Azərbaycan Vətən müharibəsində qazandığı qələbə ilə Türk dünyasının qürurunu özünə qaytardı - Deputat

XXI əsrin geosiyasi reallıqları bir daha göstərdi ki, dövlətlərin gücü təkcə iqtisadi və hərbi potensialla deyil, həm də milli həmrəylik, siyasi iradə və mənəvi birliyin dərinliyilə ölçülür. Azərbaycan xalqı 2020-ci ildə bu həqiqəti bütün dünyaya sübut etdi. Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə ölkəmiz yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, həm də Türk dünyasının qürurunu, birliyə olan inamını yenidən dirçəltdi.
Bu zəfər təkcə Azərbaycan xalqının deyil, bütün Türk dövlətlərinin ortaq sevincinə çevrildi. Qarabağda qazanılan bu tarixi uğur Türk dünyasının yeni mərhələyə qədəm qoymasına, Türk Dövlətləri Təşkilatının siyasi və mənəvi dayaqlarının möhkəmlənməsinə təkan verdi. Artıq bu təşkilat təkcə ortaq mədəniyyətin deyil, həm də ortaq gələcəyin, ortaq gücün təcəssümünə çevrilib.
Məhz bu baxımdan Azərbaycanın qazandığı qələbə və sonrakı illərdə aparılan bərpa, yenidənqurma və əməkdaşlıq siyasəti Türk dövlətləri arasında həmrəyliyin və strateji müttəfiqliyin bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan Vətən müharibəsində qazandığı qələbə və dövlət sərhədlərinin tam bərpası ilə təkcə öz ərazi bütövlüyünü bərpa etmədiyini, eyni zamanda bütün Türk dünyasının qürurunu özünə qaytardığını qeyd edib: "Bu şanlı zəfər hər bir azərbaycanlının uğuru, bütün Türk dünyasının böyük qələbəsidir. Cənab Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, bu qələbə milli birliyin, xalq–ordu–dövlət həmrəyliyinin nəticəsidir. Qarabağ zəfəri, şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının (TDT) formalaşması, güclənməsi və beynəlxalq nüfuz qazanması prosesinə də ciddi təsir göstərmişdir. Artıq Azərbaycan regionda deyil, qlobal miqyasda da nüfuzlu bir ölkəyə çevrilmişdir. Bu reallıq TDT-nin Qəbələ Zirvə Görüşündə də öz əksini tapdı. Həm yekun bəyanatda, həm də liderlərin çıxışlarında təşkilatın gələcək inkişaf istiqamətləri, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və siyasi həmrəyliyin möhkəmləndirilməsi məsələləri xüsusi vurğulandı.
Artıq TDT təkcə mədəni əlaqələri birləşdirən platforma deyil, həm də regional və qlobal miqyasda siyasi çəkisi olan güclü bir təşkilata çevrilib. Cənab Prezident İlham Əliyev çıxışında qardaş dövlətlərin rəhbərlərinə Qarabağ və Şərqi Zəngəzurun bərpasında göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə etdi.
Bu gün Türk dövlətləri tərəfindən həmin bölgələrin bərpasına 5 milyard dollardan artıq investisiya qoyulub. Qardaş Özbəkistan, Qazaxıstan və Qırğızıstan bölgəmizdə məktəblər, mədəniyyət mərkəzləri və digər sosial obyektlər inşa ediblər. Dost Türkmənistanın Füzuli şəhərində məscid tikməsi xəbəri isə hər bir azərbaycanlını sevindirmişdir”.
O bildirib ki, qardaş dövlətlərin Qarabağ və Şərqi Zəngəzurun bərpasında fəal iştirakı, həmrəyliyin və dostluğun əyani göstəricisidir: “Bu, tarixə qardaşlığın, qarşılıqlı etimadın və strateji müttəfiqliyin parlaq nümunəsi kimi düşəcək. Həmin ərazilərdə həyata keçirilən infrastruktur layihələri, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları isə yaxın gələcəkdə bu bölgələrin regionun inkişaf mərkəzinə çevriləcəyini göstərir. Azərbaycan dövləti mərhələli şəkildə insanların doğma yurdlarına qayıdışını təmin edir. Qısa zaman ərzində bu bölgələr həm aqrar, həm də turizm potensialına malik, yüksək inkişaf etmiş bir məkana çevriləcək. Qardaş ölkələrin burada inşa etdikləri məktəblər, mədəniyyət mərkəzləri və məscidlər isə həm simvolik, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bu obyektlərdə yetişəcək yeni nəsil hər zaman xatırlayacaq ki, bu torpaqlarda əldə edilən qələbə və bərpa işləri Ali Baş Komandanın uzaqgörən siyasəti və xalqın birliyi sayəsində mümkün olub".
Deputat, həmçinin TDT-nin gələcək inkişaf mərhələlərində bu kimi layihələrin ölkələrimiz arasında dostluğun və müttəfiqliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirib: "Artıq bütün dünya anlayır ki, bu dövlətlər eyni soydan, eyni kökdən və eyni dəyərlərdən qaynaqlanır. Onların həyata keçirdikləri birgə siyasət sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın təcəssümüdür. Bu əməkdaşlıq təkcə regional deyil, həm də qlobal miqyasda sülhün, əmin-amanlığın və strateji tərəfdaşlığın mühüm təminatına çevrilməkdədir".
Elmir Heydərli
22:08 09.10.2025
Oxunuş sayı: 1671