Ukrayna səhiyyə sahəsində Azərbaycan təcrübəsini öyrənir, əməkdaşlıq genişlənir - Deputat
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni və mühüm əməkdaşlıq mərhələsinə qədəm qoyur. İki ölkə arasında səhiyyə sahəsində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məqsədilə yeni ikitərəfli əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır. Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun verdiyi məlumata görə, sənədin 2025-ci il noyabrın 1-də imzalanması nəzərdə tutulur və bu saziş hər iki ölkə arasında tibbi əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək.
Yeni razılaşma təcrübə və mütəxəssis mübadiləsi, tibbi kadrların hazırlanması, ixtisasartırma və birgə elmi layihələrin həyata keçirilməsi kimi prioritet sahələri əhatə edəcək. Bununla yanaşı, Azərbaycan Tibb Universiteti ilə Ukrayna tibb universitetləri arasında birgə təhsil proqramlarının və ikili diplom layihələrinin reallaşdırılması da gündəmdədir.
Eyni zamanda, tərəflər məhkəmə təbabəti, onkologiya və pediatriya sahələrində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də xəstəxanalar arasında institusional tərəfdaşlığın gücləndirilməsini planlaşdırırlar. Bu təşəbbüs yalnız tibbi sahədə qarşılıqlı təcrübə mübadiləsini deyil, həm də hər iki ölkənin səhiyyə sisteminin keyfiyyətinin yüksəldilməsinə xidmət edən strateji addım kimi dəyərləndirilir.
İki ölkə arasında səhiyyə sahəsində inkişafla bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-a danışıb:
"Sözsüz ki, son beş ildə Azərbaycanın beynəlxalq imici əhəmiyyətli dərəcədə yüksəlmiş, ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətlərinin etibarlı tərəfdaşına çevrilmişdir. Bu gün bir çox dövlət Azərbaycanla sıx əməkdaşlıq etməyə böyük maraq göstərirlər.
Möhtərəm Prezidentimizin uzaqgörən rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da mühüm nailiyyətlər əldə olunmuşdur.
Bu gün Azərbaycanın bütün bölgələrində müasir standartlara cavab verən, güclü maddi-texniki bazaya malik səhiyyə infrastrukturu formalaşdırılmışdır".
Deputat, həmçinin icbari tibbi sığorta sisteminin tətbiqi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılmış, əhalinin tibbi xidmətlərə bərabər və əlçatan şəkildə çıxışı təmin olunmuş olduğunu qeyd edib: "Bu istiqamətdə aparılan islahatlar hazırda da uğurla davam etdirilir.
Bu mənada Ukrayna Səhiyyə Nazirliyinin Azərbaycanın səhiyyə sahəsində qazandığı müsbət təcrübəni öyrənməsi tamamilə təbii haldır".
Elmir Heydərli
12:08 02.11.2025
Oxunuş sayı: 2165