Konstitusiyamız xalqın firavanlığına xidmət edən ən mühüm sənəddir
12 noyabr tarixi müstəqil Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər il bu gün xalqımız tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. 1995-ci ilin məhz bu günündə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirən hüquqi baza yarandı.
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qısaömürlü
fəaliyyəti ərzində Əsas Qanunun qəbulu mümkün olmamışdı. Buna görə də, ölkənin
konstitusiya quruluşu tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf
edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan
Sovetlər Qurultayında qəbul edildi. 1925, 1927 və 1937-ci illərdə SSRİ-nin mərkəzi
qərarlarına uyğun olaraq yeni Konstitusiyalar və ya dəyişikliklər qəbul olundu.
1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu
Konstitusiyası qəbul edildi. Bu Konstitusiya layihəsinin hazırlanması zamanı
Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddəyə “Azərbaycan Sovet
Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” bəndinin daxil edilməsi
milli dövlətçilik baxımından tarixi əhəmiyyət kəsb edirdi. Həmin Konstitusiyaya
1995-ci ilədək çoxsaylı əlavə və dəyişikliklər edilmişdir, lakin onun müstəqillik
aktına zidd olmayan hissələri 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası qəbul edilənədək qüvvədə olmuşdur.
Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə ölkədə
yaşanan ağır siyasi, iqtisadi vəziyyət, xaos və parçalanma təhlükəsi Ümummilli
Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı. Məhz bu, dahi
rəhbərin uzaqgörənliyi və cəsarəti sayəsində ölkəni inkişaf yoluna çıxaran əsaslı
islahatlar proqramının mühüm tərkib hissəsi kimi yeni, milli Konstitusiyanın
hazırlanması zərurəti yarandı. Ulu Öndər Heydər Əliyev Konstitusiya layihəsinin
hazırlanması ilə bağlı demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə
bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının
demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas
Qanun, tarixi sənəd olsun.” Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən
hazırlanmış layihə 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin
91,9 faizinin dəstəyi ilə qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi.
Konstitusiyanın milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyətini nəzərə
alaraq, Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il 12
noyabr Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
1995-ci il Konstitusiyası müstəqil dövlət quruculuğu
prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan mükəmməl və mütərəqqi
sənəd oldu. Əsas Qanun ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
prosesinə hüquqi baza yaratdı, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.
Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına
həsr edilmişdir. O, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı
olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarını
geniş təsbit etdi. Əsas Qanunda həmçinin dövlətin müstəqilliyini, suverenliyini
və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail
olmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək
kimi strateji fəaliyyət istiqamətləri təsbit olundu. Hüquqi dövlət
quruculuğunun müasir meyillərini nəzərə alaraq, Konstitusiya ədalət mühakiməsi
orqanı olan Konstitusiya Məhkəməsinin yaradılmasını nəzərdə tutdu.
Konstitusiyanın sabit olması xarakterik cəhət olsa da,
cəmiyyətin sürətli inkişafı və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2002, 2009 və
2016-cı illərdə referendumlar yolu ilə Əsas Qanuna əlavələr və dəyişikliklər
edilmişdir. Bu dəyişikliklər insan hüquqlarının və azadlıqlarının daha səmərəli
təmin edilməsinə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin
işinin təkmilləşdirilməsinə yönəlmişdir. Xüsusilə, 2016-cı il dəyişiklikləri nəticəsində
idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu
yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi sənədin
əhəmiyyətini belə ifadə etmişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış
Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə,
xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə
söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl
yaratmışdır.”
Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirən, Azərbaycan xalqının firavanlığına xidmət edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması sayəsində Konstitusiyamızın bütün müddəaları bu gün ölkəmizin bütün ərazisində tətbiq olunur.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü
15:43 12.11.2025
Oxunuş sayı: 4377