SSRİ dövründə Azərbaycanda qadın və ailə məsələri
Qərb hökumətləri Çar Rusiyasında öz strateji hədəflərinə daha tez nail olmaq üçün, “milli azadlıq” ilə yanaşı, “qadın azadlığı” ideyasından istifadə etdilər. Bu ideyaların yayılması və gerçəkləşməsi isə, marksist feministlərin üzərinə vəzifə kimi qoyuldu. Bu asan vəzifə deyildi. Çünki feodal rejimin və monarxiyanın qoruyucuları olan varlı mülkədarlara və xalqı aldadan ruhani zümrəsinə qalib gəlmək və əhalini, xüsusilə, qadını onların istismarından xilas etmək lazım idi. Bunları həyata keçirmək üçün, cəmiyyətdə qeyri-ənənəvi istehsal münasibətlərini formalaşdırıb inkişaf etdirmək gərəkirdi. Qərbdən dəstək olmadan bunları reallaşdırmaq inandırıcı görünmürdü. Çünki bu islahatların aparılması maddi dəstəklə yanaşı, texnoloji dəstək də tələb edirdi.
1917-ci il oktyabr inqilabından sonra Rusiyada hakimiyyətə gələn bolşevik hökuməti marksizmin feminist nəzəriyyəsinə əsaslanaraq patriarxal cəmiyyəti ortadan qaldırmaq məqsədini qarşıya qoydu. F. Engels yazırdı ki, ailə təsərrüfatı sosializmdə ictimai əməyin ayrılmaz hissəsi olmalı, uşaqların tərbiyəsi ictimai səviyyədə həyata keçirilməli, qadınları istismar edən ailə qurumu ortadan qalxmalı və cəmiyyət istismarın olmayacağı kommunizmə doğru sürətlə addımlamalıdır. Buna görə də bolşeviklər, ənənəvi ailənin keçmişin qalığı olduğunu irəli sürərək, ona qarşı mübarizəyə başladılar. Bunun üçün qadınlar, ailənin mülkiyyətindən çıxarılıb ictimai mülkiyyətə çevrilməli idi. Bu proseslər, Rusiya ərazisində daha ifrat şəkildə həyata keçirildi. Sanki, Rusiya ərazisi bu sosial eksperimentlər üçün məkan seçilmişdi.
1917-ci il Oktyabr inqilabından sonra “ev əməyinin inqilabı dəyişməsi” qanunu, sonralar bütün SSRİ ərazisində, yəni Azərbaycan SSR-də də tətbiq olunmuşdur. Bu qanun, feodalizmin natural təsərrüfat sisteminin ortadan qaldırılmasına və onun, sosializmin kollektiv sənaye və aqrar təsərrüfat sistemi ilə əvəz olunmasına şərait yaratdı. Bu sistemdə formalaşan böyük (mürəkkəb) ailə modeli yeni sistemə keçidlə bağlı olaraq iflas etdi. Çünki sürətlə irəliləyən bu proseslərin qarşısını almaq istəyənlər, antisovet elementləri kimi ortadan qaldırıldı. Həmçinin, 1917-ci ildə qəbul edilən “vətəndaş nikahı, uşaqlar və vətəndaş vəziyəti aktlarının qeydə alınması” barədə qanuna əsasən nikah və boşanmalar kilsənin əlindən alınaraq dünyəvi məhkəmələrə verildi, qadın və kişi arasında bərabərlik tanındı, qadınlar cəmiyyətin bütün sahələrində sərbəst fəaliyyət göstərmək imkanları əldə etdilər.
Çar Rusiyası ərazisində, həmçinin Azərbaycan ərazisində qadınların kütləvi şəkildə savadsız olması, ictimai həyatdan uzaq olması və feodal sistemin ənənələri ilə yaşaması, islahatların aparılmasını çətinləşdirirdi. Buna görə də, solçu feministlər (İ. Armant, A. Kollontay, A. Samoylova, K. Setkin və s) bu sahədə güclü təbliğat-təşviqat işlərinə cəlb olundular. Rusiyada qadınların sosial-iqtisadi həyata və yeni ideoloji sistemə cəlb olunması üçün, fəal qadınlardan ibarət feminist təşkilatlar (“qadın şuraları”, “qadın şöbələri”) yaradıldı.
Dünyada ilk dəfə Rusiyada 1920-ci ildə abortlar qanunla leqallaşdırıldı və tibb müəssisələrində pulsuz abortlar həyata keçirildi. Halbuki, əvvəlki qanunlara görə, abort edən analar 3 il, həkimlər 6 il cinayət məsuliyyətinə cəlb olunurdular. 1924-cü ildə Leninqrad şəhərində abort edən qadınların sayı 60.4% qədər artdı. Nikah yaşı hər iki cins üçün 18 yaş elan edildi (1917-ci ildə qadınlar üçün 16, kişilər üçün 18 elan edilmişdi).

1920-ci ildə boşanmalar qanunla leqallaşdırıldı. Boşanmaq istəyən evli cütlüklərdən biri artıq məhkəməyə deyil, poçt ilə nigah qurumuna məktub göndərməklə öz istəyinə rahatlıqla nail olurdu. Həmin dövrdə bağlanan nikahların orta davamlılığı 8 ay idi. Qadınların nikahda deyil, nikahdankənar uşaq dünyaya gətirmələri bolşevik hökuməti tərəfindən dəstəklənirdi. Belə uşaqlar dövlət kommunal qurumlarında böyüdülüb tərbiyə edilirdi.
1923-cü ildə SSRİ-də doğulan uşaqların 50%-nin nikahdankənar olduğu bildirilirdi. Yəni, qadın, uşaq dünyaya gətirən bir maşın kimi, sənayeləşmə və kollektivləşmə prosesinə işçi resursunu təmin etməli, həmçinin, öz fiziki gücünü ucuz işçi qüvvəsi kimi, dövlətin iqtisadi həyatına sərf etməli idi. Yeni sistem, “qadın azadlığı” ideyası altında qadını ailənin və kişinin istismarından xilas edib, onu, dövlətin istismar aparıtına çevirirdi. Bunun üçün, qadını, ailə-ev təsərrüfatından xilas edən ictimai infrastrukturun yaradılması vacib idi. Feminist A. Kollontay yazırdı: “Fərdi təsərrüfatını itirməyinə görə “ağlamağa” dəyməz. Çünki qadının həyatı bununla daha zəngin, tam, xoşbəxt və azad olacaqdır.”. O, yazırdı: “Vəzifəmiz fərdi məişəti asanlaşdırmaq deyil, ictimai məişət həyatını qurmaqdır... İndi yeməkxanalar, körpə evləri və uşaq bağçaları kimi ictimai qurumların yaradılması vacibdir.”
Rusiyada tətbiq olunan gender siyasəti “totalitar androginiya”, yəni, “cinssiz sovet insanı” modelinə uyğunlaşdırılırdı. Bu model, təhsildə və əmək sahələrində cinsə əsaslanmayan sistemin ortaya çıxmasına şərait yaratdı. Qadınların arasında tikintidə və dəmir yolunda fəhlələrin, ictimai nəqliyyat sürücülərinin, traktoristlərin, pilotların sayı artdı.
Marksist feministlər “seksual inqilab” layihəsini gerçəkləşdirmək üçün, müəyyən tədbirlər həyata keçirdilər. Xalq komissarlarının 1 yanvar 1918-ci il qərarında bildirilirdi ki, 17-30 yaşarası bütün qadınlar (5 uşağı olanlar istisna) zəhmətkeşlərin intim istifadəsinə verilir və buna etiraz edən ərlər ər statusundan məhrum edilirdi. Çoxkişililik qanunla təsbit olunurdu. Doğulan uşaqlar “körpələr evinə” verilir və 17 yaşına qədər orada təlim-tərbiyə olunurdular.
