Donald Tramp doğrudan da sülh carçısıdır - Deputat

Müasir dünyada sülh və sabitliyin qorunması qlobal siyasətin ən mühüm prioritetlərindən biridir. Münaqişələrin, qarşıdurmaların və geosiyasi gərginliklərin artdığı bir dövrdə sülhə yönəlmiş hər bir təşəbbüs bəşəriyyət üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə də bu təşəbbüslər dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən irəli sürüldükdə, onların təsir dairəsi və nəticələri daha geniş olur.
Son illərdə beynəlxalq münasibətlər sistemində sülh və barışıq istiqamətində atılan mühüm addımlar arasında ABŞ Prezidenti Donald Trampın fəaliyyəti xüsusi yer tutur. Onun diplomatik təşəbbüsləri, münaqişələrin dinc yolla həllinə yönələn səyləri və beynəlxalq sabitliyə verdiyi töhfələr sülhün bərqərar olunması yolunda əhəmiyyətli mərhələlər kimi qiymətləndirilir.
Ağ ev rəhbərinin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində və digər ölkələr arasında sülh yaranması üçün göstərdiyi təşəbbüs isə onun Nobel sülh mükafatına həqiqətəndə layiq olmasının bariz sübutudur.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın həm birinci, həm də ikinci hakimiyyəti dövründə dünyada sülhün bərqərar olması istiqamətində mühüm səylər göstərmiş olduğunu bildirib:
"Trampın ikinci prezidentliyinin ilk ilində həyata keçirdiyi təşəbbüslər beynəlxalq aləmdə geniş rezonans doğurmuşdur. O, Qəzzada İsrail və Fələstin arasında atəşkəsin əldə olunmasına nail olmuş, Kamboca ilə Tayland arasında baş verə biləcək müharibənin qarşısını almış, həmçinin Afrikanın bir sıra regionlarında münaqişələrin aradan qaldırılması üçün ciddi səylər göstərmişdir.
Lakin onun sülh naminə ən mühüm nailiyyəti Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişəyə son qoyulması istiqamətində atdığı addımlar olmuşdur. Bu ilin 8 avqustunda Vaşinqtonda keçirilən sülh danışıqları nəticəsində iki ölkə arasında tarixi razılaşma əldə edilmişdir. Trampın Zəngəzur dəhlizi ilə bağlı irəli sürdüyü təşəbbüs isə hətta radikal siyasi dairələrin də etirazlarını səngitməyə səbəb olmuşdur".
Deputat həmçinin Donald Trampın doğrudan da sülh carçısı olduğunu bildirib.
"Onun Nobel Sülh Mükafatına layiq görülməsi tamamilə ədalətlidir. Azərbaycan Respublikasının Prezidenti də Vaşinqton görüşündə Donald Tramp haqqında yüksək fikirlər səsləndirərək, onu Nobel Sülh Mükafatına namizəd kimi irəli sürəcəyini bəyan etmişdir.
Beynəlxalq ictimaiyyət hazırda Nobel Komitəsinin bu istiqamətdə ədalətli qərarını böyük maraq və ümidlə gözləyir"- deyə o əlavə edib.
Elmir Heydərli
18:42 09.10.2025
Oxunuş sayı: 3050