Azərbaycan- ABŞ münasibətlərində yeni dövr: Siyasi- iqtisadi əməkdaşlıq güclənir- Deputat detalları açıqladı
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edərkən ABŞ-də Donald Trampın prezidentliyindən sonra Bakı–Vaşinqton münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Dövlət başçısı bunu ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edərkən vurğulayıb. O, həmçinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların region üçün tarixi əhəmiyyət daşıdığını qeyd edib.
Prezidentin açıqlaması Azərbaycan–ABŞ münasibətlərində yeni dinamikanın formalaşdığını göstərir. Xüsusilə Vaşinqtonda əldə olunan razılaşmalar regionda dayanıqlı sülh üçün real imkanlar yaradır. Bu tendensiya Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə də təsir edə bilər.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev ikitərəfli əlaqələrdəki yeni dinamika barədə Crossmedia.az-a danışıb: “Trampın yenidən prezident seçilməsi Azərbaycan–ABŞ münasibətlərinə yeni nəfəs gətirərək əməkdaşlığı daha da gücləndirib. Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət, etimada əsaslanaraq hər zaman müsbət dinamika ilə inkişaf edib. Bu münasibətlərin əsası 1992-ci ilin 28 fevral tarixində qoyulub, xüsusilə, Ulu Öndər Heydər Əliyevin əvəzsiz səyləri nəticəsində iki ölkə arasında əsasən enerji sahəsində qarşılıqlı marağa söykənən əməkdaşlıq formalaşdırılıb. Bu günə qədər Azərbaycanla ABŞ arasında 80-dən artıq dövlət əhəmiyyətli sənədin imzalanması mövcud yüksək səviyyəli münasibətlərin bariz göstəricisidir. 2020-ci ildə Vətən Müharibəsindən sonra, ABŞ-də Cozef Bayden Administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətləri bir sıra istiqamətlərdə inkişaf etsə də, bəzi məsələlərdə müəyyən narahatlıqlar mövcud idi. Bununla belə, Prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra iki ölkə arasında dialoq və qarşılıqlı anlaşma yeni məzmun qazandı.
Donald Trampın 2024-cü ildə yenidən Prezidenti seçilməsi Azərbaycan - ABŞ münasibətlərinə demək olar ki, yeni nəfəs verdi, liderlər arasında telefon danışıqları və məktub mübadilələri baş tutdu. Bu il avqustun 8-də isə Vaşinqton Bəyannaməsinin imzalanması Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün, regionda uzunmüddətli sabitliyin bərqərar olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya imkanlarının açılacağını deməyə əminlik verir. Həmin səfər çərçivəsində “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu”nun imzalanması ABŞ investisiyalarının Azərbaycana axını, eləcə də ABŞ-ın bölgədə iqtisadi fəallığının artması üçün əməli şərait yaradacaq. Bu yeni dövr həm siyasi, həm də iqtisadi baxımdan iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açacaq”.
Ülvi Zahidov
20:12 14.11.2025
Oxunuş sayı: 2875