Qarabağı oranı ömürlərində bir dəfə olsun belə görməyən gənclik azad etdi - Parlamentari
Müasir dünyada güc amili artıq təkcə hərbi qüvvə ilə ölçülmür. Qlobal siyasətdə baş verən proseslər, beynəlxalq münasibətlər sistemində formalaşan yeni reallıqlar dövlətlərdən həm düşünülmüş, həm də uzaqgörən qərarlar tələb edir. Gücün beynəlxalq hüququ üstələdiyi bir zamanda, təhlükəsizlik məsələlərinə sadəcə müdafiə prizmasından deyil, kompleks – siyasi, iqtisadi və ideoloji aspektlərdən yanaşmaq vacibdir.
Azərbaycan bu reallığı çoxdan dərk edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, iqtisadi dayanıqlığın gücləndirilməsi və Ordunun müasirləşdirilməsi siyasəti ölkəmizin milli təhlükəsizliyinin əsas sütunlarına çevrilib. Bu yanaşma təkcə hərbi potensialı artırmaq deyil, həm də sülhün davamlılığını təmin etmək məqsədi daşıyır. Çünki güclü ordu, ilk növbədə, sülhün qarantıdır.
Milli Məclisin deputatı Azər Badamov bütün bunlar barədə Crossmedia.az-a danışıb: "Dünyada baş verən müharibə və münaqişələr daha düşünülmüş, daha uzaqgörən yanaşma tələb edir. Bunun əsas səbəbi bir yandan beynəlxalq təşkilatların öz məqsəd və vəzifələrindən uzaq düşməsi, digər yandan gücün beynəlxalq hüququn norma və prinsiplərini üstələməsidir. Bu reallığı zamanında dərk edən aktorlar isə zənn edirəm ki, proseslərə bir addım öncədən qoşulurlar. Azərbaycan Prezidenti İlham Əliyev illər ərzində Azərbaycan Ordusunun arsenalını gücləndirmək istiqamətində ardıcıl addımlar atdı. Bu, bir tərəfdən güclü maliyyə resursu tələb edirdisə ki, bunun da öhdəsindən güclü iqtisadiyyat qurmaqla gəlindi. Digər yandan müasir silah-sursatla təmin olunmaq üçün bağlanılan müqavilələr düşünülmüş strategiya, uzaqgörən diplomatiya tələb edirdi. Azərbaycan Lideri buna nail oldu. Ordumuzun müasirləşdirilməsi kompleks yanaşmanın nəticəsində mümkün oldu. Burada həm də Ordunun şəxsi heyətinin əhval-ruhiyyə baxımından müsbətə köklənməsi vacib idi".
Deputat qeyd edib ki, ideoloji əsaslarla eynilə xalq da vətənpərvər ruhda yetişdirilirdi: "Heç təsadüfi deyil ki, Qarabağı oranı ömürlərində bir dəfə olsun belə görməyən gənclik azad etdi. Müdafiə xərclərimiz hər zaman ən böyük məbləğdə olur. Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, Zəfəri qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir”. İndiki reallıqlar prosesləri daha da çətiləşdirir. Sadəcə regional kontekstdən deyil, beynəlxalq rakursdan da hər addım, hər an, hər məqam düzgün dəyərləndirilməlidir. Hər şeydən öncə qeyd edim ki, milli təhlükəsizliyə kompleks şəkildə baxmalıyıq. Burada gücün sərt elementi qədər, yumşaq elementləri də nəzərə alınmalıdır. Azərbaycan dövləti bu işə belə yanaşır. Azərbaycan Ordusu Türkiyə ordu modeli üzərində qurulur. Türkiyə də NATO-nun üzvüdür. ABŞ, Fransa, Rusiya, Çin və Almaniya olmaqla Türkiyənin dünyanın aparıcı beş silah ixracatçısından biri olduğunu nəzərə alsaq, Azərbaycan ordusunun bu model üzərində qurulması həm Türkiyənin müdafiə sənayesinin qabaqcıl texnologiyasından yararlanmağımızdan, həm də yeni əməkdaşlıqlardan xəbər verir. Müdafiə Sənayesi Katibliyinin ən son təqdim etdiyi statistikaya əsasən Türkiyənin 2024-cü ildə müdafiə və aerokosmik ixracatı 7,2 milyard ABŞ dolları dəyərindədir. Belə bir Ordu ilə bütünləşməyimiz və bütövləşməyimiz olduqca zəruridir, həm də vacib mesajdır. Ordunun güclü olmasını dünya reallıqları diktə edir, lakin bizim diktəmiz və istəyimiz gücün istifadə olunması deyil, sülhün gətirilməsidir. Bir məqamı da mütləq vurğulayaq ki, Azərbaycan dövləti Ordusunu yeniləməklə, daha da güclü etməklə hansısa kəskin rəqabətin mərkəzində yer almaq yolunu tutmur".
Ayhan
16:02 10.11.2025
Oxunuş sayı: 4744