Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərinin 2020-ci ildə işğaldan azad olunması ilə bağlı xalqa müraciətini əks etdirən videoçarx, ardınca isə doğma torpaqlarımıza qayıdışdan bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən agentliyin sədri Elnur Bağırov 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin Azərbaycan xalqının milli həmrəyliyinin, birliyinin və əzminin parlaq təzahürü olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyi ilə əldə olunan bu Zəfərin ölkəmizin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdiyini xüsusi vurğulayıb. Bundan əlavə, hazırda Agentlikdə və onun tabeliyində olan qurumlarda çalışan 23 Vətən müharibəsi iştirakçısının ölkə rəhbərinin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunduğu diqqətə çatdırılıb.
Daha sonra xalqımızın şanlı Zəfər salnaməsinə çevrilən hadisələrin şahidi olan Vətən müharibəsi iştirakçıları - hazırda agentliyin və onun tabeliyində olan qurumların əməkdaşları Yusif Quliyev, Nurlan Məmmədov və Nicat Yunisli həmin günlərin qürurunu yaşayaraq keçdikləri döyüş yolundan bəhs edib, şəhid silahdaşlarının əziz xatirələrini ehtiramla yad ediblər.
00:34 08.11.2025
Oxunuş sayı: 1184