Koreya Gəncə Birləşmiş Şəhər Xəstəxanasına 350 min dollarlıq tibbi avadanlıqlar ianə edib
Koreya TƏBİB-in tabeliyindəki Gəncə Birləşmiş Şəhər Xəstəxanasına 350 min dollarlıq tibbi avadanlıqlar ianə edib.
Crossmedia.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev təhvil-təslim mərasimində bildirib ki, bu cür layihələr Azərbaycan səhiyyə sisteminin inkişafına mühüm töhfə verir.
Onun sözlərinə görə, layihənin əsas məqsədi ölkədə həssas əhali qrupu üçün tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır:
"İanə edilən tibbi avadanlıqlar ümumi və uroloji cərrahiyyə, diaqnostika, anesteziologiya, reanimasiya və intensiv terapiya tədbirlərinin həyata keçirilməsi üçün müasir texnikalardır. Xəstəxananın cərrahiyyə və reanimasiya bölmələrində istifadə olunacaq avadanlıqlar kritik vəziyyətdə olan xəstələr üçün həyati əhəmiyyət daşıyır".
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə xatırladıb ki, ötən il Koreyanın dəstəyi ilə Gəncədə "Uşaqlara Tibbi Müayinə Dəstəyi" layihəsi həyata keçirilib, eyni zamanda "Kiçik Həcmli İnkişafa Rəsmi Yardım" proqramı çərçivəsində ürək-damar xəstəlikləri ilə bağlı Xəstəxanaya 18 adda müasir tibbi avadanlıq ianə edilib.
Koreyanın Azərbaycandakı səfiri Kanq Kımqu bildirib ki, son üç ildə həyata keçirilən təşəbbüslər yalnız tibbi xidmətlərin keyfiyyətinin artmasına deyil, həm də iki ölkə arasında dostluğun və qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edir.
Xəstəxananın direktoru İlkin İsmayılov əlavə edib ki, ümumilikdə ətraf 17 bölgədən vətəndaşlar xəstəxananın nəzdində olan tibb müəssisələrinə üz tuturlar:
"Bu müraciətlərin keyfiyyətli şəkildə qarşılanması üçün ianə edilən müasir tibbi avadanlıqlar tibb müəssisəmizin texniki imkanlarını artırır. Yeni avadanlıqlar tibbi personalının işini daha səmərəli qurmağa və vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə şərait yaradacaq".
Həmçinin məlumat verilib ki, avadanlıqlar arasında rentgen aparatı, defibrilyator, anesteziya cihazı, xəstə monitorları, əməliyyat lampaları və masaları, elektrocərrahiyyə və aspirasiya aparatları, reanimasiya çarpayıları, körpə inkubatoru və s. yer alır. Bu avadanlıqlar xüsusilə ölüm riski yüksək pasiyentlərin vaxtında müalicəsinə imkan verən reanimasiya və intensiv terapiya bölmələrində istifadə olunacaq. Avadanlıqlar cərrahi əməliyyatların daha təhlükəsiz və dəqiq aparılmasına, anesteziya və reanimasiya proseslərinin təkmilləşdirilməsinə, yeni doğulan körpələrin xüsusi şəraitdə baxımına, həmçinin uroloji müdaxilələrin effektiv icrasına xidmət edəcək. İanə edilən tibbi avadanlıqların ümumi dəyəri 350 min dollar təşkil edir.
Qeyd edək ki, bu layihə "Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi"nə əsasən "Kiçik Həcmləri ODA (İnkişafa Rəsmi Yardım)" proqramı çərçivəsində həyata keçirilən üçüncü tibbi avadanlıq ianəsidir. Əvvəlki illərdə də proqram çərçivəsində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilib, həmçinin pandemiya dövründə müayinə köşkləri təhvil verilib. (Report)
15:46 13.11.2025
Oxunuş sayı: 1391