Prezident İlham Əliyevin sülh siyasəti regionda yeni reallıqlar formalaşdırır – Deputat
Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin beşinci ildönümü təkcə hərbi zəfərin deyil, eyni zamanda bölgədə sülhə və sabitliyə doğru atılan qətiyyətli addımların da rəmzidir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti sayəsində regionda yeni reallıqlar formalaşmaqdadır.
Pakistanın Baş naziri Şahbaz Şərifin Bakıda keçirilən Zəfərin 5 illiyinə həsr olunmuş hərbi paradda səsləndirdiyi fikirlər də bu reallığın bariz göstəricisidir. O, çıxışı zamanı qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanı Ermənistanla sülhə aparan çətin yolda müdrikliklə istiqamətləndirib və bacarıqlı diplomatiya nəticəsində bölgədə sülhün təmin olunmasına nail olub.
Bu barədə Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev bölgədə yeni tarixi mərhələnin başlanğıcını elan edərək dayanıqlı sülh və inkişafın əsas prioritet olduğunu bəyan etmişdi:
“Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərlə başa çatdıqdan və torpaqlarımız azad olunduqdan sonra möhtərəm Prezidentimiz bütün dünyaya bəyan etdi ki, regionda yeni bir səhifə açılır. Bu səhifənin adı isə dayanıqlı sülh və inkişafdır. Halbuki, tarixən belə təşəbbüsləri adətən məğlub tərəf irəli sürür. Amma qalib dövlətin – Azərbaycan Prezidenti İlham Əliyevin sülh təklifi irəli sürməsi onun necə böyük dövlət xadimi olduğunu sübut etdi”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsləri təkcə Cənubi Qafqazda deyil, həm də beynəlxalq səviyyədə müsbət qarşılanıb:
“Dövlətimizin Başçısının geniş vizyonundan qaynaqlanan bu sülh səyləri dünyanın 2030 gündəliyinə və qlobal barış prosesinə böyük töhfədir. 8 avqustda Vaşinqtonda paraflanmış Sülh sazişinin mətni birbaşa möhtərəm Prezidentimiz tərəfindən hazırlanmışdır. Bu, Azərbaycanın bölgədə və beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir”.
M.İbrahimqızı əlavə edib ki, Prezident İlham Əliyevin humanist mövqeyi dünya liderləri tərəfindən də yüksək qiymətləndirilib: “ABŞ Prezidenti Donald Trampın “Siz müharibədə qalib gəlmişdiniz, niyə sonadək getmədiniz?” sualına cənab Prezidentin “Biz bizim olanı qazanmışdıq” cavabı, onun sülhə və ədalətə sədaqətini göstərdi. Bu cavab mütərəqqi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Prezident İlham Əliyevin sülhə yönəlik siyasəti bu gün konkret addımlarla özünü göstərir. Elə bu yaxınlarda Rusiyadan və Qazaxıstandan gətirilən taxıl yükünün Azərbaycan ərazisindən keçərək Ermənistana daşınmasına icazə verilməsi də bunun bariz nümunəsidir. Uzun illərdən sonra bu məhdudiyyətlərin aradan qaldırılması bir daha göstərir ki, sülh təkcə sözlə deyil, əməli işlərlə təsdiqlənir. Dövlətimizin Başçısı bu addımı ilə həm region dövlətlərinə, həm də beynəlxalq ictimaiyyətə nümunə oldu”.
Mehriban Yariyeva
21:18 10.11.2025
Oxunuş sayı: 1386