1920-ci ildə “azad sevgi büroları” yaradıldı və onlar, “proletar seks” üçün müraciət edən kişiləri qadınla təmin edirdilər. Qadınların imtina etmək hüquqları yox idi. KİV-də təbliğ edilirdi ki, kişilər öz qadınlarını dostlarına, qadınlar isə, öz ərlərini rəfiqələrinə təklif etsinlər. Rusiyada bu duruma etiraz cəhdləri ortadan qaldırılırdı. Buna görə də, bir çox ailələr öz evlərini tərk edərək daha təhlükəsiz yerlərə sığınırdılar.
1921-ci ildən başlayaraq 12-13 nəfərin bir yerdə ailə şəklində yaşadığı kommuna-ailə modelləri, vətəndaş nikahları, homoseksual nikahlar, üçlü nikahlar yaradılırdı. Kommunal mənzil layihələri də bununla bağlı idi.
1925-ci ildə Moskvada “Həyaya son!”, “Ailəyə son!”, “Nikaha son” şüarları altında nudistlər cəmiyyəti yaradılır və onlar ictimai yerlərdə, çimərliklərdə özlərini nümayiş etdirirdilər. Onlar paltarı burjua əlaməti və qeyri-təbii bir hal kimi qələmə verirdilər.
Bolşeviklərin Rusiyada həyata keçirdikləri kütləvi “seksual inqilab” eksperimentləri, Avropa tarixində belə müşahidə olunmamışdır. 20-30-cu illərdə Rusiyada ifrat yoxsulluq və aclıqdan kütləvi ölümlərin artması, cinayətlərin pik həddə çatması, kannibalizm elementlərinin müşahidə olunması ilə yanaşı, seksual ifratın baş alıb getməsi cəmiyyəti tamamilə iflas həddinə yetişdirmişdir. Bolşeviklər (V. Lenin, L. Trotski, Karl Radek, feministlərdən Aleksandra Kollantay, İnessa Armand, Roza Zemlyaçki, Feni Drabkina, Mariya Şoyxet və s) cəmiyyəti bu yolla manipulyasiya edirdilər.
***
Bolşeviklərin və solçu feministlərin 20-30-cu illərdə Rusiyada həyata keçirdikləri “seksual inqilab” layihəsinin SSRİ dövlətinə daxil olan Azərbaycan SSR ərazisində reallaşdırılması mümkün deyildi. Çünki o dövrdə Azərbaycan ərazisində islam dininin və patriarxal ənənələrin təsiri çox güclü idi. Bolşeviklər, müsəlman əhalinin “seksual inqilab” layihəsinə qarşı sərt müqavimət göstərəcəyindən və nəticədə, Rusiyanın müsəlman coğrafiyasında öz geostrateji mövqelərini itirəcəyindən ehtiyat edirdilər. Buna görə də, müsəlmanların yaşadığı ərazilərdə bu siyasətin başqa bir səviyyədə ehtiyatla həyata keçirilməsi gərəkirdi.
1921-ci ildə Moskvada keçirilən I Ümumrusiya iclasında deylirdi ki, “Şərqin milli bölgələsində olan qadınlar arasında təbliğat-təşviqat işləri şərq xalqlarının mədəni və çoxyönlü iqtisadi inkişaf formalarına uyğun şəkildə aparılmalıdır.”
Bolşeviklər və feministlər müsəlman coğrafiyasında ilk növbədə islam dininin və patriarxal ənənələrin təsirinin ortadan qaldırılması, qadınların çarşabdan xilas edilməsi, qadın azadlığı ideyası altında onları ailə-ev işlərindən azad edib ictimai işlərə cəlb edilməsi istiqamətində fəaliyyət planı hazırladılar. Azərbaycanda və digər müsəlman coğrafiyasında bu işləri idarə edən bolşeviklər və feministlər (K. Radka, E. Armant, A. Kollontay, K. Setkin və s), həmin işləri daha ifrat bir səviyyədə Rusiya, Ukrayna və digər xristian respublikalarında həyata keçirirdilər.
1921-ci ildə Azərbaycan SSR-nin ilk konstitusiyasında bütün sahələrdə qadın və kişilərin bərabərliyi barədə qanun (maddə 79) qəbul olundu. Çoxarvadlılıq, erkən evlilik, məcburi nikah halları cinayət hesab edildi və qızlar üçün nikah yaşı 16 yaş təyin edildi.
Əslində, bu qanunların qəbul edilməsi cəmiyyət üçün müsbət hal idi. Azərbaycan ərazisində 1872-ci ilədək cahil ruhanilərin verdikləri dini fətvaya görə evlilik yaşı qızlar üçün 9, oğlanlar üçün 12 hesab olunurdu. 1872-ci ildən sonra qızlar üçün 13, oğlanlar üçün 15 oldu.
Çoxarvadlılıq, erkən evlilik, məcburi nikah hallarından ən çox narazı olanlar da müsəlman qadınlar idi. Lakin, onlar qorxduqları üçün bu hallara qarşı açıq etiraz edə bilmirdilər. 1921-ci Bakı qurultayına qatılan 1188 qadın nümayəndədən 815 nəfəri Bakıdan olan azərbaycanlı qadınlar idi. Onların əsas şikayətləri 9-12 yaşında qızların ərə verilməsi məsələsi idi.
Müsəlman ölkələrində sosializm sistemini qurmaq üçün, müsəlman qadınları yeni sovet sistemi quruculuğuna cəlb etmək lazım idi. Əks təqdirdə, müsəlman ölkələrində sovet sosialist sisteminin qurulması mümkün olmazdı. Qadınlar patriarxal sistemin çökməsini istəməsəydilər, bolşeviklər öz istəklərinə nail ola bilməzdilər. Çünki ruhanilərin və mülkədarların təhriki ilə kişilər öz ailələrini qorumaq üçün müqavimət göstərəcək və bir araya gələrək sistemin kök salmasına mane olacaydılar. Lakin, belə olmadı.
Qadınların böyük bir qismi sistemin zülümlərinə dözmədilər və xilas yolunu sosializm sisteminin yaranmasında gördülər. Onların sayı az deyildi. Tədricən sayları artırdı. Çünki artıq qadınlar çoxarvadlılıq, erkən evlilik, məcburi nikah, zorakılıq və hüquqsuzluq hallarına tab gətirə bilmədilər. Onların mövcud sistemə qarşı feminist inqilabına qoşulması və sosializmin gerçəkləşməsi prosesinə cəlb olunması, əslində, qadınları hər cür hüquqlardan məhrum edən cahil ruhani təbəqəsinin günahı idi. Onlar, islam dininin qadınlara verdiyi hüquqları təmin etsəydilər, Azərbaycanda və digər müsəlman ölkələrində bolşevizmin qələbəsi mümkün olmazdı. Bolşeviklər, patriarxal cəmiyyətlərin zəif nöqtəsinin məhz qadın məsələsini olduğunu anladığı üçün, feminizm strategiyası ilə onlara hücum etdi.
20-30-cu illərdə postsovet məkanında, həmçinin, Azərbaycan ərazisində feodalizmdən sosializm sisteminə keçidlə bağlı baş verən fundamental dəyişikliklər, şüurları və həyat tərzlərini sürətlə dəyişməyə vadar edən çox ağrılı proseslər idi. Bunu, boşanma səviyyəsinin ən yüksək olduğu 1935-1943 illərin statistikası da təsdiq edir. Biz, bu illərdən əvvəlki statistikaya malik olmadığımız üçün, 1935-1943 illərin statistikasına əsaslanırıq. Lakin, əvvəlki illərdən bu proseslərin başladığını və 30-cu illərdə yüksək həddə çatdığını söyləyə bilərik.
