Fərid Şəfiyev Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üzrə "5+1" formatı yerinə, "6" formatını təklif edib

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üzrə "5+1" formatı yerinə, "6" formatını təklif edib.
Crossmedia.az xəbər verir ki, F.Şəfiyev bu barədə Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Türkmənistanın Orta Dəhliz layihəsinə qoşulması çox vacibdir. Azərbaycan və Türkmənistan arasında əlaqələrin inkişafında müsbət gedişlər var:
"İki ölkə arasında bir sıra geosiyasi layihələr mövcuddur, onlardan biri enerji sahəsini əhatə edir. Qaz haqqında layihə var idi, müəyyən səbəblərdən dayandırılmışdı, indi isə Türkmənistanın Xəzər dənizində olan qaz yataqlarından boru vasitəsilə Azərbaycana, Azərbaycandan isə digər ölkələrə qaz ixracı layihəsi barədə təkliflər var. Bəzi qüvvələr bu layihənin onların əleyhinə olduğunu düşünürlər ki, bu, səhv yanaşmadır. Ənənəvi Şimal yolu hazırda tam potensialda işləmir, yaxın dövrdə də o məsələnin həlli gözlənilmir, ona görə də Orta Dəhlizin böyük potensialı var. Ona görə də Türkmənistanın Orta Dəhliz layihəsinə qoşulması çox vacibdir. Çünki bunlar böyük potensiala malik layihələrdir".
F.Şəfiyev diqqətə çatdırıb ki, Azərbaycan Xəzər bölgəsinin ayrılmaz hissəsi kimi Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı "5+1" formatı yerinə, "6" formatı şəklində davam etdirməlidir:
"Biz bunda maraqlıyıq. Geosiyasi təhdidlər əməkdaşlığın inkişaf etdirilməsini vacib edir. Ümid edirəm ki, Türkmənistan bir gün Türk Dövlətləri Təşkilatının da üzvü olacaq. Neytrallıq anlayışını, hərbi-siyasi bloklara qoşulmamağı anlayıram, ancaq beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı inkişaf etdirmək önəmlidir. Ona görə də ümid edirəm ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq həm də beynəlxalq platformalar çərçivəsində irəliləyəcək".
18:21 10.10.2025
Oxunuş sayı: 867