Qarabağda “Mədəniyyət rüzgarı” adlı tədbirlər silsiləsi keçiriləcək




İşğaldan azad olunmuş Qarabağda dövlət tərəfindən genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı təmin edilir. Sürətlə dirçəldilən bu torpaqlarda mədəni mühitin bərpası da diqqət mərkəzində saxlanılır.
Crossmedia.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20–31 oktyabr tarixlərində Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” adlı silsilə tədbirlər həyata keçiriləcək.
Bir neçə mədəni sahəni özündə birləşdirən layihə Qarabağ bölgəsinin beş şəhərini – Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xankəndini – əhatə edəcək.
MEMİM-in “Sənətkarın dostu” layihəsi çərçivəsində oktyabrın 20-də Qarabağ Universiteti İncəsənət fakültəsinin dəstəyi ilə xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovla görüş, oktyabrın 21-də isə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar keçiriləcək. Tədbir dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə təşkil olunacaq.
20–25 oktyabr tarixlərində Ağdam Dövlət Dram Teatrında, 26–31 oktyabr tarixlərində isə Füzuli Dövlət Dram Teatrında “Regionlarda peşəkar teatr dərsləri” adlı silsilə tədbirlər keçiriləcək.
Oktyabrın 27-də Bərdə rayon Mədəniyyət Mərkəzində kitabxana əməkdaşları üçün təlim təşkil olunacaq.
Layihə çərçivəsində silsilə ustad dərsləri də keçiriləcək. Oktyabrın 27-də Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində Xalq artisti, professor Zəhra Quliyeva violin üzrə, oktyabrın 28-də isə Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində Əməkdar artist Neymət Mürsəlov (tar) və sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Kəngərli (fortepiano) üzrə ustad dərsləri təqdim edəcəklər.
“Sənətkarın dostu” layihəsinin növbəti görüşü oktyabrın 29-da Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Xalq artisti, xanəndə, pedaqoq Mənsum İbrahimovun iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, MEMİM-in təşkilatçılığı ilə “Mədəniyyət rüzgarı” adlı ilk silsilə tədbirlər bu ilin 8–12 aprel tarixlərində Gəncə şəhərində keçirilmişdi.
Ayan Sədi
16:02 17.10.2025
Oxunuş sayı: 3289