Öz acınacaqlı durumundan narazı olan qadınlar Azərbaycanın müxtəlif yerlərində yaradılan qadın klublarına sığınır və orada bir araya gəlirdilər. Bu klublar, onların dərdlərinin müzakirə olunduğu, çıxış yollarının göstərildiyi, hüquqlar uğrunda siyasi mübarizə yollarının başladığı ictimai-siyasi mərkəzlər olmaqla yanaşı, qadınların sosial-iqtisadi müstəqilliyinə şərait yaradan müxtəlif sənətlərin (toxuculuq, xalçaçılıq, əl işi, tətbiqi sənət) və yazıb-oxumağın öyrədildiyi, kitabxaların və dərnəklərin olduğu (dram, xor, balet), artel və emalatxanaların fəaliyyət göstərdiyi mərkəzlər idi.
Qadın mərkəzləri, qadınların həyatında ailə ilə cəmiyyət arasında körpü rolunu oynayırdılar. Yəni, cəmiyyətə açılmaq istəyən qadınlar qadın klublarına gəlir və burada əldə etdikləri bilik, dəstək vasitəsilə cəmiyyətin həyatına yönəlirdilər. Hətta, bu klublar uşaqlara təlim-tərbiyə verən ilk baxça funksiyası da daşıyırdılar. Yəni, yeni cəmiyyət modeli bu klublarda formalaşırdı. Bu klubların daşıdığı çoxşaxəli funksiyalar tədricən onlardan ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladılar. 1924-cü ildə Bakıya gələn Klara Setkin bu klublarla tanış olduqdan sonra, onları Şərq qadınlarının inqilabi iradəsinin dayaq nöqtələri adlandırmışdır.
Klara Setkin bu qadınlara müraciətdə yazırdı: “Biz Sizinlə birlikdə hiss edirik, Sizin mübarizəniz necə ağırdır və Sizə necə böyük qurbanlar vermək lazım gəlir. Ancaq, biz görürük ki, Sizin azadlıq və iradəniz və sizin bəşəriyyətin azad və mədəni nümayəndələrini tərbiyə etmək cəhdiniz bütün düşmən səylərindən güclüdür. Biz inanırıq ki, siz qalib gələcəksiniz”.
Həqiqətən də, qadın klubları və təşkilatları, ənənəvi sistemin içində meydana çıxan “qara dəliklər” idi. Artıq, cəmiyyət ənənəvi sistemdən digərinə bifurkasiya etmək mərhələsinə yetişmişdi.
Sovet şərqində ilk qadın klubu 1920-ci ildə yaradılan Ə.Bayramov adına klub idi. Bu klubda bir araya gələn fəal qadınların əksəriyyəti müsəlman idi. Qadınlar kluba gedərkən diqqəti cəlb etməmək üçün, tikiş emalatxanalarına getdiklərini və orada sənət öyrəndiklərini, savad artırmaq məqsədilə etdiklərini bildirirdilər. Cəmiyyəti yeni sistemə uyğunlaşdırmağa çalışan qadın klubları çətin şəraitdə işləyirdilər. Aktivistlərdən olan Ceyran Bayramova yazırdı: “Klubun iclaslarına qadınlar ilk ayda ehtiyatla gəlirdilər. Çünki onları təqib edirdilər. Kluba gələnlərə böhtan atır, onlara tüpürür, daşa basır, bəzi kişilər isə, ölümlə təhdid edərək boşanırdılar. Çox çətin idi”.

İctimai keçid prosesi şüurlarda ənənəvi patriarxal stereotiplərin tədricən ortadan qalxmasına və yeni gender dəyərlərinin davranış normalarına çevrilməsinə səbəb oldu. Bu keçid prosesində boşanmaların və ailə cinayətlərinin sayının çox olması təbii idi. Çünki ənənəvi patriarxal stereotiplər çərçivəsində formalaşan kişilər qadınların (qızlarının, həyat yoldaşlarının, bacılarının və s) işləməsini özləri üçün faciə hesab edirdilər. Çünki ictimai qınaq buna imkan vermirdi. Bu, ən yaxşı halda boşanmalarla, evdən qovulmalarla nəticələnirdi.
Cəmiyyətdə baş verən gender transformasiyası qadınların qurtuluşu və inkişafı, həmçinin cəmiyyətin modernləşməsi üçün çox mühüm bir hadisə idi. Çünki mürəkkəb ailələrdə qadınlar böyük bir ailənin hüquqsuz bir üzvü kimi, kollektiv ailə təsərrüfatının reproduktiv işçisi və onun əmək qüvvəsini təmin edən ana qismində iştirak edirdilər. Onların bu strukturdan kənarda heç bir yeri və rolu ola bilməzdi. Strukturun daxilində mövcud olan patriarxal iyerarhiya sistemi, onun böyük ailənin baş patriarxının (qayınata) və onun xanımının (qayınana) iradəsinə tabe olmağı vadar edirdi. Kişilər nəsli (əmək qüvvəsini) artırmaq məqsədilə poliqamik ailə modelini qoruyub saxlayırdılar. Gələcək əmək qüvvəsi kimi, oğlan övladı dünyaya gətirən qadınların bu strukturda nüfuzu digərlərindən daha çox olurdu. Xüsusilə, erkən evlilik və çoxarvadlılıq qadınların şəxsiyyətinə yönələn ağır zərbə idi. Qadınların bu sistemə qarşı çıxması və ona etiraz etməsi mümkün deyildir. Təbii ki, belə bir mühitdə boşanmaların olması da mümkün deyildir (Ər evi, gor evi). Bu baxımdan, 20-30-cu illərdə yeni ictimai proseslərlə gələn gender transformasiyası, qadınların həyatında böyük bir irəliləyiş idi.
Qadınlar bütün çətinliklərə baxmayaraq, mübarizə aparırdılar. Onlar deyirdilər: “Kluba gəldik, emalatxana yaratdıq, çadranı çıxardıq, savadsızlıqdan azad olduq, bəs sonra? Başqa qadınlara da kömək etmək lazımdır”. Buna görə də, onlar imtahan verərək kəndlərə yollanır və orada qadınların maariflənməsi istiqamətində fəaliyyət göstərirdilər. Qadınların maarifləndirilməsi işində “Şərq qadını” jurnalı böyük rol oynamışdı.
Əli Bayramlı adına qadın klubu 1 il ərzində (1920-1921) 20 min qadını öz ətrafında toplamış və 75 aktivist hazırlamışdı. 1926-1932-ci illərdə 150 min azərbaycanlı qadın kluba cəlb olunmuşdu [41, 56]. Artıq, 1927-ci ildə Azərbaycanda 4 min qadın çalışırdı (ümumi işləyənlərin 4.5%-i). 1930-cu ildə kolxozlarda işləyən qadınların ümumi sayı 37%, 1933-cü ildə respublika xalq təsərrüfatında çalışan qadınların ümumi sayı 24% idi. Qadınlar dövlət işlərinə və siyasi işlərə cəlb olundu.
1927-ci ilin sonunda Azərbaycanda 14846 nəfər qadın həmkarlar ittifaqının, 2504 nəfər sovetlərin üzvü idi, 3349 nəfər qadın ali və orta məktəblərdə, texnikumlarda təhsil alırdılar. Onlardan bir çoxu rəhbər sovet, təsərrüfat və həmkarlar ittifaqı işinə irəli çəkilmişdi.
1929-1931 illərdə 324 qadın (əksəriyyəti azərbaycanlı) rəhbər vəzifəyə gətirilmişdi. Azərbaycan SSR-də digər respublikalardan fərqli olaraq daha çox qadın deputat seçilmişdir. 1939-cu il deputat seçkilərində Azərbaycanda seçilən deputatların təqribən 35% (8943) qadın idi. Lakin, dindar ailələr, bəy nəsilləri sinfi düşmən kimi ayrıseçkiliyə məruz qalır və təqib olunurdular.

