33 ildən sonra Milli Qəhrəman adı alan pilotun həyat hekayəsi
Qarabağ müharibəsinin qəhrəmanlarından biri, 1992-ci ildə şəhid olmuş baş leytenant Vaqif Qurbanov ölümündən 33 il sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edilib. İctimai Televiziya şəhid pilotun ailə üzvləri və yaxınları ilə görüşərək onun barəsində süjet hazırlayıb.
Crossmedia.az xəbər verir ki, Qurbanovun ailəsi bu xəbəri Zəfər bayramı ərəfəsində alıb.
Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlarkənd kəndindəndir. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini tamamladıqdan sonra SSRİ Hərbi Hava Qüvvələrində xidmət edib.
O, Əfqanıstan müharibəsi dövründə “Su-25” hücum təyyarələri ilə təchiz olunmuş Sitalçay Aviasiya polkunda zabit kimi fəaliyyətə başlayıb. Daha sonra isə Azərbaycanda yerləşən hərbi aviasiya alaylarında xidmətini davam etdirib. Gəncə, Yevlax və Kürdəmir istiqamətlərində hərbi alayların yaradılmasında yaxından iştirak edib.
Bu qəhrəmanlıq hekayəsi təkcə arxivlərdən deyil, illərdir onun yolunu ürəyində daşıyan ailə üzvlərinin xatirələrindən də danışır. Onlar o günləri belə xatırlayırlar..
Şəhid pilotun qızı Sevinc Qurbanova atasını heç görmədiyini deyib. Onun sözlərinə görə, atası şəhid olanda o 4 aylıq olub:

“Təəssüf ki, mən atamı heç görməmişəm. Çünki onda 4 aylıq idim. Atalıq nədir, onu heç bilmirəm, o hissi başa düşmürəm. Uşaq vaxtı başqa uşaqlar “ata” deyəndə içimdə qəribə bir sızıltı olurdu. Çox istəmişəm ki, mənim də atam yanımda olsun”.
Şəhid Vaqif Qurbanov həyatını vətən uğrunda fəda edib. İndi isə vətənə əmanət etdiyi 4 aylıq qızı Sevinc onun yolunu uğurla davam etdirir:
“Uşaqlıqdan həmişə arzum olub ki, onun yolunu davam etdirim. Çünki o, mənim yeganə atamdır. Həmişə qəlbimdə qəhrəman kimi yaşayıb. Qızlar üçün atası hər zaman qəhrəmandır, amma mənim atam mənim üçün başqa cür, xüsusi bir qəhrəmandır. Ona görə də onun yolunu davam etdirmək hər zaman arzum olub”.
Vaqif Qurbanovun həyat yoldaşı Nəzakət Qurbanova bildirir ki, şəhidlə cəmi bir il ailə həyatı sürüblər:

“Vaqif çox az müddət bizimlə oldu. Qızımız Sevinci qucağına cəmi bir neçə dəfə ala bilmişdi. Sonuncu dəfə may ayında evə gəlmişdi və iyunda yenidən dönəcəyini demişdi. Lakin iyun ayında onun şəhid xəbəri gəldi.”
Baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin ən gərgin çağında keçmiş sovet aviabazasından Su-25 təyyarəsini qaçırmaqla yadda qalıb. Dostu Zahid Kərimov bildirib ki, o, Rusiya bazasında xidmət edirdi:

“Həmin təyyarəni oradan qaçırıb Azərbaycan torpaqlarına gətirdi. Təyyarə ilə döyüşlərə qatılırdı. Yeri bəlli olmasın deyə müxtəlif aerodromlardan uçuşlar edirdi və 5 döyüş uçuşu həyata keçirmişdi.”
Əmisi oğlu İlqar Qurbanovun sözlərinə görə, Vaqif Qurbanovun idarə etdiyi təyyarə Əsgəran istiqamətində düşmənin müdafiə xəttinin yarılmasında əsas rol oynayıb:

“13 iyun günü saat 07:55-də havaya qalxdı. Mən də dərhal müşahidə nöqtəsinə getdim. Saat 08:21-də əlaqə kəsildi. Təyyarəni vurdular. Ona görə ki, o, ikinci dəfə geri qayıdıb döyüş mövqeyinə getmişdi.”
Digər əmisi oğlu Canpolad Qurbanov da qeyd edib ki, onun getməsinə icazə vermirdik:

“ Axırıncı uçuşuna qoymurduq getsin. Qohum, qonşu hamı danışırdı. Amma o dedi: ‘Yox, 9 dəqiqəyə qayıdacam’. O gedən, getdi. Sonra bir çoban gəlib dedi ki, təyyarə vurulub. Ağdam tərəfdə qamışlığın üstünə doğru düşüb. Paraşütlə yerə enəndə ayağı qırılıbmış. Onu maşına qoyub aparıblar. O gündən ondan xəbər çıxmadı”.
25 yaşlı şəhid pilotun nəşi bu günə qədər tapılmayıb. Vaqif Qurbanovun adı bu gün təkcə ailəsinin yaddaşında deyil, Azərbaycanın hərb tarixində də qəhrəmanlıq nümunəsi kimi yaşayır. Onun döyüşlərdə göstərdiyi cəsarət, vətən uğrunda həyatını qurban verməsi və şəhidliyindən 33 il sonra belə qiymətləndirilməsi, mübarizənin zamanla ölçülmədiyini bir daha göstərir. Allah rəhmət etsin!
Türkanə Məşədiyeva
13:04 09.11.2025
Oxunuş sayı: 1863