Tatarıstanın ölkəmizdəki nümayəndəliyində Zəfər Günü qeyd olunub
RF Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəliyi milli birliyin, qəhrəmanlığın və Vətənə qarşı qürurun rəmzinə çevrilmiş Zəfər Gününə həsr olunmuş “Zəfər nəğmələri” adlı təntənəli tədbir keçirib.
Crossmedia.az xəbər verir ki, bayram tədbiri Azərbaycandakı tatar diasporunun Ağsaqqallar Şurası tərəfindən, tatar ictimai təşkilatlarının dəstəyi və Azərbaycan Respublikasındakı Tatarıstan nümayəndəliyinin köməyi ilə təşkil olunub.
Tədbir Qarabağ müharibəsi veteranlarının təntənəli yürüşü ilə başlayıb və onlar Qələbə rəmzlərini alqışlar sədaları altında daşıyıblar.
Həlak olan qəhrəmanların xatirəsinə bir dəqiqəlik sükut elan edilib, onların ruhlarına dualar oxunub.
Qürur və birlik ab-havasında keçirilən tədbirdə qazilər, hərbçilər, dövlət nümayəndələri və ictimai, elm, mədəniyyət, incəsənət xadimləri və gənclər iştirak ediblər.
Hərbi orden və medallar qəhrəmanların sinələrində parıldayıb, qonaqlar isə iki qardaş xalqın dostluğunun və qarşılıqlı hörmətinin rəmzi olan Azərbaycan və Tatarıstanın Dövlət bayraqlarını əllərində tutublar.
Konsertin ən yaddaqalan məqamlarından biri də Birinci Qarabağ müharibəsi veteranları Nail Bektimirov, Rafiq Səlimov və Albert Menyayevin çıxışları olub.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, tatarəsilli, Qarabağ veteranları haqqında tədqiqat və məqalələrin müəllifi Aypara Rüstəmova çıxışında Azərbaycan ilə Tatarıstan arasındakı dostluğun hər il daha da möhkəmlənməsindən və qəhrəmanların xatirəsinin xalqın qəlbində əbədi yaşayacağından məmnunluq ifadə edib.
Vokalist İlham Həmidov, “Lalə” (K. Nasıri Mərkəzi), “Ak kalfak”, “Tuğan tel”, “İqray, qarmon” ansamblları, “Yalkın” rəqs qrupu və bir çox digər sənətçilər bayram tədbirində çıxış ediblər. Onların ifasında “Azərbaycan”, “Qarabağ”, “Yaşa, Azərbaycan!” və “Min yaratam sinə, Tatarıstan!” mahnıları, eləcə də mənəvi birliyi və qarşılıqlı anlaşmanın rəmzi olan tatar, Azərbaycan və rus dillərində şeir və musiqi nömrələri səslənib. Gənc Mədinə Hüseynova Qələbə, qürur və Vətənə sevgi ruhunu çatdıran “Şuşanın dağları” rəqsini ifa edib.
Tədbir çərçivəsində Azərbaycanın Vətən müdafiəçilərinin şücaət və qəhrəmanlığını əks etdirən “Qəhrəmanlarımız” fotosərgisi açılıb.
Qarabağ müharibəsi qaziləri konsertin əla təşkilinə, onlara göstərilən diqqətə və tarixi yaddaşın qorunmasına görə minnətdarlıqlarını bildiriblər.
13:36 09.11.2025
Oxunuş sayı: 1455