Ukraynadakı Azərbaycan səfirliyi qəsdən vurulub? - Elmar Məmmədyarov danışdı
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib.
Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
Səfirliyin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar.
Qeyd edək ki, bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin budəfəki ziyan miqyasına görə daha böyük və ciddi olub.
Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.
Hadisənin təsadüfən baş verməsi ehtimalı yüksək görünsə də, ictimaiyyətdə bir sıra suallar yaranır. Bu hücumun mesaj xarakteri daşıyıb-daşımadığı, Azərbaycan–Rusiya münasibətlərinə necə təsir göstərə biləcəyi və gələcək diplomatik addımların nədən ibarət olacağı xüsusi maraq doğurur.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu barədə Crossmedia.az-a danışıb: “Düşünürəm ki, bu hadisə tamamilə təsadüfdür. Çünki Azərbaycanın Kiyevdəki səfirliyinin Rusiyanın hərbi qüvvələrinə hansısa şəkildə ziyan verə bilməsi mümkün deyil. Bu səbəbdən səfirliyin məqsədli şəkildə hədəf alınması ağlasığan məsələ deyil.
Digər tərəfdən, istintaqın aparılması vacibdir. Ukrayna dövləti xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Bu, tamamilə təbii bir öhdəlikdir. Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyidir və əlbəttə ki, Ukrayna tərəfi Xarici İşlər Nazirliyinə hesabat təqdim edib, tam istintaq aparılmasını və dəymiş ziyanın bərpa olunmasını təmin etməlidir. Rusiya Azərbaycana qarşı gərginlik yaratmaq istəsəydi, vurula biləcək çox sayda strateji obyekt var idi. Buna görə də bu hadisənin məqsədli deyil, təsadüfi xarakter daşıdığı qənaətindəyəm".
Gülbəniz Bayramova
17:17 14.11.2025
Oxunuş sayı: 1870