Bu açıq-açığına dövlətə meydan oxumaqdır – Razi Nurullayev
Hüquq-mühafizə orqanları ölkəmizdə dəfələrlə özbaşına hərəkət edən məmurlara qarşı əməliyyatlar keçirərək, onların törətdiyi mənimsəmə hallarını ifşa etmişdir. Vəzifəsindən sui-istifadə edib xalqın malını və haqqını mənimsəyən hər bir məmur təkcə vətəndaşın hüququnu pozmur, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətə zidd davranaraq dövlətin nüfuzuna xələl gətirir. Şəffaflıq hər bir məmurun fəaliyyətinin əsas prinsipi olmalıdır. Azərbaycan bu gün dünyada söz sahibi bir dövlət, regionun əsas güc mərkəzidir. Biz bütün dünyaya kim olduğumuzu sübut edirik amma kökü bizdən olanlar hələ də bizi “baltalamağa” çalışırlar.
Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlamasında özbaşına məmurları sərt tənqid edib:
“Prezident İlham Əliyevin son çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də “bəzi məmurlar əkin-biçin üçün yararlı torpaqlarda özlərinə imarətlər inşa ediblər” ifadəsi ciddi həqiqətləri ortaya qoyur. Bu cür məmurların adı “xalqın xidmətçisi” deyil, “xalqın qanını sormaqla varlanan harınlar” siyahısında çəkilməlidir. Onlar xalqın alın tərinin, kəndlinin zəhmətinin, dövlətin qayğısının üstündən xətt çəkib varlanırlar. Korrupsiyaya qarşı bu qədər ciddi əməliyyatların, həbslərin, xəbərdarlıqların, Prezidentin sərt tənqidlərinin ardınca hələ də kimsə bu cür cəsarət göstərmək istəyəcəksə, bu açıq-açığına dövlətə meydan oxumaqdır. Deməli, bu məmurlar hələ də başa düşməyiblər ki, dövr dəyişib, ölkədə məsuliyyət dövrü başlayıb. Korrupsiya və mənimsəmə artıq karyeranı deyil, azadlığı itirmək deməkdir. Ona görə də belə məmurlar üçün yeganə yol — vəzifədən uzaqlaşdırılmaq və qanun qarşısında cavab verməkdir”.
Ayhan
20:31 13.11.2025
Oxunuş sayı: 1882