Ceyhun Bayramov: Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi
İkinci Qarabağ müharibəsi zamanı gərginlik baxımından Moskva görüşü digərlərindən fərqlənirdi.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.
Nazir xatırladıb ki, 2020-ci il oktyabrın 8-də Rusiya tərəfi Ermənistanla danışıqların keçirilməsini təkidlə təklif etdi:
"Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, Rusiya XİN başçısı Lavrov tərəflərə sənəd təqdim etdi. Sənəd cəmi bir neçə maddədən ibarət idi. Oktyabrın 10-a keçən gecə bütün hərbi əməliyyatların dayandırılması, təmasın şərq hissəsində Rusiya sülhməramlıları və Azərbaycan ordusu, təmas xəttinin qərbində isə yenə Rusiya sülhməramlılarının və Ermənistan ordusunun yerləşdirilməsi təklif olunurdu".
C.Bayramovun qeyd edib ki, ərazinin boşaldılması və sair nəzərdə tutulmurdu:
"Bu o demək idi ki, məsələ tam dondurulsun və bundan sonra heç nə artıq baş verə bilməz. Biz öz mövqeyimizdən çıxış edərək bildirdik ki, Ermənistanla danışığa hazırıq, Ermənistan ərazidən nə vaxt çıxacağını göstərsin. Sənədə Ermənistan da etiraz etdi".
Nazir xatırlayır ki, danışıqlar bir neçə saat çəkdi və mövqelərdə heç bir tərpəniş yox idi. Onun sözlərinə görə Lavrov müəyyən məqamda bir manevr edib bildirib ki, dünən liderlərin danışığı olub, o məlumatlıdır, siz isə onlardan bir qədər fərqli görünürsünüz:
"Biz isə buna cavab olaraq fasilə istədik ki, öz daxilimizdə müzakirəyə ehtiyac var. Onlar bizə yer ayırmaq istədilər. Lakin biz öz səfirliyimizə getmək istədik, Ermənistan isə danışıqlar olan məkanda qaldı. Biz səfirliyimizdə müəyyən kanallarla əlaqə saxladıq, cənab Prezidentin təlimatlarını aldıq və addımlarımızı hazırladıq. Danışıqlara qayıdanda Rusiya Prezidenti Putin, Şoyqu zəng edən zaman Lavrov otaqdan çıxırdı. Biz danışıq zamanı mövqemizdən çəkinməyəcəyimizi bildirdik".
C.Bayramov bildirib ki, nəticəni həmin gün əldə etmək onlar üçün çox önəmli idi.
"Biz isə bildirdik ki, danışığa sabah da davam edə biıərik. Biz orada olanda Hadrutun işğaldan azad edildiyi elan olundu. Bu bizə xəbər verildiş. Bundan 15 dəqiqə sonra Ermənistan nümayəndə heyətində təşviş gördük. Bu günün maraqlı məqamı idi. Biz orada onlara da Hadrutun azad olunduğunu dedik, çünki Ermənistan tərəfi 5+2 formatı (işğal altında olan 7 rayondan Kəlbəcər və Laçın istisna olmaqla beşinin dərhal azad edilməsi) təqdim edəndə, biz bunun işləmədiyini dedik. Bildirdik ki, artıq Cəbrayıl və Hadrut azad olunub".
22:27 07.11.2025
Oxunuş sayı: 1400