Azərbaycan və Türkiyənin növbəti sınağı: Deputat təyyarə qəzasından danışdı
2025-ci il noyabrın 11-də baş verən faciəvi aviasiya hadisəsi regionda dərin sarsıntı və kədər doğurdu. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində təyyarə heyəti və hərbçilər arasında itkilər qeydə alınıb. Hadisə qardaş Türkiyə xalqı üçün ağır bir sınaq olmaqla yanaşı, bölgədəki təhlükəsizlik və humanitar əməkdaşlığın da aktuallığını bir daha gündəmə gətirdi.
Faciənin ardından Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana telefonla başsağlığı verərək, Azərbaycan xalqı və hökuməti adından dərin hüzn və həmrəylik ifadə edib. Nazir hadisə ilə bağlı başlatılan axtarış-xilasetmə tədbirlərinə Azərbaycanın bütün imkanları ilə dəstək göstərməyə hazır olduğunu bildirib. Bu mövqe təkcə diplomatik jest deyil, Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini müəyyən edən “bir millət, iki dövlət” prinsipinin təbii təzahürüdür.
Azərbaycanın hadisə ilə əlaqədar həm Türkiyə, həm də Gürcüstanın aidiyyəti qurumları ilə operativ təmas saxlaması, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlığa açıq mövqe nümayiş etdirməsi, regional humanitar və təhlükəsizlik məsələlərinə Bakının məsuliyyətli yanaşmasının göstəricisidir.
Eyni zamanda, Hakan Fidanın Azərbaycan tərəfinin başsağlığına və göstərilən dəstəyə görə minnətdarlığını ifadə etməsi iki ölkə arasında dərin etimadın və qarşılıqlı hörmətin bir daha təsdiqinə çevrildi. Bu hadisə göstərdi ki, Azərbaycan və Türkiyə münasibətləri sıradan müttəfiqlik çərçivəsini çoxdan aşaraq, həm tarixi, həm də mənəvi bağlarla möhkəmlənmiş strateji qardaşlıq modelinə çevrilib.
Hadisə təkcə faciəvi aviasiya qəzası deyil, həm də regional əməkdaşlıq, qarşılıqlı yardım və insanı həmrəyliyin aktuallığını bir daha ön plana çıxardı. Azərbaycan tərəfindən göstərilən dərhal reaksiya və dəstək bölgədə sabitliyin, dostluğun və humanitar dəyərlərin qorunmasına yönəlmiş ardıcıl siyasətin bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Təyyarə qəzası ilə bağlı tərəflər arasında davam edən koordinasiya barədə Milli Məclisin deputatı Tahir Rzayev Crossmedia.az-a danışıb: "Gürcüstan və Azərbaycan sərhədində Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması hər birimizi dərindən kədərləndirir. Bu ağır hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, onların yanında olduğumuzu bildiririk. Azərbaycan Prezidenti və müvafiq orqanlar bu kədərli hadisə ilə bağlı həmrəyliklərini ifadə etmiş, hadisələrin təkrarlanmaması üçün lazım olan dəstək və köməyi göstərməyə hazır olduqlarını bəyan etmişlər. Azərbaycan və Türkiyə qardaş, dost və can-bədən birliyi ilə bağlıdır. Bu faciə yalnız bir qardaşlıq borcu deyil, həm də iki xalqın birlikdə kədərini bölüşməsinin təzahürüdür. Tarix boyu Azərbaycan və Türkiyə xalqı xoş günlərdə olduğu kimi, kədərli və çətin anlarda da bir yerdə olub, bir-birini dəstəkləmişdir".
O, bildirib ki, xüsusilə hərbi dövr və təbii fəlakət zamanı, eləcə də digər mühüm hadisələrdə iki qardaş dövlətin bir-birinin yanında olması hər zaman qürurvericidir: "Bu birlik problemlərin həllinə dəstək olmaqla yanaşı, dünyaya güc və dostluq mesajı verir. Son zamanlarda Azərbaycanda keçirilən möhtəşəm parad zamanı Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın çıxışı, eyni zamanda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sözləri iki xalqın dostluğuna və qardaşlığına verdiyi önəmi bir daha nümayiş etdirdi. Təəssüf ki, bu, böyük bir qəza idi və müvafiq orqanlar tərəfindən səbəbləri araşdırılacaq. Biz isə ürəkdən kədərlənir, itkin düşən pilotların və ekipaj üzvlərinin ailələrinə baş sağlığı diləyirik. Allah qardaş Türkiyəni və bizi bütün bəlalardan qorusun".
Elmir Heydərli
12:48 12.11.2025
Oxunuş sayı: 4109