Çalışan qadınların müəyyən peşə biliklərinə və savada malik olması gərəkirdi. Bunlar, böyük mübarizənin, praktiki işlərin və fədakarlıqların nəticəsi kimi meydana çıxmışdı. Çünki XX əsrin əvvəllərində Azərbaycan əhalisinin savadsızlıq səviyyəsi 96.7% idi. XIX əsrin sonunda təhsil alan 2237 qadından cəmi 20 nəfəri azərbaycanlı idi. Əhalinin savadı 1926-cı ildə 18.5% idisə, 1939-da 73.3%-ə qalxdı. Qadınlar arasında savad 1926-1939-da 3.1%-dən 54.7%-ə yüksəldi.
1920-ci ildən başlayaraq Azərbaycan SSRİ dövlətinə daxil olmaqla, sürətlə sosializm quruculuğu sisteminə keçid etmişdir. Bu dövrdə “qadın azadlığı” və qadınların hüquqlarının təmin olunması adı altında, onların ucuz əməyindən yararlanmaq məqsədilə evdən təhsilə, ictimai işlərə, sənayeyə cəlb olunması prosesi başladı. Ucuz ictimai iaşə mərkəzlərinin, pulsuz uşaq baxçalarının açılması da qadınların evdən sosial həyata cəlb olunmasını təmin etmək üçün şərait yaratdı.
Qadınların istehsala və cəmiyyətin həyatına qatılmasını təmin etmək üçün, uşaq baxçaları, məişət xidmətlərinin sayı artırıldı. Bakıda 1927-ci ildə 21 baxçada 1278 uşaq, 1940-cı ildə 236 baxçada 19 min uşaq (40% azərbaycanlı) tərbiyə olunurdu. Gəncə uyezdində isə, 1927-ci ildə 607 baxçada 22.400 uşaq var idi. Lakin, baxçalarda şərait çox bərbad olduğu üçün, qadınlar ora öz şəxsi hesabları və fədakarlıları ilə yardım edirdilər. İctimai iaşə sektoru da inkişaf edirdi. 1933-cu ildə 1268, 1940-cı ildə 2.308 oldu. Əgər, 1930-cu ildə işləyən ailəli qadın ev işlərinə həftədə 40 saat sərf edirdisə, 1963-cü ildə bu – 29,8 saat idi.
1929-cu ildə AK(b)P MK prezidiumu çadra geyimini qadağan edən qərar qəbul etdi. Kişilərə isə, papaqla kinoteatr və digər mədəni yerlərdə gəzmək qadağan edildi. 1928-ci ildə 12573 nəfər, 1929-cu ildə isə, 20387 nəfər qadın çadranı atdı. Sonrakı illərdə daha da artdı.
1917-ci ildə Bakıda Zaqafqaziya müsəlmanlarının qurultayına bir qrup çadrasız üzüaçıq qadın gələrək orada çıxış etmiş, orada iştirak edən ruhanilər qrupu hiddətlənərək zalı tərk etmişlər. Onlar, o gündən etibarən cəmiyyəti ayağa qaldırmağa müvəffəq olmuşlar. Bunlar göstərirdi ki, cəmiyyət qadınların çadranı atmasına çox sərt yanaşırdı. Çünki həmin dövrlərdə əhalinin sıx yaşadığı yerlərdə qadınların əsas geyim forması çadra idi. Kənd yerlərində çadra deyil, yaşmaq bağlanırdı. Buna görə də, 1929-cu ildə çadra geyiminə qoyulan qadağa, kişilərin ayağa qalxmasına səbəb oldu. Kişilər fəal qadınları sevmir, onları təhqir edir, ərləri onları boşayırdılar. Bu dövrdə qadınlara qarşı zorakılıq halları, boşanmalar yüksək olmuş və etirazlar baş qaldırmışdı.
Bolşevik ideoloqlar təhlükəni anlayaraq siyasəti bir qədər yumşaltmış və maarifçilik yoluyla bu siyasəti davam etdirməyi qərara almışlar. Lakin, çadranı atmaq istəyən qadınların sayı artırdı. 1930-cu ildə Bakıda Ə.Bayramov adına klubun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova çadranı ataraq fabrikə işləməyə getdiyi üçün, atasının əli ilə öldürülmüşdü. Bu hadisə, ölkədə qadınların kütləvi mitinqinə səbəb oldu. Əslində, bu hadisə, qadınlara qarşı zorakılıq edən kişilərə qarşı müəyyən tədbirlərin görülməsinə və çadraya qarşı hərəkatın genişlənməsinə şərait yaratdı. Rəhbərlik 1930-cu ildə qadınların öldürülməsini əksinqilabi akta bərabər tutulan qərar çıxardı.
C.Cabbarlının "Sevil" əsəri yeni sosialist cəmiyyətin qadın modelini Sevil obrazında ifadə edirdi. Bu əsər, teatrın repertuarından düşmürdü, hətta film çəkilirdi. Lakin, bunlara baxmayaraq, Azərbaycanda cadranı atan bir çox qadınlar yaxınları tərəfindən qətlə və zorakılıqlara məruz qaldılar. Çünki əhalidə əsrlərlə formalaşan patriarxal düşüncə sürətlə baş verən sosial dəyişiklikləri qəbul etmək iqtidarında deyildi. Cəmiyyətdə baş verən hadisələr, onlarda şok effekti yaradırdı. Bunu qəbul edə bilməyənlər isə, dövrə uyğunlaşmaq istəyən qadınlara qarşı zorakılıq edir, onları öldürür və ya ən yaxşı halda onları boşayırdılar.
Feminizasiya proseslərinin əsas mərkəzi Bakı şəhəri idi. Bakı, beynəlmiləl şəhər olduğu üçün, burada islahatların aparılması daha rahat idi. 1925-ci ildə Bakıda rus əhalisi 159491, müsəlmanlar 138265, ermənilər 78763 nəfər təşkil edirdilər. Bu dövrdə Azərbaycan əhalisinin və müsəlmanların əksər hissəsi kəndlərdə yaşayırdılar. Çünki bu dövrdə sənayeləşmə prosesi zəif inkişaf etmişdi.
20-30-cu illərin dərin iqtisadi böhranı, insanların kütləvi şəkildə aclıq və xəstəliklərdən məhv olmasına şərait yaratmışdı. Rusiyada bu özünü daha faciəvi şəkildə biruzə verirdi. Azərbaycanda 1920-1922-ci illərdə əhalinin sayının azalmış (xüsusilə, kəndlərdə), 30-cu illərdə isə sürətlə artmışdır. O dövrdə, qadın və kişilər arasında gender balansının normal olduğu müşahidə olunur (cədvəl 4.2).
Cədvəl 2. 1913-1940-cı illərdə Azərbaycan əhalisinin sayı (min nəfər ilə)

Sənayenin inkişafı, Azərbaycanın aqrar ölkədən tədricən sənaye ölkəsinə çevrilməsinə, müasir kapitalist Bakı şəhərinin inkişaf etməsinə, urbanizasiya proseslərinin güclənməsi nəticəsində əhalinin kəndlərdən şəhərlərə axışmasına və şəhərlərdə sürətli sosializm quruculuğu prosesinin təsiri altında ənənəvi dəyərlərin tədricən ortadan qalxmasına səbəb oldu. Kəndlərdən şəhərlərə işləməyə gələn insanlar artıq yeni mühitə uyğun olaraq nuklear monoqam ailə modelinə keçdilər. Bu prosesin tədricən sosializm quruculuğu kimi bütün ərazilərə yayılması və gənclərin şəhərlərə meyl etməsi nəticəsində ənənəvi patriarxal, mürəkkəb və böyük ailə strukturu çökdü və onun üzərində formalaşan gender stereotipləri tədricən (xüsusilə şəhərlərdə) iflasa uğradı. Çünki bu ailələrin təməlini təşkil edən kollektiv feodal təsərrüfatı ortadan qalxdı.
