TRT World: Hindistanda müsəlmanlara qarşı “buldozer ədaləti” güclənir

Türkiyənin TRT World telekanalının saytında Hindistan müsəlmanlarına qarşı repressiyalara həsr olunmuş məqalə dərc olunub.
Crossmedia.az xarici mənbəyə istinadən məlumat verir.
Məqalədə bildirilir ki, Hindistanın hakim Bharatiya Janata Party (BJP) partiyasının idarə etdiyi bir neçə ştatda hökumət orqanları müsəlmanlara qarşı kütləvi həbslər, reydlər və evlərin sökülməsi əməliyyatları aparır. Bu addımlar Uttar-Pradeş ştatının Kanpur şəhərində “Mən Məhəmmədi sevirəm” yazılı bannerin Eid-e-Milad-un-Nabi bayramı zamanı asılmasından sonra başlayıb.
Sülh şəraitində keçirilən yürüşə sərt reaksiya verilib: Hindistan Cinayət Məcəlləsinin 153A maddəsi (etnik və dini ədavətin qızışdırılması) üzrə saxlanılmalar həyata keçirilib, evlər isə “qanunsuz tikinti” və ya “ictimai asayişə təhdid” bəhanəsi ilə sökülüb.
Vətəndaş Hüquqlarının Müdafiəsi Assosiasiyasının (APCR) hesabatına görə, 7 oktyabr 2025-ci il tarixinə ölkə üzrə 4505 müsəlman saxlanılıb, onlardan 265-i, o cümlədən 89 nəfər Bareylidə həbs edilib. Yalnız Uttar-Pradeş ştatında 16 polis müraciəti qeydə alınıb, 1000-dən çox şəxsə qarşı ittiham irəli sürülüb. Kaşipur şəhərində bir iş üzrə 401 nəfər təqsirləndirilən kimi göstərilib. Oxşar hallar Qucarat, Maharaştra və Telanqana ştatlarında da qeydə alınıb.
Hüquq müdafiəçiləri vurğulayırlar ki, etiraz aksiyaları tamamilə dinc xarakter daşıyıb. Lakin hökumət bu həbsləri icmalararası gərginlik təhlükəsi ilə əsaslandırır. APCR nümayəndələri baş verənləri inancın dinc ifadəsinin cinayətləşdirilməsi kimi qiymətləndirirlər.
Söküntü taktikası da diqqət çəkib: Bareylidə aralarında IMC partiyasının lideri Maulana Taukir Raza Xanın tərəfdarına məxsus banket zalının da olduğu obyektlər sökülüb. Qucaratda isə sosial şəbəkələrdəki hadisələrdən sonra “qanunsuz” elan edilən 186 tikilidən 178-i dağıdılıb.
Yerli sakinlər və hüquqşünaslar bildirirlər ki, hakimiyyətin bu addımları cəzalandırıcı xarakter daşıyır, çox vaxt məhkəmə qərarı, rəsmi bildiriş və ya qanuni prosedurlar olmadan həyata keçirilir. Hindistan Ali Məhkəməsi bu “ani söküntü” praktikasını BJP-nin idarə etdiyi ştatlara xas hesab edib və bunun müsəlman azlığa qarşı qeyri-mütənasib təsir göstərdiyini qeyd edib.
Amnesty International India təşkilatının fikrincə, “Mən Məhəmmədi sevirəm” şüarı dini duyğuların dinc ifadəsidir və cinayət məsuliyyətinə səbəb olmamalıdır. Hüquqşünaslar vurğulayırlar ki, bu cür tədbirlər Hindistan Konstitusiyasının 19(1)(a) (ifadə azadlığı) və 25-ci (dini etiqad azadlığı) maddələrini pozur.
Tənqidçilərin sözlərinə görə, hökumətin bu üsulu “buldozer ədaləti” adlanan yeni təzyiq formasıdır. Onlar məhkəmə orqanlarını hüquqi normaların və dini azadlıqların pozulmasına son qoymaq üçün müdaxiləyə çağırıblar.
Günel Verdiyeva
17:37 17.10.2025
Oxunuş sayı: 1734