki, bu stansiyaların qurulması qaza qənaət etməyə kömək olacaq ki, nəticə etibarilə Azərbaycanın qaz təchizatının minimum 10 milyard kubmetrə qədər artırılması potensialını formalaşdıracaq. Yəni, Mərkəzi Asiya dövlətləri ilə dərinləşən münasibətlər çoxvektorlu xarakter daşıyır. Bu addımlar həm də Avropanın sənaye tələbatının ödənməsi deməkdir. Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işlərin getməsi faktının özü də bu sahə üzrə işlərin diqqət mərkəzində dayandığından xəbər verir. Elə bir unikal imkanlar yaranıb ki, bu imkanların ən kiçiyi belə tərəfdaşlıq münasibətlərinə çevrilməlidir. Özbəkistan-Azərbaycan münasibətlərində əsas amillərdən biri odur ki, dövlət başçılarımız arasında şəxsi münasibətlər olduqca yüksəv səviyyədədir. Özbəkistan kimi bütün səmimi hisslərimizlə yola çıxdığımız strateji qədər daha da dərinləşdirilir".
Ayhan
23:10 14.11.2025
Oxunuş sayı: 1256