Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktubun detalları: Qeyri-qanuni təşəbbüsdən doğan cinayətdir
Ramiz Mehdiyevin fəaliyyəti ətrafında baş verən hadisələr son dövrlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Onun keçmişdə tutduğu vəzifələr, siyasi proseslərdə oynadığı rol və bu gün ortaya çıxan yeni məlumatlar, cəmiyyətin diqqətini yenidən onun şəxsiyyətinə yönəldib. Xüsusilə də, dövlət idarəçiliyinə dair irəli sürdüyü təkliflər və gizli təşəbbüslər, mövcud hüquqi-siyasi sistemin prinsipləri ilə ziddiyyət təşkil edir. Mehdiyevin atdığı addımlar təkcə fərdi maraqları deyil, həm də dövlətin konstitusion əsaslarını sual altına alan cəhdlər kimi qiymətləndirilir. Bu səbəbdən onun hərəkətləri sadəcə siyasi deyil, həm də hüquqi və mənəvi məsuliyyət məsələsi kimi gündəmə gətirilir.
Məsələ ilə bağlı “Ədalət” partiyasının rəhbəri Mütəllim Rəhimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ramiz Mehdiyevin hərəkətləri ilə bağlı məsələ ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Onun əməlləri və niyyətləri getdikcə daha çox heyrətləndirir. Hakimiyyətin qazandırdığı bütün üstünlüklərdən istifadə edərək şəxsi ambisiyalarını reallaşdırıb və ya buna çalışıb. Dövlət Şurasının yaradılması ilə əlaqədar yazdığı məktub isə bir çox qaranlıq məqamlara aydınlıq gətirir. Rusiya rəhbərliyinə yazdığı qeyd edilən məktubda faktiki olaraq hakimiyyətin Konstitusiyaya zidd olaraq formalaşdırılması məsələsi qoyulur".
Partiya sədri, həmçinin respublika idarəçilik formasında hakimiyyət bölgüsü məsələsinin konkret göstərildiyini qeyd edib: "Bunu pozmağa cəhd kifayət qədər məsuliyyət doğurur. Buna baxmayaraq Mehdiyev buna təşəbbüs göstərib və bu niyyətini yazılı şəkildə qələmə alıb. Bu sadəcə olaraq vəzifə səlahiyyətlərini aşmaq deyil, qeyri-qanuni təşəbbüsdən doğan cinayətdir".
11:00 29.10.2025
Oxunuş sayı: 1269