Bu gün Energetiklər Günüdür

Bu gün Azərbaycanda Energetiklər Günüdür. İyirmi bir ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 44 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Bu gün Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyini 100 faiz təmin edir
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.
Ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 9 732,5 meqavata çatıb.
Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli, “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir.
Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 9732,5 meqavata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 meqavat və ya 15,6 faiz artım deməkdir. Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan 1 880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu var. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir. Elektroenergetika sistemində hazırda ümumi gücü 7903 meqavat olan 24 istilik elektrik stansiyası, 1 443,5 meqavatlıq 65 su elektrik stansiyası, 278,2 meqavat gücündə 9 günəş elektrik stansiyası, 63,5 meqavat gücündə 5 külək elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 829,6 meqavatdır ki, bu da ümumi istehsal gücünün təxminən 18,8 faizini təşkil edir. Bu dövrdə generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714 meqavata çatıb. Son illər artan istehsal gücü Azərbaycanın enerji balansında sabitliyi qoruyur. Ötən il ölkədə 28,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub, bunun 24,1 milyardı daxili tələbatın ödənilməsinə, 1,4 milyardı ixraca yönəlib. İdxal isə 70,7 milyon kilovat-saat təşkil edib. Bu ilin ilk doqquz ayında 21,8 milyard kilovat-saat enerji istehsal edilib, ixrac 989,6 milyon, idxal isə 145 milyon kilovat-saat həcmində olub. Elektrik enerjisi istehsalında müşahidə olunan əsas tendensiya ondan ibarətdir ki, burada artım dinamikasını məhz bərpa olunan enerji mənbələri formalaşdırır. Xüsusilə, 230 meqavat gücündə “Qaradağ” GES fəaliyyətə başladığı iki ilə yaxın müddət ərzində günəş enerjisindən elektrik enerjisi istehsalının 10 dəfə artmasına imkan yaradıb. Bu dövrdə stansiyada 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
2027-ci ilədək elektrik enerjisinin qoyuluş gücündə yaşıl enerjinin payı 33,7 faizə çatacaq
Enerji keçidinin mühüm komponentlərindən biri olan enerji səmərəliliyi də ölkəmizin davamlı inkişaf strategiyasının mərkəzində dayanır. Qarşıdakı iki il ərzində “yaşıl enerji”nin inkişafının birinci mərhələsi - 10 günəş və külək elektrik stansiyasının inşasının başa çatdırılması hədəflənib. Bu çərçivədə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək. Stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 meqavat gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq. İki 220/33 kilovoltluq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq. Bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 meqavat gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisinə də start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerji layihələrindən biridir. Həm bu stansiya, həm də 315 meqavat gücə malik “Neftçala” Günəş Elektrik Stansiyasının gələn il, 240 meqavat gücündə “Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası və qoyuluş gücü 240 meqavat olan “Şəfəq” Günəş Elektrik Stansiyasının isə 2027-ci ildə istismara verilməsi planlarına uyğun işlər ardıcıl şəkildə davam etdirilir. Cəbrayılda 50 meqavat gücündə “Şəms” və 50 meqavat gücündə “Üfüq” günəş elektrik stansiyalarının təməlinin yaxın zamanda qoyulması planlaşdırılır. Ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 meqavat gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 meqavatlıq günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür. Bu layihələrin reallaşması sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpaolunan enerjinin payı 33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq illik 5 milyard kilovat-saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək emissiya azalması təmin ediləcək.
“Yaşıl dünya naminə həmrəylik ili” və COP29
2023-cü il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncam imzaladı. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulurdu. Beləliklə, bərpaolunan enerji gündəliyimizin reallaşdırılması “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində daha geniş vüsət aldı. Ötən ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə təxminən 1 milyard dollar məbləğində investisiya dəyərinə və 1000 meqavat ümumi gücə malik üç stansiyanın - Neftçalanın Bankə qəsəbəsində 315 meqavat, Biləsuvarda 445 meqavat gücündə günəş və Abşeron-Qaradağ rayonları ərazisində 240 meqavatlıq külək elektrik stansiyalarının təməli qoyuldu. Həmçinin “ACWA Power” şirkəti ilə 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 meqavatlıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalandı. Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kilovat olan və illik 160 min kilovat-saat elektrik enerjisi istehsalı imkanına malik ilk üzən Günəş elektrik stansiyası istifadəyə verildi.
