Milli Məclislə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Oktyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Saqr Qobaş burada Xatirə kitabını imzalayıb.
Crossmedia.az xəbər verir ki, sonra Sahibə Qafarova ilə Saqr Qobaş arasında təkbətək görüş keçirilib. Görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Parlamentin sədri BƏƏ Federal Milli Şurasının sədrinin ölkəmizə ilk rəsmi səfərinin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və parlamentlərarası münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Sahibə Qafarova cari ilin mayında Birləşmiş Ərəb Əmirliklərinə etdiyi rəsmi səfəri məmnunluqla xatırlayıb.
Görüşdə dövlətlərarası münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Vurğulanıb ki, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Fəal siyasi dialoqun rolu xüsusi vurğulanaraq, ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər və görüşlərin, imzalanan sənədlərin bu prosesdə mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, ölkə liderlərinin birgə səyləri nəticəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Eyni zamanda, bir çox sahələrlə yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən birgə iri layihələrin əməkdaşlığın müxtəlif istiqamətlərinin genişlənməsində mühüm rol oynadığı vurğulanıb.
Azərbaycana ilk rəsmi səfərindən və Beynəlxalq Parlament Konfransında iştirakından məmnunluğunu bildirən Saqr Qobaş ölkəsinin ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.
Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, ölkə rəhbərləri arasında qarşılıqlı hörmət, etimad və səmimi dostluq prinsiplərinə əsaslanan münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Qonaq yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirib, həmçinin mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanlar arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsaslanaraq əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
19:36 30.10.2025
Oxunuş sayı: 942