İclas başçılarının dəyişməsinin alt qatı: “Dövlət içində dövlət” formalaşdırmaq cəhdinə son qoyuldu
Müasir dünyada dövlətin davamlı inkişafı və dayanıqlı idarəçilik modeli ilk növbədə düzgün qurulmuş daxili siyasətdən və peşəkar kadr potensialından asılıdır. Hər bir islahatın, hər bir uğurun arxasında düşünülmüş strateji qərarlar, uzaqgörən liderlik və xalqın maraqlarına xidmət edən dövlətçilik fəlsəfəsi dayanır.
Son illərdə Azərbaycanda həyata keçirilən dərin islahatlar və struktur dəyişiklikləri ölkənin idarəçilik sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu islahatların əsas məqsədi — dövlət idarəçiliyində şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, cəmiyyətlə dövlət arasında inam və etimad mühitinin möhkəmləndirilməsidir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli kadr dəyişiklikləri, dövlət orqanlarında məsuliyyətin artırılması, korrupsiya və neqativ hallara qarşı sərt mübarizə — Azərbaycanın müasir idarəçilik modelini formalaşdıran əsas istiqamətlərdəndir. Bu siyasət həm ölkənin daxili sabitliyinin qorunmasına, həm də gələcəyə hesablanmış inkişaf strategiyasının həyata keçirilməsinə xidmət edir.
Mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Cənab Prezidentin atdığı və həyata keçirdiyi addımlar, həyata keçirilən kadr dəyişiklikləri dövlətin ümumi və daxili siyasətinin tərkib hissəsidir. Bu dəyişikliklər yeni şəraitin və mövcud çağırışların nəzərə alınması ilə həyata keçirilir. Uzun illər ərzində müəyyən çətinliklər mövcud idi və indi aydın görünür ki, bəzi şəxslər — məsələn, Ramiz Mehdiyev və onun ətrafı — müxtəlif yollarla proseslərə təsir göstərir, dövlət idarəçiliyinə mane olmağa çalışır, ikili siyasət yeridirdilər. Onlar sanki “dövlət içində dövlət” formalaşdırmaq cəhdinə girişmişdilər. Bütün bunlar kifayət qədər ciddi və ağır məsələ idi, bəzi hallarda kənardan idarə olunan proseslərə çevrilmişdi. Lakin Cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində bu vəziyyətə son qoyulmuş, sistemli islahatlar həyata keçirilməyə başlanmışdır. Prezidentin “Bundan sonra sizə Bakıdan, məndən başqa heç kim tapşırıq verməyəcək” fikri xüsusi əhəmiyyət daşıyır. Bu bəyanat göstərir ki, artıq idarəetmədə şəffaflıq, mərkəzləşmiş nəzarət və şəxsi məsuliyyət prinsipləri ön plana çıxır".

O bildirib ki, əvvəllər müəyyən qruplar, o cümlədən Ramiz Mehdiyev və onun tərəfdarları rayonlara, yerli icra orqanlarına, müxtəlif vəzifəli şəxslərə qeyri-rəsmi göstərişlər verir, idarəçiliyə müdaxilə edirdilər.
Siyasətçi bildirib ki, inndi isə yeni şəraitdə yeni kadr siyasətinə ehtiyac yaranmışdır: "Bu çərçivədə həyata keçirilən kadr dəyişiklikləri həm yenilənməyə, həm də mövcud kadrlara yeni şəraitə uyğun fəaliyyət imkanı verilməsinə xidmət edir. İslahatların əsas mahiyyəti kadr məsələsindədir. Əgər kadrlar dövlət başçısının tapşırıqlarını vicdanla, məsuliyyətlə və keyfiyyətlə yerinə yetirirlərsə, ölkədə vəziyyət də sabit və müsbət olacaq. Cənab Prezident dəfələrlə vurğulamışdır ki, vəzifə xalqa xidmət vasitəsidir. Bu, idarəetmənin əsas prinsipidir. Təəssüf ki, bəzi məmurlar özlərini xalqdan üstün tutur, insanlara biganə yanaşır, onların problemlərinə laqeyd qalırlar. Bu cür halların nəticəsində vətəndaşlar arasında narazılıq yaranır. Prezidentin də vurğuladığı kimi, hər bir məmur xalqın xidmətçisidir və xalqa xidmət onun əsas borcudur. Korrupsiya və rüşvətxorluq ölkəni içəridən zəiflədən, inkişafı ləngidən əsas bəlalardandır. Cənab Prezident bu məsələyə xüsusi diqqət yetirir və bu “virus”u aradan qaldırmaq istiqamətində ciddi addımlar atır. Bu da göstərir ki, qarşıdakı mərhələdə həm məmur-vətəndaş münasibətləri, həm də idarəetmə keyfiyyəti baxımından yeni şərait formalaşacaqdır".
A.Nağı söyləyib ki, hazırda icra başçılarından, nazirlərdən və digər qurum rəhbərlərindən narazılıq kifayət qədər çoxdur: "Buna görə də dövlət aparatında təmizlənmə və yenilənmə prosesi ciddi şəkildə aparılmalıdır. Bu istiqamətdə atılan addımlar artıq həmin islahatların ilkin mərhələsini və keyfiyyət dəyişikliyinə doğru yönəldilmiş iradəni göstərir. Cənab Prezidentin xarici siyasətdə əldə etdiyi nəticələr hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Qarabağın azad olunması, Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və çəkisinin artması ölkə rəhbərinin qətiyyətli və uzaqgörən siyasətinin bariz göstəricisidir. Azərbaycan artıq təkcə regionda deyil, qlobal miqyasda da söz sahibi olan bir dövlətə çevrilmişdir".
Partiya sədri bu uğurlar təkcə hakimiyyətin deyil, bütövlükdə Azərbaycan xalqının uğuru olduğunu qeyd edib: "Partiyaların, siyasi qüvvələrin fərqindən asılı olmayaraq, hər bir vətəndaş Azərbaycanın inkişafına sevinməli və bu siyasəti dəstəkləməlidir. Bu baxımdan, partiyamız da daxili siyasət çərçivəsində öz mövqeyini bu istiqamətdə nizamlayır, dövlətin həyata keçirdiyi islahatlara dəstək verir. Siyasi partiyalar üçün bərabər və sağlam rəqabət mühitinin yaradılması, media və digər platformalarda siyasi dialoqun təşkili daxili siyasətin vacib tərkib hissəsidir.Gələcəkdə atılacaq hər bir addım dövlətin və xalqın maraqlarına xidmət etməli, bu məqsədlə Prezidentin müəyyənləşdirdiyi strateji xəttə uyğun şəkildə həyata keçirilməlidir. Partiyamız bu siyasəti tam şəkildə dəstəkləyir və ölkənin inkişafı naminə bütün təşəbbüslərdə yaxından iştirak etməyə hazırdır".
Elmir Heydərli
12:07 13.11.2025
Oxunuş sayı: 3281