Ənənəvi kollektivçilik, cəmiyyətin istismar olunmasına mane olurdu. İqtisadi inkişafın əsasında dayanan sosializm kollektivçiliyi, feodal kollektivizmindən fərqli olaraq əmək kollektivizmi və ya dövlət kapitalizmi idi (P. Frani, E. Memdel, Q. Dreyper, B. Rissi). Burada da, fərqli insanların həyatı sosializm yarışmaları ilə kollektiv əməyin tərkib hissəsinə daxil olur və əmək kollektivi bir sosialist ailə modelinə çevrilirdi. Hər iki halda, insan yaşamaq üçün işləmirdi, işləmək üçün yaşayırdı. Feodal təsərrüfatında qadının əsas fəaliyyəti qapalı böyük ailə və geniş ev işləri çərçivəsində məhdudlaşırdısa, sosializm sistemində onun əməyi ailə və ev işlərinin fövqünə çıxırdı. Həmin dövrlərin tarixi və statistik materialları göstərir ki, gender transformasiyası mərhələsində bir çox ailələr dağılmış, ailə münasibətləri zəminində çoxlu cinayət halları baş vermişdir. Patriarxal cəmiyyət qadınların işləməsini və onların cəmiyyətdə fəal olmasını əxlaqsızlıq, mənəviyyatsızlıq kimi dəyərləndirirdi. C. Cabbarlının “Sevil” əsəri, bu keçid mərhələsini aydın şəkildə əks etdirir.
20-30-ci illərdə Azərbaycanda baş verənlər böyük feminist inqilabı idi. Bu inqilabı həyata keçirən bolşeviklərin əksəriyyəti feminist ideologiyasının daşıyıcıları idilər. Lakin, onlar, Rusiyada və digər xristian torpaqlarında etdikləri “seksual inqilabı” Azərbaycanda və digər müsəlman torpaqlarında həyata keçirə bilmədilər. Başladıqları işlərin yarımçıq qalmasından qorxduqları üçün, onlar, ehtiyatla hərəkət etdilər və müsəlman ölkələrində “seksual inqilab” layihəsini müvəqqəti olaraq təxirə saldılar. Əvəzində, onlar, islam dinini dəyərlərini ortadan qaldırmaq, qadınları çadradan çıxarmaq və onları ailədən ayıraraq istehsala cəlb etmək məqsədini qarşıya qoydular. Onlar, öz məqsədlərinə müəyyən qədər nail oldular. 20-30-cu illərdə Azərbaycanda hüquqi və sosial səviyyədə aparılan işlər erkən evlilik, çoxevlilik, gender bərabərsizliyi hallarını ortadan qaldırdı. Belə halların baş verməsi ehtimalı sıfıra endi. Çünki dövlət bu qəbildən olan halları burjuaziyanın və antisosializmin qalıqları kimi təqib etməyə başladı.
Stalin rejiminin “SSRİ-də qadın məsələsi həll olunmuşdur” rəsmi tezisi əvvəlki feminist proseslərin qarşısına sədd çəkdi. Əvvəllər mövcud olan qadın təşkilatları ləğv olundu və bir çox üzvləri həbs edildi. Yeni yaradılan qadın təşkilatları isə, dövlətin yeni gender siyasətinin təmsilçisinə çevrildilər. Bu dövrdə yaranan “İctimaiyyətçi qadınlar hərəkatı”nın liderləri (əsasən, məmurların həyat yoldaşları) qadını ərinin, ailəsinin və dövlətin dayağı kimi müdafiə etdi və dövlətin nəzarəti altında patriarxal siyasətin həyata keçirilməsinə xidmət etdi. Çünki bu siyasət totalitar dövlətin təməlinin güclənməsinə şərait yaradırdı.
1934-cü ildə homoseksual əlaqələri qadağan edən cinayət qanunu qəbul edildi. 1935-ci ildə SSRİ-də kontraseptiv vasitələrin istehsalı və onların istifadəsi dayandırıldı. 1936-cı ildə boşanmalara məhdudiyyət qoyan qanunlar çıxarıldı (1944-cü ildə boşanmalar məhkəmələrə həvalə edildi), abortlar qadağan olundu. Çünki kontraseptiv vasitələr, abortlar və boşanmalar SSRİ-də təbii artıma mənfi təsir göstərmişdi. Bu tədbirlər nəticəsində abortlar və boşanmaların səviyyəsi sürətlə aşağı düşdü.
1938-ci ildə "Azərbaycan qadını" (əvvəlki “Şərq qadını”) jurnalının bir çox müxbir və yazı müəllifləri həbs olundular. Bundan başqa bir çox qadın fəallar istintaqa cəlb olundu.
II Dünya Müharibəsi ərəfəsində həlak olanların yerini doldurmaq üçün, nikahların artırılması və boşanmaların çətinləşdirilməsi istiqamətində 1944-cü ildə yeni qanunlar və xüsusi komissiyalar yaradıldı. Bununla yanaşı, müharibə ərəfəsində və sonra, nikahdankənar uşaqların doğulmasına şərait yaradıldı. Həmin uşaqlar anaların və qismən dövlətin öhdəliyinə götürüldü.
Təkcə 1941-ci ildə Azərbaycanın neft hasilatı və neft emalı sənayesi müəssisələri fəhlələrinin üçdə biri cəbhəyə getmişdi. Maşınqayırma, dəmiryol, su nəqliyyatı, kolxoz və sovxozlarda da vəziyyət belə idi. Sonrakı illərdə cəhbəyə gedənlərin sayı daha da artdı. Onların yerini qadınlar və uşaqlar tuturdu. Bu durum, qadınların kütləvi şəkildə kişi işlərinə cəlb olunmasına şərait yaratdı. 1942-ci ildə 16 min cəbhəçinin həyat yoldaşı sənaye müəssisələrində, onlardan 11 min nəfəri neft sənayesində işləyirdi.
II Dünya müharibəsi dövründə qadınlar arxa cəbhədə, yəni, ölkə təsərrüfat həyatının bütün ağır sahələrində gücləndirilmiş iş rejimində işləməyə başladılar. Bu dövrdə, cəmiyyətin sosial-iqtisadi həyatının idarə olunması və mövcud olması qadınların üzərinə düşdü. Qadınlar döyüşdə olan həyat yoldaşlarının yerinə işləyib öz uşaqlarına təkbaşına tərbiyə verdilər. Müharibədən sonra kişilərin sayı xeyli azaldığı üçün, bir çox ailələr atasız, yəni, anaların himayəsi altında böyüdü. Bu isə, atasız böyüyən və ana tərbiyəsi altında formalaşan bir nəslin meydana çıxmasına səbəb oldu. Artıq, bu nəsil, qadını həm ailə başçısı, həm də sosial statusa malik bir şəxsiyyət kimi tanıdı. Bu isə, cəmiyyətdə patriarxal ənənələrin qırılmasına və cəmiyyətdə feminləşmə prosesinin başlamasına təkan verdi.
Azərbaycan əhalisi 1940-cı ildə 3304.1 min nəfər idi. 1945-ci ildə onun sayı 17.65 % azalmışdı. Müharibədən sonrakı ilk illərdə Azərbaycan SSR-də əhali zəif artırdı. 1950-ci ildə respublikada 2859 min nəfər yaşayırdı, bu da 1940-cı ildəkindən 415 min nəfər az idi. Azərbaycan əhalisindən yüz minlərlə döyüşçü, müharibədən sonrakı ilk ağır illərin iqtisadi, sosial və mənəvi çətinlikləri üzündən çoxlu insan dünyasını dəyişmişdi.
