AMEA ilə bir sıra ölkələrin Elmlər akademiyaları arasında anlaşma memorandumları imzalanıb
Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində AMEA ilə bir sıra ölkələrin Elmlər akademiyaları və akademik qurumları arasında anlaşma memorandumu imzalanıb.
AMEA-dan Crossmedia.az-a bildirilib ki, imzalanma mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin binasının tarixi barədə qonaqlara məlumat verib, binanın Türk dünyası üçün önəminə toxunaraq Birinci Türkoloji Qurultayın 1926-cı ildə məhz bu binada keçirildiyini söyləyib.
Akademik İsa Həbibbəyli son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin genişləndiyini, AMEA-nın 80 illik tarixində ilk dəfə nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunduğunu söyləyib. AMEA rəhbəri ötən müddət ərzində AMEA ilə Gürcüstan, Qazaxıstan, Türkmənistan, Bolqarıstan, Monteneqro Elmlər akademiyaları, TÜRKSOY, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Çinin Hebey Sosial Elmlər Akademiyası, Kore Akademiyası və Vyetnam Sosial Elmlər Akademiyası ilə birgə aparılan layihələr, həmçinin gələcəkdə nəzərdə tutulan birgə tədqiqatlar barədə məlumat verib.
Sonra çıxış ətrafında fikir mübadiləsi aparılıb, birgə layihələr nəticəsində ərsəyə gəlmiş nəşrlər qonaqlara təqdim olunub.
Daha sonra AMEA ilə İtaliya Milli Elmlər Akademiyası, AMEA ilə Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası, həmçinin AMEA ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında anlaşma memorandumları imzalanıb.
Sənədi AMEA tərəfdən akademik İsa Həbibbəyli, İtaliya tərəfdən İtaliya Milli Elmlər Akademiyasının üzvü professor Roberto Zelli, Qazaxıstan tərəfdən Qazaxıstan Prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Askar Cumaldidayev, DAAB tərəfdən isə Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev imzalayıblar.
Sonda çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, imzalanmış sənədlər əlaqələrimizin genişlənməsinə, birgə yeni layihələrin həyata keçirilməsinə və birliyimizin möhkəmlənməsinə xidmət edəcək.




19:15 04.11.2025
Oxunuş sayı: 1042