Ölkəmizdə emissiyaların 2050-ci ilə qədər 40 faizədək azaldılması üzrə könüllü öhdəlik qəbul edilib. Bu öhdəliyi yerinə yetirmək üçün 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün ən az 30 faizə çatdırılması hədəflənir.
COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycan da qoşulub.
COP29 çərçivəsidə Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.
COP29 qlobal enerji saxlama və şəbəkələr vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 giqavat gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır. COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Hidrogen haqqında COP29 bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır.
Həmçinin “Yaşıl enerji” dəhlizi üzrə işlər ötən il COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin imzalanması ilə başlandı. Azərbaycan Prezidentinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkan kimi inkişaf etdirmək siyasətinin prioritetləri ilə uzlaşan “Transxəzər Enerji Dəhlizi” tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərinin birləşdirilməsinə imkan yaradır. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə qərargahı Bakıda yerləşən “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edilib və şirkət seçimi tamamlandıqdan sonra noyabr ayında Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankının maliyyə dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq.
Bu ilin aprelində imzalanmış Memoranduma əsasən, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin isə Texniki Tapşırıq sənədi hazırlanır və sənədin tamamlanmasından sonra məsləhətçi şirkətin seçimi üçün tender keçiriləcək. Beləliklə, müxtəlif dəhlizlər və interkonnektorlar gələcəkdə bir-biri ilə əlaqələndirilərək, Mərkəzi Asiyadan Avropaya qədər geniş coğrafiyada Azərbaycanı bərpa olunan enerjinin ixracı və tranzitində aparıcı ölkə mövqeyinə yüksəldəcək. Eyni zamanda, bu layihələr uzaq məsafəli enerji mənbələrinin istehlak mərkəzləri ilə inteqrasiyasını təmin edərək, enerji təchizatı ilə tələbat arasında tarazlığı qoruyacaq və böyük həcmdə “yaşıl enerji” güclərinin şəbəkəyə qoşulmasını reallaşdırmaqla qlobal miqyasda “yaşıl keçid” prosesinə mühüm töhfə verəcək.
İşğaldan azad edilən ərazilərimizdə işıqlı gələcək - enerji tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə o yerləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır.
Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin təmiz enerji təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür.
Su elektrik stansiyaları isə bölgənin “təmiz enerji” təminatının əsas mənbəyidir. Ötən il istehsal olunan 573 milyon kilovat-saat elektrik enerjisinin 40 faizi regionun daxili tələbatını ödəyib, 60 faizi isə ölkənin ümumi enerji sisteminə ötürülüb. Su elektrik stansiyalarının ümumi gücünün 500 meqavata çatdırılması planına uyğun olaraq, indiyə qədər 307 meqavat gücündə 38 stansiya istismara verilib. Bu, il ərzində 800 milyon kilovat-saat çox “yaşıl enerji”nin istehsalı, 200 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, istixana qazı emissiyalarının isə 400 min tondan çox azalması deməkdir. Hazırda Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində özəl investisiyalar hesabına 13 meqavat gücündə 4 kiçik su elektrik stansiyasının tikintisi davam edir, 2026-cı ildə isə 5 əlavə stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Araz çayı üzərində 100 meqavat gücündə “Xudafərin” və 40 meqavat gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisinə başlanması üçün tender prosesinə hazırlıq görülür. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək və damüstü panellər hesabına istehsal gücünün 1,6 giqavata çatması gözlənir, bu isə daxili tələbatdan iki dəfə artıq enerjinin “Cəbrayıl” enerji qovşağı vasitəsilə ixracına və bölgədə yeni imkanların yaranmasına yol açacaq. Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı yaşıl enerji zonası kimi qurulması 2050-ci ilə qədər karbon emissiyalarının 40 faiz azaldılması hədəfinə doğru aparan yolun əhəmiyyətli hissəsidir.
Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına 2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində “Şimal” Kiçik Su Elektrik Stansiyası, Cəbrayıl rayonunda “Cəbrayıl” qovşaq elektrik yarımstansiyası, Xocavənd rayonunda “Hadrut” qovşaq yarımstansiyası, Kəlbəcər rayonunda “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası, Laçın rayonunda “Qorçu” yarımstansiyası, “Laçın” şəhər yarımstansiyası, Laçın rayonunda “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, Zəngilan rayonunda “Cahangirbəyli” Su Elektrik Stansiyası istifadəyə verilib.
Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. “Mişni” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Mişni” Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.
Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Azad edilmiş torpaqlarımızdakı evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmaq lazımdır.
Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.
11:26 20.10.2025
Oxunuş sayı: 959