Dünyada davam edən iqtisadi kataklizmlər: Azərbaycanı nə gözləyir? - Professor
İnsan sivilizasiyasının bütün inkişaf mərhələləri enerji ilə sıx bağlı olmuşdur. Əvvəllər insan gücü və təbiət qüvvələri ilə məhdudlaşan enerji anlayışı zaman keçdikcə elm və texnikanın nailiyyətləri sayəsində daha geniş mənalar kəsb etmişdir. Müasir dünyada enerji yalnız maddi istehsalın deyil, həm də intellektual, sosial və ekoloji tərəqqinin əsas dayaqlarından biri sayılır. Bu səbəbdən enerji resurslarının tükənməsi və onların ətraf mühitə mənfi təsirləri bəşəriyyət qarşısında ciddi çağırışlar yaratmışdır.
Belə bir şəraitdə daxili enerji mənbələrinin öyrənilməsi və onlardan səmərəli şəkildə istifadə edilməsi xüsusi aktuallıq qazanmışdır. Daxili enerji maddələrin daxili quruluşunda, molekulların və atomların hərəkətində gizlənmiş bir qüvvə kimi mövcuddur. Bu enerji forması təbiətin dərin qatlarında baş verən proseslərin mahiyyətini anlamağa, həm də müxtəlif sahələrdə – kimya, fizika, mühəndislik və ekologiyada – tətbiq imkanlarını araşdırmağa şərait yaradır.
Elm sübut edir ki, hər bir cismin daxilində gizlənən enerji potensialı onun vəziyyətinə, temperaturuna və daxili quruluşuna görə dəyişir. Bu baxımdan daxili enerji mənbələrinin tədqiqi təkcə nəzəri deyil, həm də praktik əhəmiyyət daşıyır. Çünki bu biliklər əsasında yeni texnologiyaların yaradılması, enerji itkilərinin azaldılması və təbiətə dəyən ziyanın minimuma endirilməsi mümkündür.
Beləliklə, daxili enerji mənbələrinin mahiyyətinin öyrənilməsi həm elmi inkişafın, həm də ekoloji tarazlığın qorunmasının vacib tərkib hissəsidir. Bu mövzuya müraciət etməklə biz enerjinin yalnız xarici deyil, eyni zamanda daxili mənbələrinin insan həyatındakı rolunu, onun təbiətlə vəhdətini və gələcək inkişaf perspektivlərini dərk etməyə çalışırıq.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"NATO-nun baş katibi Mark Rutte son açıqlamasında deyib ki, NATO ölkələrinin ümumi iqtisadi gücü Rusiyadan 25 dəfə çoxdur və bu arqument kimi hərbi üstünlüyün dəfələrlə çox olduğunu göstərir. Amma bu rəqəmlər tam real deyil, biz bunu yuxarıda izah etdik.
Real qiymətlər isə alıcı gücü pariteti ilə ölçülür. Bu fərq 25-dən təxminən 7-yə düşür. Yəni bunu belə götürmək lazımdır.
Burada maraqlı bir məqam var. Qərb ölkələrində hərbi sursat istehsal edən şəxsi, özəl nəhəng şirkətlərdir. Onlar istehsal etdikləri silahları kommersiya qiymətləri ilə hökumətə satırlar. Təbii ki, hərbi istehsalatda qazanc faizi adi mülki istehsaldan 3-5 dəfə çox olur.
Yəni bu sahə şişirdilmiş formada – bazar iqtisadiyyatı prinsipləri ilə işləyir. Məsələn, adi elektrolampanın mağaza qiyməti 1 dollardırsa, hərbi istehsalda istehsal olunan eyni məhsul daha keyfiyyətli olsa da, qiyməti 3-5 dəfə baha olur.
Yəni qərbdə istənilən hərbi məhsul baha satılır. Dünyada əgər bir neçə növ biznes varsa ki, ən çox gəlir gətirir, onlardan biri – bəlkə də birincisi – məhz hərbi istehsaldır. Burada küllü miqdarda əlavə, “super” gəlirlər var.
Professor Rusiyada isə vəziyyətin fərqli olduğunu bildirib:
"Dövlət özü bütün hərbi sursatları istehsal edir. Bəli, orada da kifayət qədər korrupsiya, oğurluq və mənimsəmələr var. Amma qərbdə istehsal olunan istənilən hərbi məhsul Rusiyadakı analoqundan ən azı iki dəfə bahadır.
Bunu nəzərə almaq lazımdır. Bəli, ilk baxışdan Rusiyanın iqtisadi qüdrəti zəif görünə bilər. Mən hər zaman qeyd etmişəm: on mənbəyə baxırsan – hər birində müxtəlif rəqəmlər göstərilir. Bu fərqlər bəzən metodologiyadakı fərqlərdən, real kurslardan, real qiymətlərdən qaynaqlanır. Amma fərq 25-30%-i keçməməlidir.
