Gənclərdə vətənpərvərliyin gücləndirilməsi strateji prioritetdir- Deputat
Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixində milli həmrəyliyin, vətəndaş birliyinin və xalq-iqtidar münasibətlərinin gücünü göstərən ən parlaq nümunələrdəndir. Prezident İlham Əliyevin sözlərinə görə, bu Zəfərin əsas amillərindən biri məhz vətəndaş həmrəyliyi, milli birliyimiz və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu baxımdan dövlət və cəmiyyət səviyyəsində müasir dövrdə bu dəyərlərin qorunması və möhkəmləndirilməsi ölkənin davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın hərbi, siyasi və mənəvi gücünün birləşməsi nəticəsində əldə olunan Qələbə, eyni zamanda, xalqın dövlətə olan etimadının və birliyinin simvoluna çevrilib.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a bildirib ki, gənclərin vətənpərvərlik ruhunda formalaşması bu gün dövlət siyasətinin əsas prioritetlərindəndir: "Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda bildirdi ki, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Zəfərimizin əsas amilləridir. Bu, dövlətin gənclər siyasətində atdığı addımların əhəmiyyətini bir daha göstərir. Müasir dövrdə vətənpərvərlik yalnız silaha sarılmaqla ölçülmür, eyni zamanda elm, mədəniyyət, yaradıcılıq və ictimai fəaliyyət sahələrində ölkəyə töhfə verməklə ifadə olunur”.
Ü.Həmzəyeva bildirib ki, son illərdə mədəniyyət siyasətində prioritet istiqamətlərdən biri gənclərin milli kimlik və vətənpərvərlik ruhunda formalaşmasıdır: "Dövlət tərəfindən təşkil olunan layihələrdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Mədəniyyət Nazirliyi, Gənclər Fondu, Heydər Əliyev Mərkəzi və digər qurumlar tərəfindən keçirilən müsabiqələr, mədəni marafonlar, “Vətənim Azərbaycan” festivalları gənclərin yaradıcı təşəbbüslərinin dəstəklənməsinə xidmət edir."
Parlamentari qeyd edib ki, teatr, kino və ədəbiyyat sahəsində yaranan əsərlər də gənclərin milli düşüncəsinin formalaşmasında mühüm rol oynayır: "Qarabağ müharibəsinə həsr olunmuş tamaşalar, sənədli filmlər, yazıçı və bəstəkarların Zəfər mövzusunda yaratdıqları əsərlər gənc nəslin tarixə, qəhrəmanlara və azadlıq ideyalarına marağını artırır. “Qarabağ hekayələri”, “Zəfər səsi”, “Şuşa – Qələbə simvolu” kimi layihələr, gənclərin yaradıcı prosesdə iştirakı və milli qəhrəmanların obrazlarının sənət vasitəsilə təbliği baxımından böyük əhəmiyyət daşıyır".
Ü.Həmzəyeva əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan mədəniyyət ocaqları — teatrlar, muzeylər, uşaq incəsənət məktəbləri, kitabxanalar — artıq yalnız bərpa layihəsi deyil, həm də milli yaddaşın dirçəldilməsi və vətənpərvərlik tərbiyəsinin simvoluna çevrilib: "Bu məkanlarda keçirilən sərgilər, poeziya axşamları, gənclərin iştirakı ilə plener və musiqi festivalları Azərbaycanın yeni mədəni yüksəliş dövrünün başlanğıcıdır".
Deputat qeyd edib ki, əsas məqsəd vətənpərvərlik hissini şüar olaraq deyil, gənclərin gündəlik həyat tərzinə çevirməkdir: "Gələcəkdə bu proses daha çox müasir texnologiyalar və rəqəmsal platformalar üzərindən həyata keçiriləcək. Gənclərin yaradıcılıq layihələrinin 'smart' formatda təqdim olunması, milli mədəniyyətin virtual sərgilər və onlayn tədbirlər vasitəsilə gənc auditoriyaya çatdırılması planlaşdırılır. Dövlətin mədəniyyət siyasəti, qeyri-hökumət təşkilatları və yaradıcı birliklərin təşəbbüsləri bir məqsədə xidmət edir — gənclərdə Vətənə məhəbbət, milli dəyərlərə sadiqlik və dövlətçilik ruhunu daha da gücləndirmək: "Çünki gənclik vətənpərvərlik duyğusunun daşıyıcısıdır, bu duyğu isə mədəniyyətin, incəsənətin, təhsilin və mənəviyyatın vəhdəti ilə formalaşır".
Mehriban Yariyeva
22:36 10.11.2025
Oxunuş sayı: 5687