Hərbi parad uzun illər müzakirə olunacaq - Ekspert
8 Noyabr Zəfər Günündə Bakıda təşkil olunan hərbi parad Azərbaycan Ordusunun son illərdə keçdiyi inkişaf yolunu və hərbi modernləşmənin miqyasını bir daha nümayiş etdirdi. Parad, əslində, təkcə Zəfərin xatırlanması deyil, həm də Azərbaycanın bu gün regionda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik orduya sahib olduğu barədə dünyaya verilən aydın mesaj idi.
Hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil olunan ən yeni silahların nümayişi bir daha ölkəmizin hərbi qüdrətini aydın şəkildə ortaya qoydu.
Hərbi ekspert Üzeyir Cəfərov bu barədə Crossmedia.az-a danışıb: " Zəfər paradında nümayiş etdirilən hərbi texnika və silah-sursat bir daha göstərdi ki, Azərbaycan Ordusu nə 2020-ci ildəki, nə də 2023-cü ildəki ordudur. Bu, bütün dünyaya verilən açıq mesaj idi ki, Azərbaycan Ordusu daha da güclənib və inkişaf edib. Bu parad zamanı nümayiş olunan hərbi vasitələr həm yerli istehsal, həm də xaricdən əldə edilən modern texnika idi. Xüsusilə hava hücumundan müdafiə sistemləri, hərbi hava qüvvələri üçün Pakistandan və İtaliyadan alınan təyyarələr, yük təyyarələri, qırıcılar, eləcə də yeni nəsil raket və artilleriya qurğularının təqdim edilməsi onu göstərdi ki, Azərbaycan Ordusu bu gün Cənubi Qafqazda ən üstün imkanlara malik gücdür. Silahlı Qüvvələrimiz müasir dövrün, yəni XXI əsrin döyüş tələblərinə uyğun şəkildə təchiz olunub”.

Ü.Cəfərovun sözlərinə görə paradda xüsusilə Xüsusi Təyinatlı Qüvvələrin geniş şəkildə keçidi diqqət çəkdi: “Çünki müasir müharibələrdə həlledici rol çox vaxt məhz komando və xüsusi təyinatlı birləşmələrin üzərinə düşür. Bu dəfə biz təkcə Müdafiə Nazirliyinin deyil, həm də Fövqəladə Hallar Nazirliyinin, Strateji Obyektlərin Mühafizəsi Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarını bir arada gördük. Xüsusilə də Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlıları və Çevik Hərəkat Qüvvələrinin Vətən Müharibəsində göstərdiyi nəticə dünya hərb tarixində nadir rast gəlinən hadisələrdən hesab olunur. Onların paradda nümayiş etdirilməsi həm region ölkələrinə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə jasədli mesaj idi. Bu, Azərbaycanın artan hərbi gücünün, döyüş hazırlığının və Silahlı Qüvvələrin ölkənin ərazi bütövlüyünü bundan sonra da qorumağa tam hazır olduğunun göstəricisidir”.
Ekspert bildirib ki, Zəfər paradı uzun illər müzakirə olunacaq: “ Orada təqdim olunan yeni silah və texnikalar həm Ermənistan, həm də ona havadarlıq edən dövlətlər tərəfindən ciddi analiz predmetinə çevriləcək. Artıq Rusiya televiziyalarında və media məkanında bu mövzu geniş müzakirə olunur. Lakin kimin nə düşünməsindən asılı olmayaraq, bu Azərbaycanın müstəqil seçimi və suveren hüququdur. Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bu yoldan geri dönməyəcək və hərbi modernləşdirmə prosesi ardıcıl şəkildə davam etdiriləcək”.
Türkanə Məşədiyeva
14:22 10.11.2025
Oxunuş sayı: 5133