Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə tələsmir
Azərbaycan Qəzza ilə bağlı yaranmış mürəkkəb geosiyasi vəziyyət fonunda öz mövqeyində ehtiyatlı və balanslı qalır. Qəzza zolağında İsrail və HƏMAS arasında davam edən hərbi əməliyyatlar hələ də regionda təhlükəsizlik risklərini yüksək səviyyədə saxlayır. Azərbaycan İsrail və HƏMAS arasında Qəzzada döyüşlər tam dayanmadığı müddətdə ora sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planı çərçivəsində Vaşinqton Azərbaycan, İndoneziya, BƏƏ, Misir, Qətər və Türkiyə ilə təxminən 20 min hərbçidən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrində iştirak məsələsini müzakirə edir.
“Biz öz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız hərbi əməliyyatlar tam dayandıqdan sonra mümkün ola bilər”, – deyə XİN-dəki mənbə bildirib.
O əlavə edib ki, belə bir qərar qəbul olunacağı təqdirdə bu məsələ parlament tərəfindən təsdiq olunmalıdır.
Xatırladaq ki, Bakı hələ də yekun qərar verməyib. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: hər hansı iştirak yalnız BMT Təhlükəsizlik Şurasının qərarına əsaslanmalı, beynəlxalq legitimlik və dəqiq mandat təmin edilməlidir.
Türkanə Məşədiyeva
10:26 08.11.2025
Oxunuş sayı: 1431