Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar Tailandda rəsmi qəbul keçirilib
Azərbaycanın Tailanddakı səfirliyi 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Banqkokda rəsmi qəbul keçirib.
Crossmedia.az xəbər verir ki, qəbulda Tailand Krallığı Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkənin ictimai-siyasi və işgüzar dairələrinin nümayəndələri, media təmsilçiləri, diplomatik nümayəndəliklərin başçıları, habelə Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Azərbaycan və Tailandın Dövlət himnləri səsləndikdən sonra səfir Elçin Bəşirov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin ölkəmizin tarixindəki müstəsna yerindən bəhs edib. O bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi və hərbçilərimizin şücaəti sayəsində əldə edilmiş tarixi Zəfər nəticəsində Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa olunaraq beynəlxalq hüquq və ədalətin təntənəsi təmin edilib.
Səfir E.Bəşirov Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma prosesində əldə edilmiş tərəqqi, habelə işğaldan azad edilmiş ərazilərimizdə aparılan minatəmizləmə fəaliyyəti və genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat verib. O, həmçinin ölkəmizdə hər il 9 Noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu bildirib və üçrəngli Bayrağımızın hazırda işğaldan azad edilmiş ərazilərimizdə dalğalandığını vurğulayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 30-cu ildönümü və Zəfərin 5-ci ildönümü ilə əlaqədar olaraq 2025-ci ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayan diplomat 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini və bütün azad edilmiş ərazilərdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərqərar olunduğunu bildirib.
Tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.(AZƏRTAC)


21:04 07.11.2025
Oxunuş sayı: 1074