Yadınızdadırsa, bundan əvvəlki “dünya borclanması” ilə bağlı təhlildə mən 16-17 mənbədən rəqəmlər götürmüşdüm. Orada da üç dəfəyə qədər fərqlər müşahidə olunurdu. Bir mənbə dünyanın ümumi borcunu 115-120 trilyon dollar göstərirdisə, digəri 330 trilyon dollar qeyd edirdi.
Bu qədər fərq ya düzgün hesablamadan, ya da metodoloji uyğunsuzluqlardan yaranır. Halbuki statistika sırf riyaziyyatdır və bu qədər fərq verməməlidir.
Xülasə, belə fərqlər olduğuna görə biz daha çox göstəriciləri dövlət büdcəsinə və ya ÜDM-ə (Ümumi Daxili Məhsul) nisbətdə götürürük. Onda rəqəmlər nisbətən real olur.
Rusiyanın ümumi iqtisadi gücü təxminən iki trilyon dollardır. Müqayisə üçün deyək ki, yalnız ABŞ-nin bir ştatı olan Kaliforniyanın ÜDM-i 2,3 trilyon dollardır. Yəni bütün Rusiyanın iqtisadi gücü bir Kaliforniya ştatına bərabərdir. Düzdür, Kaliforniya ən güclü və nəhəng ştatdır, amma bu müqayisə vəziyyətin miqyasını göstərir.
Burada başqa amillər də var. Tarix analogiyanı sevmir, qəbul etmir, amma baxın – son 1000 ildə Rusiya daim müharibə aparıb. Müharibələr arasındakı fasilələr də get-gedə qısalıb. Əgər əvvəllər bu fasilələr 25-40 il idisə, indi get-gedə azalır.
Bəzi mənbələrdə yazılır ki, planetin yeraltı və yerüstü resurslarının 27%-i Rusiyadadır, bəzilərində isə 40%-ə qədər göstərilir. Ortalama götürsək, 32-33%-i Rusiyanın payına düşür. Bu da onu göstərir ki, Rusiyanın uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər iqtisadi potensialı var".
Müsahibimiz xatırladıb ki, tarixən bu xalq daima müharibələr aparıb: "Rusiya torpaq itkisini yalnız Alyaskada yaşayıb – o da 7,6 milyon dollara ABŞ-a satılan ərazi idi. Hərbi yolla torpaq itirməyib. Mən bunları nəyə görə deyirəm? Ona görə ki, sadəlövh olub inanmaq olmaz ki, Rusiya iqtisadi cəhətdən çöküb və müharibəni dayandırmaq ərəfəsindədir. Xeyr, mən buna inanmıram. Rusiyanın iqtisadi sistemində ciddi problemlər, böhranlar olsa da, bu ölkə hələ də hərbi siyasətini davam etdirir. 19-cu sanksiya paketi, o cümlədən Ağ Ev rəhbəri Donald Trampın son qərarı ilə “Rosneft” və “Lukoil”in aktivlərinin sanksiya altına salınması, Avropaya edilən təzyiqlər – bütün bunlar təsirlidir, amma həlledici deyil.
Avropa hələ də Rusiya ilə müəyyən həcmdə neft və qaz ticarəti aparır. Düzdür, bu, müharibədən əvvəlkindən fərqli 7-8 dəfə azdır, amma tam dayanmayıb.
Avropa ölkələri deyirlər ki, 2027-ci ilin yanvarından etibarən Rusiyadan heç nə almayacaqlar, amma buna da inam azdır. Energetika məsələləri bu qədər asanlıqla həll olunmur.
Trampın təzyiqi nəticəsində ABŞ həm Avropaya, həm də Çinə və Hindistana təzyiq göstərir ki, Rusiyadan enerji məhsulları almasınlar. Amma Çin və Hindistan bu resursları ucuz qiymətə aldıqları üçün imtina etmirlər. ABŞ Prezidenti Donald Trampla - Çin lideri Si Cinpinin görüşündə bir neçə məsələ gündəmdə idi: Birincisi, Fentanil maddəsinin ixracına Çin tərəfindən nəzarət. İkincisi, ABŞ-də istehsal olunan soyanın Çin tərəfindən yenidən alınması. Üçüncüsü, Çin tərəfindən nadir torpaq mineralların ixracına qoyulan lisenziyaların tətbiqinin bir il uzadılması.
Amma ən əsas məsələ – Çinlə Rusiyanın iqtisadi və hərbi əlaqələri – bu görüşdə həll olunmadı. Bu da onu göstərir ki, məsələ düşündüyümüz qədər asan deyil.
Trampın “Lukoil” və “Rosneft”lə bağlı qərarları həmin şirkətlərin xarici aktivlərini sürətlə satmasına səbəb olub. Azərbaycan üçün müəyyən dolayısı təsirlər mümkündür, amma ciddi mənfi nəticə gözlənilmir.
