Ceyhun Bayramov: İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi
Xarici işlər naziri Ceyhun Bayramov 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın hazırlanması prosesinə dair bir neçə detalı açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib ki, Azərbaycan Prezidenti danışıqlar nəticəsində israrla nail oldu ki, üç rayondan – Laçın, Kəlbəcər və Ağdamdan dəqiq çıxma tarixi, Üçtərəfli bəyanatın müddətli olması (növbəti beş il müddətinə uzadılmama barədə qərar qəbul etdilər) və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması tələbləri sənədə daxil edildi.
"Orada məhz "erməni" sözü işlədildi ki, sonra bizlə söz oyunu oynamasınlar. Bu əsasda biz sonradan onların Üçtərəfli Bəyanatı pozduqlarını açıq və rahat şəkildə sübut etdik", - nazir deyib.
Nazir hesab edir ki, müharibənin başa çatması zamanı Üçtərəfli Bəyanatı imzalamaq ən uyğun seçim idi:
"Çünki bu olmasa, çox fərqli ssenarilər ilə üzləşə bilərdik. Məsələn, Kəlbəcər və Laçının müdafiəsini bilavəsitə Ermənistan ərazisindən təmin etmək olar, çünki Ermənistanla sərhəddir və biz həmin əraziləri azad edərkən mülkilər də vurula bilərdi. Ermənistan KTMT üzvüdür. Biz həmin əraziləri silahla azad etsəydik, nə qədər itkilər verəcəkdik. Əgər biz sülhməranlıların yerləşdirilməsinə razı olmasaq, dünyada çox təhlükəli ittihamlarla üzləşəcəkdik. Həmin dövr üçün üçtərəfli bəyanat ən doğru seçim idi".
22:50 07.11.2025
Oxunuş sayı: 1295