Bu rayonlarda dövlət ehtiyacları üçün torpaq alınacaq
Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, o cümlədən sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququ və bələdiyyə mülkiyyətində olan 8,282 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq (torpaq sahələrinin koordinatlarını, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət Gömrük Komitəsi alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratmalı, dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi məqsədilə layihə altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.
Dövlət Gömrük Komitəsi layihə çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının Dövlət Gömrük Komitəsinin tabeliyində olan“Azərterminalkompleks” Birliyinin gəlirləri hesabına maliyyələşdirilməsini təmin etməli, alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
17:09 30.10.2025
Oxunuş sayı: 1600