Dünyanın hərbi xərclərinə gəldikdə isə son 10 ildə bu xərclər sürətlə artıb. 2023-dən 2024-cü ilə keçiddə artım 9%-dən çox olub. Bu da onu göstərir ki, dünya yeni müharibəyə hazırlaşır. BMT baş katibi Antonio Quterreşin Nyu-Yorkdakı çıxışında deyilib ki, hərbi xərclərin bu templə artması ölkələr arasında inamı məhv edir və resursların mənasız yerə sərf olunmasına gətirir.
Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə dünya üzrə hərbi xərclər 3 trilyon dollara çatıb. Əgər bu temp davam etsə, 2035-ci ildə 7 trilyon dollara yüksələcək. Bu isə inflyasiya, işsizlik, sosial bərabərsizlik və resursların tükənməsi deməkdir. 9 ölkədə nüvə silahı var və yalnız bu silahların saxlanmasına ildə 94-95 milyard dollar xərclənir.
Əgər mövcud nüvə silahlarının cəmi 20%-i istifadə olunsa, Yer kürəsinin oxu dəyişə bilər. Mövcud arsenal isə planeti 50 dəfə məhv etməyə qadirdir".
O söyləyib ki, bəşəriyyətin bu qədər vəsaiti hərbi məqsədlərə xərcləməsi böyük təhlükədir: "İnsanlıq bu templə davam etsə, öz izini toza itirə bilər. Ona görə də biz – analitiklər, ictimaiyyət və siyasətçilər – insanlara real vəziyyəti izah etməliyik".
Professor Azərbaycanda isə hərbi büdcəmizin yüksək olmasının əsas səbəbi Ermənistanla tam sülh müqaviləsinin hələ bağlanması olduğunu qeyd edib:
"Bundan əlavə, şimal və cənub istiqamətlərində iki potensial təhlükə olduğuna görə ölkəmiz öz silahlı qüvvələrini yüksək səviyyədə saxlamağa məcburdur. Bu il Azərbaycanın hərbi xərcləri təxminən 5 milyard dollar civarındadır. Gələn il – yəni 2026-cı ilin büdcəsində bu rəqəm 5,2 milyard dollara çatacaq. İnflyasiya 7-8% səviyyəsində olduğundan real artım elə də böyük olmayacaq. Bu xərclər əsasən Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik, Sərhəd Qoşunları və digər təhlükəsizlik qurumlarının ehtiyaclarını əhatə edir.

Bizim bu siyasətimiz tam əsaslıdır. Qonşu ölkələrdəki vəziyyəti, dünyada gedən prosesləri və dövlətin əsas borcunun təhlükəsizliyi təmin etmək olduğunu nəzərə alsaq, bu istiqamətdə hərbi hazırlığın yüksək səviyyədə saxlanılması zəruridir. Hazırda Rusiya ilə Qərbin – təxminən 50 ölkənin – Ukrayna müharibəsində müxtəlif formalarda iştirakı davam edir. Bəzi Avropa ölkələri ABŞ-dən asılılığını azaltmağa çalışır, Tramp isə açıq şəkildə bəyan edir ki, mən silahı pulla satıram, Avropa özü bilər, Ukraynaya nə qədər dəstək verəcək. Müharibə Ukrayna torpağında gedir və artıq 4 ildir davam edir. Bunun sonu hələ görünmür. Mənim təhlilimə görə, bu proses bu templə getsə, nəticə yaxın illərdə də görünməyə bilər.
Biz daha çox iqtisadi aspektlərdən çıxış etməliyik. Çünki istənilən müharibənin arxasında hərbi gücdən əvvəl iqtisadi qüdrət dayanır.
Rusiyanın iqtisadi çökməsi barədə illərdir danışılır. 2015-ci ildən bəri sanksiyalar tətbiq olunsa da, artıq 10 il keçib və Rusiya iqtisadiyyatı hələ də tam çöküş yaşamayıb. Təsirlər var, amma kollaps yoxdur. Azərbaycanın hərbi xərcləri kontekstində də qeyd etmək lazımdır ki, biz Ermənistanla sülh müqaviləsinin nəticəsini – xüsusilə də Ermənistan Konstitusiyasında Qarabağa dair torpaq iddialarının aradan qaldırılmasını – gözləyirik.
Bu, bizim üçün əsas məsələdir. Əgər bu tezliklə baş versə, gələcəkdə hərbi xərclərimizdə də optimallaşma ola bilər.
Hazırda Ermənistanda revanşist qüvvələrin aktivliyi müşahidə olunur. Onlar baş nazir Nikol Paşinyanın hakimiyyətini devirmək istəyirlər. Buna görə də biz daim hazır vəziyyətdə olmalıyıq. Müharibə problemi nə Azərbaycanın, nə də digər ölkələrin tamamilə həll edə bildiyi məsələ deyil. Burada BMT-nin də acizliyi ortadadır. 30 ildir Ermənistanla bağlı 4 qətnaməni icra etdirə bilməyib.
Bu da göstərir ki, BMT artıq dişsiz bir beynəlxalq quruma çevrilib".
Elmir Heydərli
16:41 03.11.2025
Oxunuş sayı: 2383