Qarabağın azadlığı bütün türk və islam dünyasının qürur mənbəyidir- Deputat
Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda səsləndirdiyi “Ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı” fikri, dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş müdafiə strategiyasının mahiyyətini əks etdirir. Müstəqillik illəri ərzində ordu quruculuğu prosesi dövlətin milli təhlükəsizlik konsepsiyasının mərkəzində dayanmış, bu sahəyə xüsusi diqqət və vəsait ayrılmışdır.
Prezidentin qeyd etdiyi kimi, güclü ordu və yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələrin yaradılması Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün qorunmasının əsas təminatına çevrilib. İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Qələbə də məhz bu sistemli və məqsədyönlü siyasətin nəticəsi idi.
Beləliklə, dövlət başçısının bu bəyanatı bir daha göstərir ki, ordu quruculuğu Azərbaycanın milli gücünün təməl sütunlarından biridir və bu istiqamətdə ardıcıl fəaliyyət gələcəkdə də prioritet olaraq qalacaq.
Ölkə başçısının fikirləri ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Vətən müharibəsində Zəfərin 5-ci ildönümünə həsr olunmuş Hərbi Parad növbəti dəfə Azərbaycanın gücünü göstərdi. Paradda Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikaların əlavə edildiyinin də şahidi olduq və bu texnikalar ilk dəfə məhz bu paradda nümayiş olundu. Parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi. Budəfəki paradda qardaş Türkiyə ilə Pakistanın da iştirakı növbəti birlik nümunəsi, həmçinin türk və islam dünyasına həmrəylik mesajı idi.
Qarabağın azadlığı bütün türk və islam dünyasının qürur mənbəyidir. 44 günlük savaşda mənəvi-siyasi dəstəklə Azərbaycanın yanında olan Ankara və İslamabad bu gün də bu dəstəyi davam etdirir. Cənab Prezidentin söylədiyi kimi, “bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin növbəti təzahürüdür”. Azərbaycan isə dost-qardaş dəstəyini hər zaman yüksək qiymətləndirir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin başlamasının əsas siyasi və hərbi səbəblərinə diqqət çəkdi. Bəyan etdi ki, uzun müddət davam edən danışıqların nəticə verməməsi müharibəni qaçılmaz edirdi. Bu vəziyyət sona qədər davam edə bilməzdi. Ermənistan isə öz xoşu ilə bizim tarixi torpaqlarımızdan çıxmaq niyyətində deyildi. Düşmənin havadarlarının da niyyəti bəlli idi – Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Heç şübhəsiz, Azərbaycan xalqı və dövləti bu işğalla barışa bilməzdi və barışmadı.
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə tam hazır idi. Biz həm hərbi, həm siyasi-iqtisadi, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən buna hazır idik.
Ali Baş Komandanın da söylədiyi kimi, biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik: “Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi””.
O bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, vətənpərvər gənc nəsil, xalq-iqtidar birliyi də qələbəmizi şərtləndirən əsas amillərdən biri idi: “Azərbaycan Silahlı Qüvvələri isə tam döyüş hazırlığı vəziyyətində idi. Dünyanın 50 ən güclü ordusundan biri kimi istənilən tapşırığın öhdəsindən gələ bilərdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” niyyətinə düşən Ermənistan ordusunu darmadağın etmək elə də çətin deyildi. Hər günü qələbə ilə yadda qalan 44 günlük Vətən müharibəsinin gedişi bunu bir daha təsdiqlədi. Beləliklə, Azərbaycan döyüş meydanında qalib gəlməklə bütün dünyada güclü dövlət, müzəffər xalq kimi tanındı və qəbul edildi. Azərbaycan şanlı Zəfərdən ötən 5 il ərzində daha da güclənib. Müharibənin qalibi olan Azərbaycan həm də sülhün qalibidir. İşğaldan azad olunmuş ərazilərimizin sürətli bərpası, Böyük Qayıdışın təmin olunması Azərbaycanın gücünün göstəricisidir”.
Deputat, həmçinin qardaş Türkiyənin Azərbaycanın Zəfərini Qafqazda davamlı sülhə gedən yolun məhək daşı kimi qiymətləndirdiyini qeyd edib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyini bildirdi. Dost Pakistan isə Azərbaycanın bu qələbəsini “suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi, ümid yeri” hesab edir. Beləliklə, Azərbaycan Zəfərin 5-ci ildönümündə növbəti yüksək səviyyəli hərbi parad təşkil etməklə hərbi-siyasi, eləcə də iqtisadi qüdrətini nümayiş etdirmiş oldu".
Elmir Heydərli
18:51 10.11.2025
Oxunuş sayı: 1603