Azərbaycanın daxili siyasətində əsas məqsəd güclü dövlət, firavan xalq prinsipinin tam təmin edilməsidir - RƏY
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycanın daxili siyasətində yeni mərhələ açıb. Xüsusilə sosial siyasət sahəsində aparılan məqsədyönlü tədbirlər və proqramlar vətəndaş rifahının yüksəldilməsinə, məşğulluğun artırılmasına və sosial ədalətin təmininə yönəlib. Ölkədə işsizliyin səviyyəsinin azalması, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması bu siyasətin əsas nəticələrindəndir.
Milli Məclisin deputatı Günay Ağamalı mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sistemli və ardıcıl islahatlar, sosial istiqamətdə atılan addımlar son illərdə dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Ölkə başçımızın da vurğuladığı kimi, işsizliyin azalması, əhalinin rifah səviyyəsinin yüksəlməsi və sosial müdafiə mexanizmlərinin daha da gücləndirilməsi dövlətimizin başlıca hədəfləridir. Sosial siyasət sahəsində həyata keçirilən islahatlar təkcə rəqəmlərlə ölçülmür. Vətəndaşın həyat keyfiyyətinə, onun sosial təminatına, gələcək inamına birbaşa təsir edən uzunmüddətli strateji xəttdir. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin ardıcıl şəkildə artırılması, həssas təbəqələr üçün geniş sosial paketlərin hazırlanması dövlətimizin vətəndaşlar üçün yaratdığı real sosial təminat modelinin nümunəsidir".
Deputat qeyd edib ki, Azərbaycanın daxili siyasəti ölkənin dayanıqlı inkişafını təmin edən çoxşaxəli konsepsiyadır: "Bu siyasətin mərkəzində güclü dövlət institutlarının formalaşdırılması, şəffaf idarəetmə, hüquqi islahatlar, regionların balanslı inkişafı və vətəndaş məmnunluğunun artırılması dayanır. Bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilir, qeyri-neft sektoru sürətlə genişlənir, regionlarda yeni iş yerləri açılır, kənd təsərrüfatından sənayeyə, turizmdən rəqəmsal transformasiyaya qədər bir çox sahələrdə geniş dinamizm müşahidə olunur. Hazırda işğaldan azad olunmuş torpaqlarda yeni müəssələrin, istehsal xəttlərinin, enerji stansiyalarının formalaşdırılmasın şahidi oluruq. Onu da qeyd edim ki, Millət vəkili olduğum Biləsuvar rayonunda 1454 hektar ərazidə Günəş Elektrik Stansiyasının tikintisi həyata keçirilir. Orada 1500 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Bütün bunlar regionların sosial-iqtisadi inkişafını təmin etmək istiqamətində atılan addımların bir hissədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Möhtərəm Cənab Prezident İlham Əliyevin yeni mərhələyə yüksəltdiyi bu inkişaf modeli ölkəmizin qarşıdakı illərdə daha güclü, daha rəqabət qabiliyyətli və sosial cəhətdən daha da inkişaf edəcək dövlət kimi irəliləyəcəyini göstərir".
G.Ağamalı qeyd edib ki, Azərbaycanın daxili siyasətində əsas məqsəd güclü dövlət, firavan xalq prinsipinin tam şəkildə təmin edilməsidir. Bu gün aparılan islahatlar, iqtisadi artım, sosial paketlər və müasir dövlət idarəçiliyinin tətbiqi ölkəmizin inkişaf yolunu daha da möhkəmləndirir. Vətəndaşlarımızın rifahının artırılması, sosial ədalətin təmin olunması və hər kəs üçün bərabər imkanların yaradılması bundan sonra da dövlətimizin prioritet istiqamətlərindən biri olaraq qalacaq".
Ayhan
12:35 14.11.2025
Oxunuş sayı: 1863