Xəbərdarlıq: Kiberhücumların forması dəyişir

Son illərdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən məqsədyönlü tədbirlər öz müsbət nəticələrini verməkdədir. Xüsusilə 2025-ci ilin statistikasına əsasən, ölkə üzrə bloklanan zərərli keçidlərin sayının 39 faizədək azalması bu istiqamətdə aparılan sistemli işlərin səmərəliliyini göstərir. Bu nəticə bir tərəfdən vətəndaşların rəqəmsal savadlılığının artması, digər tərəfdən isə müvafiq dövlət qurumlarının, xüsusilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin koordinasiyalı fəaliyyətinin güclənməsi ilə bağlıdır. Zərərli keçidlərin azalması həm də dövlət və özəl sektorun əməkdaşlığı, informasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, süni intellekt əsaslı monitorinq sistemlərinin tətbiqi və maarifləndirici kampaniyaların genişlənməsi nəticəsində mümkün olub. Bu proses ölkənin kiberməkanının müdafiəsini gücləndirməklə yanaşı, rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşmasına da ciddi töhfə verir.
Mövzu ilə bağlı internet texnologiyaları mütəxəssisi Elvin Abbasov Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanda bloklanan zərərli keçidlərin sayının 39 faiz azalması kibertəhlükəsizlik mühitində mühüm pozitiv meyil kimi qiymətləndirilə bilər. Bu göstərici son illərdə ölkədə həyata keçirilən sistemli tədbirlərin və texnoloji yeniliklərin nəticə verdiyini göstərir. Burada həm dövlət qurumlarının, həm də provayderlərin koordinasiyalı fəaliyyəti xüsusi rol oynayıb. İlk növbədə qeyd etmək lazımdır ki, DNS filtrasiyası, trafikin analizi və mərkəzləşdirilmiş təhlükəsizlik sistemlərinin tətbiqi zərərli domenlərin erkən aşkarlanmasını təmin edib. Eyni zamanda, Azərbaycan CERT-in beynəlxalq kibertəhlükəsizlik şəbəkələrinə qoşulması, zərərli fəaliyyətlər barədə məlumat mübadiləsinin intensivləşməsi hücumların qarşısının daha vaxtında alınmasına şərait yaradıb”.
Ekspert həmçinin bildirib:
“Digər vacib amil ictimai maarifləndirmə fəaliyyətlərinin güclənməsidir. Vətəndaşlara, şirkətlərə və qurumlara yönəlik fişinq, sosial mühəndislik və saxta linklər barədə xəbərdarlıqların operativ paylaşılması nəticəsində istifadəçilərin diqqətliliyi artıb. Bu da təbii şəkildə zərərli keçidlərə klikləmə hallarında azalmaya səbəb olub. Bununla belə, bu azalmanı tam təhlükəsizliklə eyniləşdirmək düzgün olmaz. Kiberhücumların forması dəyişir, daha hədəfli və mürəkkəb üsullar tətbiq olunur. Ona görə də bu göstərici daha çox həyata keçirilən tədbirlərin müvəqqəti uğurunu əks etdirir. Davamlı nəticə əldə etmək üçün süni intellekt əsaslı anomaliya aşkarlama sistemlərinin tətbiqi, provayderlər səviyyəsində real vaxtlı monitorinqin gücləndirilməsi və rəqəmsal savadlılığın artırılması istiqamətində işlər davam etməlidir”.
Ayhan
19:48 09.10.2025
Oxunuş sayı: 1158