Sülh sazişi ilə bağlı mühüm açıqlama: "Gözlənilir ki..."
Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu bir dövrdə Ermənistan tərəfindən səslənən yeni iqtisadi mesajlar regionun gələcəyi baxımından diqqət çəkir. Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyanın açıqlamasına əsasən, Azərbaycan və Ermənistan xarici ticarət sahəsində bir-birinə rəqib deyil, əksinə, qarşılıqlı şəkildə bir-birini tamamlayan ölkələr kimi çıxış edə bilərlər.
Nazirin sözlərinə görə, bu mövzuda aparılan elmi araşdırmalar da göstərir ki, Azərbaycanın ixrac etdiyi məhsulların əhəmiyyətli hissəsi Ermənistanın idxal tələbatına uyğun gəlir, eyni zamanda Ermənistanın ixrac potensialı da Azərbaycanın bazar ehtiyacları ilə uzlaşır. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin formalaşması üçün real zəminin mövcud olduğunu nümayiş etdirir.
Qarşılıqlı ticarət münasibətlərinin qurulması təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm addım ola bilər. Əgər siyasi şərait buna imkan versə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq regionda sabitlik, qarşılıqlı etimad və rifahın artmasına töhfə verə bilər. Bu yanaşma, uzun illər davam edən qarşıdurmadan sonra, Cənubi Qafqazda sülhün iqtisadi əsaslar üzərində möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələnin başlaya biləcəyini göstərir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"İki ölkə arasında artıq müharibə və kəskin qarşıdurma limitləri yoxdur. Azərbaycan apardığı düşünülmüş və müsbət məcraya yönəldilmiş siyasət nəticəsində bu vəziyyətə nail olub. Gözlənilir ki, Ermənistan Konstitusiyasını dəyişdikdən sonra sülh müqaviləsi imzalanacaq. Bundan sonra Ermənistanla Azərbaycan arasında iki qonşu dövlət arasında mümkün olan bütün normal münasibətlər öz təşkilini tapa bilər. Azərbaycan tərəfi xoş məramını nümayiş etdirərək, Ermənistana gedən Qazaxıstandan və Rusiyadan gələn yüklərin buraxılmasına razılıq verib və Ermənistan artıq bunun müsbət nəticəsini hiss etməkdədir. Sülh müqaviləsi imzalandıqdan və diplomatik əlaqələr qurulduqdan sonra münasibətlərimizin hərtərəfli inkişafı Ermənistanın səmimi siyasətindən asılı olacaq. Bu, o cümlədən iqtisadi sahəni də əhatə edə bilər. Artıq məsələ gələcəyin necə qurulmasından asılıdır".
O söyləyib ki, sadəcə diplomatik əlaqələr qurulub, digər məsələlərdə Azərbaycanla səmimiyyətdən uzaq addımlar atılacaqsa və ya suistifadə hallarına yol veriləcəksə, o zaman hər hansı birgə iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz: "Lakin Ermənistan dünyada qəbul olunan normaları öz üzərinə götürəcəksə, iqtisadi əməkdaşlıq mümkündür, birgə layihələr həyata keçirilə bilər, biz bir-birimizi regionda və dünyanın digər yerlərində tamamlayan tərəfdaşlara çevrilə bilərik. Azərbaycan bütün dövlətlərlə məhz bu prinsip əsasında əməkdaşlıq edir".
Elmir Heydərli
11:30 29.10.2025
Oxunuş sayı: 2171