İdarəetmədə islahatlar: Xalqa xidmətdə keyfiyyət artır
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar dövlət idarəçiliyində şəffaflıq, ədalət və məsuliyyət prinsipinin tam bərqərar olunmasına yönəlib. Dövlət başçısının Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyəti başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər bu siyasətin əsas məqsədini – məmur özbaşınalığına və qanunsuzluqlara qarşı sistemli mübarizəni bir daha ortaya qoyur.
Prezident çıxışında qeyd edib ki, bəzi hallarda yerlərdə baş verən qanunsuz əməllərin arxasında mərkəzi icra orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə edən, var-dövlət hərisliyinə qapılmış, harınlamış məmurların göstərişləri dayanıb. Dövlət başçısı vurğulayıb ki, bu kimi hallar təkcə qanun pozuntusu deyil, həm də sosial ədalətin pozulması, vətəndaş etimadına xəyanət deməkdir.
İlham Əliyev bildirib ki, aparılan kadr və struktur islahatları nəticəsində bu cür neqativ meyillərə qarşı qəti mübarizə aparılıb, məmur korpusu əhəmiyyətli dərəcədə sağlamlaşdırılıb. Artıq heç kəsin mərkəzdən qanunsuz göstəriş verməyə ixtiyarı yoxdur, belə hallara yol verənlər isə məsuliyyətə cəlb olunur. Prezident qeyd edib ki, sosial ədalət prinsipi bütün idarəetmə sisteminin əsasında dayanmalıdır və hər bir vəzifəli şəxs bu prinsipi fəaliyyətinin başlıca istiqaməti kimi qəbul etməlidir.
Bu çıxış bir daha göstərir ki, dövlət başçısı üçün ən vacib məsələ vətəndaş maraqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və cəmiyyətdə ədalətin hökm sürməsidir.
Görülən işlərlə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bildiyiniz kimi, noyabr ayının 12-də Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etmişdir. Görüş zamanı Prezident çox vacib tapşırıqlarını çatdırmışdır. Burada əsas məqam odur ki, yeni təyin olunan şəxslər birbaşa ölkənin birinci şəxsi tərəfindən tapşırıq alır və onları yerlərdə icra etməyə borcludurlar. Prezidentin çıxışında vurğulanan əsas məsələlər yeni vəzifələrə təyin olunan şəxslərlə bağlı tapşırıqlardır. Eyni zamanda çıxış, xalq arasında zaman-zaman yaranan suallara da cavab verirdi. Canlı yayımlanan çıxışda verilən mesajlar, həmçinin, məmurların fəaliyyətində diqqət yetirilməli əsas prinsipləri ortaya qoyur. İlk növbədə, hər bir vəzifəli şəxs bilməlidir ki, əsas prioritet xalqın xidmətidir. Prezident bu məsələyə xüsusi diqqət yetirmiş, məmurların sosial ədalət prinsiplərini unutmamaları, xalqla birgə olmaları lazım olduğunu vurğulamışdır. Prezident, həmçinin qeyd etmişdir ki, məmurlar təvazökar olmalı, təkəbbürə yol verməməli və xalqla ünsiyyətdə hörmətli münasibət sərgiləməlidirlər. Onlar qanun çərçivəsində, xalqın maraqlarına cavab verəcək şəkildə fəaliyyət göstərməlidirlər. Təəssüf ki, bəzi vəzifəlilər əvvəlki fəaliyyətləri zamanı ciddi nöqsanlar, təkəbbür, korrupsiya və rüşvətxorluq halları göstərmişdir. Bu hallara yol verən şəxslər məhkəmə qarşısında cavab verməli və fəaliyyətləri cəzasız qalmır. Yeni təyin olunan şəxslərin peşəkar və mənəvi cəhətdən saf və təmiz niyyətdə olması vacibdir. Hər bir məmur komanda daxilində bu keyfiyyətləri nəzərə almalı və eyni prinsiplərlə iş aparmalıdır. Prezident çıxışında həmçinin bəzi hallarda məmurların xoşa gəlməz hərəkətlərə yol verdiyini vurğulamış, amma qeyd etmişdir ki, qanunsuzluqlara qarşı mübarizə aparılır və bu proses davamlıdır. Yeni vəzifələrə təyin olunan şəxslər həm tapşırıqları icra etməli, həm də idarəçilik islahatlarının tətbiqinə diqqət yetirməlidirlər".
O bildirib ki, xüsusilə Prezidentin səlahiyyətli nümayəndəliyi institutu yerlərdə idarəetmənin çevik və effektli olmasını təmin edir: "Bu institut, həmçinin islahatların icrasını nəzarət altında saxlayır və yerlərdə məmurların fəaliyyətinə effekti nəzarət imkanı yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və quruculuq işlərində bu model uğurla tətbiq edilmişdir. Prezidentin çıxışında vurğulanan digər məsələlər arasında urbanizasiya, miqrasiya və bölgələrdə infrastruktur problemləri də var. İnsanların iri şəhərlərə axını bölgələrdə iqtisadi və sosial təsir yaradır. Bu məsələlərin həlli üçün yerli icra hakimiyyətləri və aidiyyəti strukturlar ciddi addımlar atmalıdır".
Deputat, həmçinin mərkəzdən qanunsuz tapşırıqların verilməməsi, idarəetmənin şəffaf və vətəndaşların maraqlarına uyğun olmasının təmin edilməli olduğunu qeyd edib: "Qanunsuzluq halları baş verərsə, sərt şəkildə cəzalandırılacaq. Beləliklə, Prezidentin çıxışı göstərir ki, idarəetmədə islahatlar davamlıdır və yeni təyin olunan məmurların fəaliyyəti həm tapşırıqların icrasını, həm də idarəetmə sisteminin təkmilləşdirilməsini əhatə edir. Bu proses nəticə etibarilə həm xalqa xidmətin keyfiyyətini artırır, həm də idarəetmənin effektivliyini təmin edir".
Elmir Heydərli
12:44 13.11.2025
Oxunuş sayı: 3995