50-ci illərdə Azərbaycanda əhalinin sayı artdı, 1960-cı ildə 3816 min, 1970-ci ildə isə artıq 5117 min nəfərə çatdı. Azərbaycanlıların sayı 2494.4 mindən 3776.8 minə yüksəldi. 1959-cu ildə əhalinin 48% kişilər, 52% qadınlar təşkil edirdisə, 1970-ci ildə bu göstəricilər kişilərin xeyrinə 1% dəyişmişdi. Əhalinin tərkibindəki sosial dəyişikliklərin mühüm meyillərindən biri şəhər əhalisinin sürətlə artımı olmuşdu. 1950-ci ildə əhalinin 44%, 1970-ci ildə isə, artıq 50% şəhərlərdə məskunlaşmışdı.
II Dünya müharibəsi nəticəsində əhalinin sayının azalması və iqtisadi zəifləmə boşanmaların qarşısını almağı zəruri edirdi. 1944-cü ildə SSRİ-də məhkəmələr boşananların hər ikisinin tələbinə baxmayaraq, əksər hallarda onların istəklərinə mənfi cavab verir, boşanmaya səbəb olanları böyük məbləğdə cərimə edir (ikinci boşanma hallarında cərimələr daha da artır), nikahdankənar atalığı qadağan edirdi. Bunun nəticəsi olaraq, 50-ci illərdə nikahlara görə boşanmaların həcmi Rusiyada 4%, Azərbaycanda 1% təşkil edirdi. II Dünya müharibəsinin nəticələri eyni siyasətin Avropada da həyata keçirilməsini tələb edirdi.
SSRİ-də müharibədən sonra, dövlət, əvvəllər vəzifədə və istehsalda öndə olan qadınları geri dönən kişilərlə əvəz etdi. Kişilərin sayı azaldığı üçün, onların cəmiyyətdə dəyəri artdı. Ölkədə iqtisadi qıtlıq, gender əmək bölgüsünü aktuallaşdırdı. Qadınlar evdə yemək, geyinmək və məişətlə bağlı, kişilər isə, təmir, dülgərlik işləri ilə əlaqədar bütün ehtiyacları ödəməklə ənənəvi əmək funksiyalarını yerinə yetirməyə başladılar. Bunlar, ənənəvi gender əmək bölgüsünü gündəmə gətirdi və bununla, qadınlar daha çox ailə-ev işlərinə cəlb olundular. “Evdar qadın”, “qəhrəman ana”, “böyük ailə” anlayışları cəmiyyətdə əvvəlki dövrlə müqayisədə fərqli bir dəyər qazandı.
Maraqlıdır ki, bu proseslərin baş verdiyi bir ərəfədə, SSRİ özünün iqtisadi inkişafının ən yüksək dövrünü yaşamış (1945-1960) və boşanmaların sayı kəskin şəkildə aşağı düşmüşdür. Müharibədən sonra kişilərin sayının qadınlara nisbətdə xeyli aşağı düşməsi, boşanmaların azalmasına təsir edən əsas amilərdən biri ola bilərdi.
Müharibədən sonra 50-ci illərdə Qərb ölkələrində kontraseptiv vasitələrin meydana çıxması ilə “azad sevgi” dalğası genişləndi. Yeni yaranan hippi hərəkatı bu dalğanın avanqardına çevrildi. Yəni, 30-40 il əvvəl SSRİ-də baş qaldıran feminist dalğa Qərbdə özünə yol açdı. İ. Stalin bu dalğanın qarşısını almağa müvəffəq oldu. Lakin, onun müəmmalı ölümü, Avropada baş qaldıran “azad sevgi” dalğasının tədricən SSRİ ərazisinə sızmasına səbəb oldu.
***
İ. Stalinin ailə siyasətini, Qədim Roma imperatoru Oktavian Avqustun ailə siyasəti ilə, həmçinin, həmin dövrün sosial-mədəni durumu ilə müqayisə edə bilərik. Oktavian Avqust kimi, İ. Stalin də dağılan ailə qurumunu bərpa etmək və onu nəzarət altına almaq üçün, ailəni dövlətin himayəsi altına aldı. Dövlət, total patriarxlığın təmsilçisi oldu. İ. Stalinin “şəxsiyyətə pərəstiş” kultu ilə, Oktavian Avqustun özünü tanrı elan etməsi arasında oxşarlıq vardır. Hər iki lider, qadınların patriarxal rejimə itaətkarlığı üzərində totalitar rejimi qurdu. Qədim Roma ilə SSRİ arasında olan paralellər belə deməyə əsas verir ki, Stalin, SSRİ-ni Qədim Romanın varisi (Üçüncü Roma) kimi görürdü.
Bu paralellər bir daha təsdiq edir ki, totalitar rejimlər qadını ya patriarxal ailənin, ya da birbaşa patriarxal dövlətin diktəsi altına alaraq öz idarəetmə rejimlərini qururlar. Eyni zamanda, qadının istismarı üzərində bərqərar olan bu cür totalitar sistemlər, qadınların inqilabı ilə ortadan qaldırılır (Romanı ilk xristianların, cahiliyyə sistemini ilk müsəlmanların, Çar Rusiyasını solçu feministlərin yıxdığı kimi).
İ. Stalinin bir dövlət lideri kimi şəxsiyyətini və yaratdığı totalitar dövlət çərçivəsində həyata keçirdiyi siyasəti neçə dəyərləndirmək olar?
Ümumiyyətlə, bu məsələyə birmənalı şəkildə yanaşmaq çox çətindir. Buna müsbət və mənfi yanaşan tədqiqatçıların hər birinin əsaslı arqumentləri vardır. Əgər biz bu məsələyə ailə qurumu kontekstindən yanaşsaq da, eyni nəticəyə gələcəyik. Çünki Stalin rejimi bir tərəfdən ailə qurumunu məhv etməyi qarşılarına məqsəd qoyan anarxist-feminist bolşevikləri ortadan qaldırdı və ənənəvi ailəni dövlətin himayəsi altına alaraq qorudu. Lakin, SSRİ ərazisində əsasən kişilərdən ibarət 40 milyon insanı repressiyaya qurban edən və milyonlarla ailəni başsız qoyan da o idi. Onun repressiyaları totalitar dövlətin qurulmasına və daxili təhlükəsizliyə hesablanmışdırsa, repressiyalar nəticəsində ortaya çıxan demoqrafik gender disbalansı nəyə hesablanmışdır?
Repressiyaların və II Dünya Müharibəsinin nəticəsində kişi əhalinin sayının kəskin şəkildə azalması və qadınların əmək bölgüsündə kişilərin yerini tutması, SSRİ ərazisində 50-ci illərdən başlayaraq, sosial feminləşmə prosesinin başlanğıcını qoydu.
1936-cı ildə abortların qadağan edilməsi, kriminal abortların meydana çıxmasına və qadın ölümlərinin artmasına şərait yaratdı. Rusiyada 1936-1955-cı illərdə qadın ölümlərinin səviyyəsi yüksək olmuşdur (diaqram 4.1). Çünki 1936-1955-cı illərdə SSRİ-də abortlar qanunla qadağan olunmuşdur.
Diaqram 4.1. Rusiyada ana ölümlərinin və abortlardan ölümlərin səviyyəsi (1934-1998)

1920-ci ildən başlayaraq, Azərbaycanda ərazisində sosializm quruculuğu prosesi başladı. Bu proses, sosial təbəqələşməni və onun əsasında dayanan ənənəvi patriarxal kollektiv dəyərləri ortadan qaldırmaq ilə müşayiət olunan sürətli modernləşmə, anarxiya və feminləşmə prosesi idi. Bu proses, ənənəvi kollektivizmin yerinə individualizm dəyərlərini gətirdi və sonra fərdləri (kişi və qadınları) əmək kollektivizmi ideologiyasında birləşdirməyə çalışdı. Ənənəvi dəyərlərdən biri və ən mühümü ailə qurumu idi. Buna görə də, onu da ortadan qaldırmaq gərəkirdi. Bolşeviklər ailə qurumunu məhv etmək üçün, bütün yollara əl atdılar. Bu proseslər İ. Stalinin dövrünədək davam etdi.
