Mariyana Kuyundziç: Azərbaycan tarixində güclü qadınlarla bağlı böyük nümunələr var
Diplomatiya isə məni Azərbaycana gətirdi və indi buradayam.
Crossmedia.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropa İttifaqının "Aİ və Gənclər: Dayanıqlı Gələcək Naminə" adlı tədbirində çıxışı zamanı deyib.
O, Azərbaycanın hələ xeyli əvvəl onu çox cəlb etdiyini vurğulayıb:
"Mən Azərbaycan və ölkə neftinin kommersiya məqsədilə istismarına dair 20 il əvvəl bir kitab oxumuşdum və bura məni çox cəlb etmişdi. Amma əlbəttə, heç vaxt Azərbaycanda olmamışdım. Buraya ilk dəfə sentyabrın 2-də gəlmişəm. Bu heyranlıq illər əvvəl başlamışdı və doğrudan da, maraqlıdır ki, tale və qismət necə işləyir. Amma həm də maraqlıdır ki, insan özünü təhsilli edəndə, kitab oxuyanda həyat fərqli olur. Mənim Azərbaycanla bağlı xüsusi planım olmasa da, diplomatiya ilə bağlı planım vardı".
Diplomat daha sonra Azərbaycan tarixində məşhur olan qadınlardan söz açaraq xanımları uğurlu olmaq üçün səy göstərməyə çağırıb:
"Məsələn, azərbaycanlı Leyla Məmmədbəyova təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın, Cənubi Avropanın və Ön Asiyanın ilk qadın pilotu olub. Şəfiqə Axundova Şərqdə opera bəstələyən ilk qadın idi. Ayna Sultanova 1930-cu illərdə Azərbaycanın ilk qadın naziri olub. Həmçinin Həmidə xanım Cavanşir cəmiyyətdəki stereotiplərə və sosial normalara meydan oxuyan bir qadın idi. Yəni Azərbaycan tarixində güclü qadınlarla bağlı böyük nümunələr var. Avropada da böyük nümunələr mövcuddur. Ümumiyyətlə, bütün dünyada misilsiz qadın nümunələri mövcuddur. Əlbəttə, uğurlu olmaq üçün müəyyən səy tələb olunur. Mən isə sadəcə olaraq sizin səylərinizi dəstəkləmək istəyirəm. Sizin işinizi, fəaliyyətinizi təşviq etmək istəyirəm. Həmçinin gördüyünüz və gələcəkdə görəcəyiniz işlərə görə sizə təşəkkür edirəm - bütün layihələrimizə, proqramlarımıza verdiyiniz dəstəyə görə minnətdaram".
19:10 14.11.2025
Oxunuş sayı: 1804