Bakıda Üzeyir Hacıbəyli və Mikaloyus Konstantinas Çyurlyonisin xatirəsinə həsr olunmuş konsert keçirilib

Bakıda Azərbaycanın və Litvanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli və Mikaloyus Konstantinas Çyurlyonisin xatirəsinə həsr olunmuş konsert keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Litvanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Açılış mərasimində Litvanın Bakıdakı səfiri Kyastutis Vaşkeleviçyus salamlama nitqi ilə çıxış edərək musiqinin ölkələr arasında mədəni əlaqələri necə gücləndirə biləcəyinin şahidi olacaqlarını vurğulayıb: "Mədəni mübadilə təkcə notlar və melodiyalar deyil, həm də insanları anlamaq üçün bir yoldur. Musiqisi və rəssamlığı Avropa modernizmi üçün yeni üfüqlər açan Mikaloyus Konstantinas Çyurlyonis və Azərbaycan klassik musiqisinin atası, musiqiləri ölkənin səsi olan Üzeyir Hacıbəyli tarixdə dərin iz buraxıblar. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin təşəbbüsü ilə 2008-ci ildə Litva və Azərbaycanın milli filarmoniyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb, o vaxtdan etibarən ölkələrimiz demək olar hər il fəal şəkildə musiqiçi mübadiləsi aparır və birgə konsertlər təşkil edirlər".
Öz növbəsində Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli ölkələr arasında humanitar əlaqələrin möhkəmlənməsinə, musiqi ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verən bu cür mədəni tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb: "Üzeyir Hacıbəyli və Mikaloyus Konstantinas Çyurlyonisin əsərləri Azərbaycan və Litvanın milli musiqi məktəblərinin bünövrəsi olub, öz xalqlarının bəstəkarlıq fikrinin inkişafına və mədəni kimliyinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Belə konsertlər hər iki xalqın mənəvi mədəniyyətinin daha yaxşı başa düşülməsinə xidmət edir".
Qeyd edək ki, litvalı Vilmantas Kalyunasın dirijorluğu ilə keçən konsertdə ifaları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri həyata keçirib.
20:34 10.10.2025
Oxunuş sayı: 897