1929-cu ildə hakimiyyətə gələn İ. Stalin anarxist və feminist bolşeviklərə qarşı çıxaraq, ailə qurumunu məhv olmaq təhlükəsindən qorudu. O, anladı ki, ölkəni gücləndirmək və totalitar sistem yaratmaq üçün, bəzi patriarxal ənənələrin bərpa edilməsinə ehtiyac vardır. Lakin, mərkəzləşdirilmiş mütləq patriarx rolunda özü iştirak etməli idi (şəxsiyyətə pərəstiş). O, ölkəni vahid bir ideologiya və total qorxu altında, bir ailə modelində birləşdirərək, özünü bu ailənin atası kimi qələmə verməyə çalışdı. Çünki cəmiyyət artıq feodalizmin kollektiv dəyərlərindən uzaqlaşdırılaraq, əmək kollektivlərində bir araya gətirilən fərdlərə bölünmüşdü. Xüsusi mülkiyyətin ləğvi, sosial təbəqələşmənin ortadan qaldırılması və “sovet insanı” kimliyinin formalaşdırılması istiqamətində ideoloji işlərin aparılması orta statistik sovet ailəsi modelinin əsasını qoyurdu. Orta statistik “azərbaycanlı ailəsi” fenomeni də sovet ailə modelinin tərkib hissəsi idi. Bu siyasət, SSRİ-nin süqutuna qədər davam etdi.
1953-cü ildə İ. Stalinin vəfatı və onun rejiminin süqutu nəticəsində SSRİ-də patriarxal sistem öz klassik liderini itirdi (İ. Stalin öz geyim və davranışları ilə bu imici yaratmağa çalışırdı). 50-60-cı illərdə N. Xruşovun hakimiyyəti dövründə cəmiyyətdə demokratikləşmə prosesi başladı. Lakin, Stalinin vəfatından sonra 1990-cı ilədək Azərbaycanda boşanmaların sayı aşağı templə artmağa başladı (0.3 - 2.0).
İ. Stalinin dövründə SSRİ-də çox ciddi bir rejim formalaşmışdır. Onun ölümündən sonra (1953) hakimiyyətə gələn N. Xruşov bu ciddiyyəti tədricən ortadan qaldırdı. Tədricən SSRİ-də Qərbin təsirləri özünü biruzə verməyə başladı. Bu özünü, qismən liberallaşma meyillərində biruzə verirdi.
1950-ci ildə abortları qadağan edən qanun ləğv edildi, övlad dünyaya gətirmək hüququ və doğuşa nəzarət funksiyası analara və tibb müəssisələrinə verildi. SSRİ-də 60-cı illərdə kontraseptiv vasitələrin olmaması və hamilə qadınlar üçün tibbi xidmətin aşağı səviyyədə olması, abortların qarşısını alırdı. Cəmiyyətdə boşanmalara görə ictimai qınaq ortadan qaldırıldı, geyim formaları sərbəstləşdi, nikahdankənar uşaqların sayı artdı. Stalin kommunalkalarının Xroşov fərdi evləri ilə əvəz olunması şəxsi ailə həyatının formalaşmasına təkan verdi. Artıq, ailə qapalı və müstəqil bir məkana sahib olmaqla öz müstəqilliyini qazandı. Bu mənzillərin “azərbaycanlı ailəsi” modelinin formalaşmasında öz rolu oldu.
1955-ci ildə N. Xruşov 12 həftəlik hamiləlik dövrünədək abortların həyata keçirilməsi ilə bağlı yeni qanun qəbul etdi. 60-cı illərin ortalarında Avropada hormonal preparatların meydana çıxması kontraseptiv inqilaba səbəb oldu. Bu, bir tərəfdən qadınların arzuolunmaz hamiləlikdən asanlıqla azad olmasını təmin edərək qadınların kişilərdən asılılığının azalmasına şərait yaratdı.
1964-cü ildə SSRİ-də abortların səviyyəsi pik həddə çatmışdır. Qeydə alınan abortların sayı 5.6 milyonu keçmişdir. Onlar arasında qeydə alınmayan və ev şəraitində həyata keçirilən abortlar da vardır. Bunun əsas səbəbi, həmin dövrdə ərzaq qıtlığı idi. Ərzağın çatışmaması, böyük növbələrin yaranmasına səbəb olurdu. Buna görə də, əhali abort etdirməyə üstünlük verirdi [35, 95].
Avropa ölkələrində olduğu kimi, SSRİ ərazisində də 60-cı illərdə qısa ətəklər, kişilərdə uzun saçlar və hippi üslübu dəbə mindi. Bakı şəhərində də şəhərli gənclər arasında bu dəbin yaşadanlar vardır. Əslində, totalitar diktatura rejimlərindən sonra, bu təmayüllərin həm Avropada, həm də SSRİ-də meydana çıxması gözlənilən idi. Çünki Stalin və Hitler rejimi fərdlərin şəxsi həyatını və onların sərbəstliyini kollektiv total ideologiyalar vasitəsilə məhv etmişdi. 60-cı illər liberal individualizm dəyərlərinin cəmiyyətə daxil olduğu dövr oldu.
1956-cı ildə Azərbaycanda azərbaycan dilinin rəsmi dövlət dili statusu alması, milli şüurun oyanmasına və inkişaf etməsinə, milli dəyərlərin gündəmə gəlməsinə və bütün sahələrdə milli kadrların artmasına səbəb oldu. Bu proseslər nəticəsində Azərbaycanda rusların və qeyri-azərbaycanıların sayı azalmağa başladı. Kreml bunun qarşısını almaq üçün həbslərə başladı və rəhbərliyi dəyişdi. Görünür, artıq həmin dövrdə Kreml daxilində konservatorlar ilə islahatçılar arasında gizli qarşıdurma nəticəsi olaraq ölkədə belə proseslər gedirdi.
60-70-ci illərdə Azərbaycanda müasir ailə modeli formalaşmışdı. Bu prosesin sürətlənməsində inzibati-amiranə idarəçilik sistemi ilə yanaşı, təhsilin inkişafının və qarışıq nikahların çox olmasının öz rolu olmuşdur. Ancaq, azərbaycan dilinin və ədəbiyyatının inkişafı milli şüuru formalaşdırdığı kimi, “azərbaycanlı ailəsi” modelini də milliləşdirdi. 70-ci illərdə milli televiziyanın meydana çıxması bu prosesi daha da sürətləndirdi (paradoksaldır ki, bu gün müstəqil Azərbaycan dövlətində ortaya çıxan TV kanalları öz proqramları ilə milli şüurun tənəzzülünə xidmət edirlər). Ancaq, bu proseslər ağır təzyiq altında və sosializm ideologiyasının təsiri altında baş verirdi.
60-70-ci illərdə dövlət, tənha analara, boşanmış qadınlara yardım edir, hamilə qadınlara, analara müəyyən güzəştlər verir və “analıq ideologiyası” siyasəti həyata keçirirdi. Ailədə və iş həyatında balansı qoruyub saxlayan qadınlar “işləyən ana” statusu ilə ölkənin gender rejimini müəyyənləşdirdi.
