Ermənistanda kilsə kanalının yayımının dayandırılması mübahisə doğurub
                                            Ermənistan Televiziya və Radioyayım Komissiyasının sədri Tiqran Akopyan “Şoğakat” kilsə kanalının ictimai multipleksdən çıxarılması layihəsi ilə razılaşmadığını bildirib. O, yerli mediaya açıqlamasında qeyd edib ki, layihənin müəllifi bu məsələdə təkcə onun deyil, komissiyanın digər üzvlərinin də eyni fikirdə olmadığını bilir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Bu məsələni daha effektiv və düzgün şəkildə həll etmək mümkün idi”, – deyə Akopyan bildirib.
O, həmçinin xatırladıb ki, 2020-ci ildən qüvvədə olan qanuna əsasən, “Şoğakat” artıq “ruhani-mədəni” deyil, “mədəni-maarifləndirici” kanal statusuna malikdir. Bu səbəbdən dini və mənəvi məzmunlu proqramlar belə kanallarda yayımlanmamalıdır, çünki onlar çox vaxt təhsil və mədəniyyətlə əlaqəsiz olur.
Akopyanın sözlərinə görə, “Şoğakat” qanun qəbul edildikdən sonra öz fəaliyyət istiqamətini dəyişməyib və bu da indiki vəziyyətə gətirib çıxarıb.
“Əgər ‘Şoğakat’ qanunla nəzərdə tutulan missiyasını və öhdəliklərini yerinə yetirsəydi, məsələ bu həddə çatmazdı. Mən hesab edirəm ki, dini kanalda eyni anda həm Tanrı missiyasından danışmaq, həm də siyasi məzmun yayımlamaq doğru deyil. Bu uzun sürə bilməzdi və bunu tamaşaçılar da fərq etdilər”, – deyə Akopyan əlavə edib.
Mehriban İbrahimli
15:12 04.11.2025
Oxunuş sayı: 1316