Azərbaycan FHN ehtiyac yaranacağı halda Gürcüstanda xilasetmə əməliyyatlarına cəlb ediləcək
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.
Crossmedia.az xəbər verir ki, telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.
Nazir K.Heydərov ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.
Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.
Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.
18:34 11.11.2025
Oxunuş sayı: 1046