Ölkədə sosial-iqtisadi vəziyyət və ictimai şüur elə formalaşmışdı ki, ailədə qadınların işləməsi zəruri idi. Körpələr evi və uşaq baxçaları bu işdə qadınlara yardım edirdi. Lakin, onların maddi-texniki səviyyəsi, tibbi xidmət səviyyəsi ailələrin tələblərinə cavab vermirdi. Buna görə də, qadınların çoxu uşaqlarını daha çox nənələrə həvalə etməyə üstünlük verirdilər. Əksər hallarda, ailədə qadınların pensiyada olan anaları uşaqlara baxırdı. Bu dövrdə qadınlar qayınana ilə birgə yaşamağa normal hal kimi baxırdılar. Bu cür matrifokal və ya patrifokal ailələrdə yaşamaq daha əlverişli idi. Çünki qadınlar həm ailə-ev işlərində, uşağa baxmaq məsələsində təcrübəli qadınlara ehtiyac duyduqları kimi, eyni zamanda, ağır gender əmək bölgüsündə əlavə qadın əməyinə təlabat hiss edirdilər. Bu, onların həm sosial, həm də ailə yükünü bir qədər yüngülləşdirirdi.
İş həyatının önə çəkilməsi, “qadının maskulinləşməsi” və “qadının evə dönməsi” ideyasının ortaya çıxmasına şərait yaratdı. Mövcud durumun dəyişməsi üçün, məişət texnikasının təkmilləşdirilməsi, xidmət sahələrinin artırılması, sosial infrastrukturun inkişaf etdirilməsi məsələsi gündəmə gəldi. Çünki qadınlar ev işlərinə kişilərdən 2-3 dəfə daha çox vaxt sərf etdikləri halda, iş həyatında paralel şəkildə güc sərf edə bilmirdilər. Bu da, onların peşəkarlıq imkanlarını məhdudlaşdırırdı.
1950-2015-ci illərdə Rusiyada nikahlara görə boşanmaların həcminə diqqət yetirsək görərik ki, Rusiyada da boşanmalar 1965-1970-ci illərdən sonra sürətlə atmağa başlamış və 2000-ci ildə pik həddinə çatmışdır (70%). Lakin, 2000-ci ildən sonra bu göstərici enmək üzrə davam etsə də, nikahlara görə boşanmaların həcminin 53% olması çox neqativ bir göstəricidir.
Diaqram 4.2. Rusiyada nikahlara görə boşanmaların həcmi (1950-2015)

Dünyada nikahlara görə boşanmaların həcmi əsasən 70-ci illərdən başlayaraq kəskin şəkildə yüksələn xətt üzrə irəliləmişdir. Halbuki, 50-60-cı illərdə və ondan əvvəlki dövrlərdə bu göstəricinin çox aşağı səviyyədə olduğu müşahidə olunur. II Dünya Müharibəsində və ondan sonrakı dövrlərdə sosial-iqtisadi gərginliyin yüksək olduğunu nəzərə alsaq deyə bilərik ki, sabitliyin və iqtisadi durumun qismən üstün olduğu 70-ci illərdən fərqli olaraq boşanmalar daha çox olmalı idi. Əslində, bunun əksini müşahidə edirik.
Rusiyada boşanmaların 70-ci illərdən başlayaraq kəskin yüksəldiyini (30%) və bu dinamikanın sürətlə irəlilədiyini müşahidə edirik. 1965-1975 illərdə Azərbaycanda da boşanmaların səviyyəsi 9%-dən 15%-dək yüksəlmişdir. Bunlar, 1966-cı ildə SSRİ-nin boşanmalara liberal münasibət bəsləyən qanunvericiliyinin ortaya çıxması ilə bağlı idi. Lakin, bu dövrədək SSRİ-də boşanmalara münasibət çox sərt olmuş, ailə qurumunun möhkəmlənməsi və nəsilvermə əmsalının artması üçün bir çox dövlət tədbirləri görülmüş və dövlət yardımları təyin olunmuşdur (“qəhrəman ana”, “ana şöhrəti” mükafatları, dövlətin maddi yardımları).
Cədvəl 4.3. Rəsmi qeydə alınmış nikah və boşanmaların illərə (1935-2016) və əhalinin hər 1000 nəfərinə görə sayı (DSK)

Boşanmaların bağlanan nikahların nisbətinə görə daha dəhşətli hal, 1935-1944 illər arasında 46%-dən 28.9%-ə enən rəqəmlərin dinamikasında müşahidə olunmuşdur. Lakin, 1945-ci ildə bu rəqəm kəskin şəkildə azalaraq 28.9%-dən 1%-dək enmişdir. Azərbaycanda bağlanan nikahlara nisbətdə boşanmaların sayının 1%-dən 9%-dək olduğu illər 1945-1965 illərdir (1945-1960 illərdə bu rəqəm 1%-dən 6%-dək, 1960-1965 illərdə 6%-dən 9%-dək təşkil etmişdir). Boşanma səviyyəsi 1966-2017-ci illərdə artan dinamika ilə irəliləyərək 10%-dən 23%-dək yüksəlmişdir (1965-1975 illərdə 9%-dən 15%-dək, 1975-1990 illərdə 15%-dən 19.2%-dək).
II Dünya müharibəsindən 90-cı illərədək SSRİ və Azərbaycan SSR ərazisində həyata keçirilən ailə siyasəti, müasir azərbaycan ailə modelinin təməlini təşkil etmişdir. 70-ci illərdən Azərbaycana rəhbərlik edən Ümummilli lider Heydər Əliyev “azərbaycanlı” kimliyi və “azərbaycanlı ailəsi” modelinin inkişaf etməsi istiqamətində xüsusi siyasət həyata keçirmişdir. Dövlətin həyata keçirdiyi yumşaq patriarxal ailə siyasəti, analıq dəyərinin həm ailə, həm də cəmiyyət müstəvisində paralel şəkildə qorunmasına və inkişaf etdirilməsinə yönəlmişdir. Bu özünü, uşaqların sağlamlığının qorunması, təhsil alması, tərbiyə olunması, sosiallaşması məsələlərində, həmçinin, ailənin bir çox problemlərinin həll olunmasında anaların və dövlətin paralel məsuliyyətində biruzə verirdi.
Ümummilli lider Heydər Əliyev ailə barədə belə deyirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir".
Sovet dövründə Azərbaycanda əksər ailələrin sadə və mehriban həyat tərzi, onların varlığını şərtləndirən əsas cəhətlərdən biri idi.
Dövlətin həyata keçirdiyi sosial siyasət sayəsində ana və uşaqlar dövlətin əksər xidmətlərindən pulsuz yararlana bilirdilər (ödənişli dekret məzuniyyətləri, uşaq pulları, məktəbəqədər və məktəbdənkənar uşaq baxçaları və s). Lakin, xidmət səviyyəsi tələblərə cavab vermədiyi üçün, analar əlavə yardıma ehtiyac duyurdular. Bu, nənələr qurumunu yenidən gündəmə gətirdi. Nənələr, legitim gender müqaviləsi əsasında uşaqları ənənəvi mədəniyyətin elementlərini ötürməklə, nəsillərarası əlaqə yaratdılar. Ənənəvi olaraq, ana və nənələr ailənin bütün məsələlərindən (ev işləri, uşaq tərbiyəsi) məsuliyyət daşımaqla yanaşı, işləməklə ailənin maddi təminatında da mühüm rol oynadılar.
Beləliklə, SSRİ-də tətbiq olunan ailə siyasəti, qadının ailədə rolunu daha da artırdı. Ailə qurumunun varlığı ana ilə dövlətin idarəsi altına keçdi. Kişilər isə, bu qurumdan tədricən uzaqlaşdırıldılar. Bu durum, modernləşməni yaşayan bütün cəmiyyətlər üçün xarakterikdir. Daha çox modernləşən və sosial siyasət həyat keçirən cəmiyyətlərdə durum daha kritikdir. Bu durum, ailədə uşaqların sayının azalmasını və ailə qurumunun uşaqmərkəzli olmasını təmin etdi.
17:36 29.10.2025
Oxunuş sayı: 3078