İş yerləri yaradılacaq, büdcə gəlirləri artacaq- Deputat

Şəhərlərin dayanıqlı inkişafı və innovasiyaların tətbiqi bu gün qlobal prioritetlərdən birinə çevrilib. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qəbələ Bəyannaməsində də qeyd olunduğu kimi, üzv dövlətlər şəhərlərin dayanıqlılığı və innovasiya sahələrində birgə fəaliyyətin genişləndirilməsini məqsəd qoyublar.
Bu istiqamətdə 13-cü Dünya Şəhər Forumu (WUF13) çərçivəsində TDT Davamlı Şəhərlər Forumunun yaradılması təşviq edilir. Sözügedən təşəbbüs türk dövlətləri arasında urbanizasiya, ekoloji davamlılıq və texnoloji yeniliklər sahəsində təcrübə mübadiləsini dərinləşdirməklə, bölgədə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına mühüm töhfə verəcək.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Forum üzv ölkələrə dayanıqlı inkişaf hədəflərinə uyğun, ekoloji cəhətdən təmiz, iqtisadi cəhətdən səmərəli və sosial cəhətdən inklüziv şəhərlərin yaradılmasına imkan verəcək:
“Mədəni əlaqələr güclənəcək, qarşılıqlı investisiya qoyuluşu artacaq, insanların həyatı yüngülləşəcək, yaşayış şərtləri daha əlverişli olacaq. Ünsiyyət insan hüquq və azadlıqlarının inkişafına töhfə verəcək. Biznes mühiti yaxşılaşacaq, iş yerləri yaradılacaq, büdcə gəlirləri artacaq".
Mehriban Yariyeva
20:29 09.10.2025
Oxunuş sayı: 1886