"Ermənilər hələ də Hadrutu qaytaracaqlarına ümid edirlər, amma..." - Ekspert

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Hadrutun azad olunması Azərbaycan Silahlı Qüvvələrinin sonrakı fəaliyyəti üçün xüsusi əhəmiyyətli oldu.
Hərbi - siyasi ekspert Telman Qasımov Hadrutun strateji əhəmiyyəti barədə Crossmedia.az-a danışıb: "Hələ o vaxtlar Hadrut və Ağdərə istiqamətlərində ermənilər gücləndirilmiş növbətçilik rejimi aparırdılar. Ermənilər əsasən Hadrutu itirməkdən qorxurdular, onlar üçün bura müqəddəs bir yer sayılırdı. Bu günə qədər belə, Hadrut, Şuşa deyib ağlayırlar. Yenə də Hadrutu qaytaracaqlarına emid edirlər. Onlar elə düşünür ki, ermənilərin dini inanclarının kökü oradadır. Halbuki, Hadrutda olan qədimi kilsələr alban kilsələridir".
Ekspert bildirir ki, Hadrutda əsasən Qırmızı Bazara nəzarət imkanı var idi: "Ermənilər Hadrutdan Şuşaya gedən yolu nəzarətdə saxlayırdılar. Hadrutu əllərindən çıxarandan sonra bir çox strateji mərkəzləri də itirmiş oldular. Artıq nəzarət bizim ordumuzun əlinə keçmişdi. Ermənilər bütün güclərini Hadrut, Ağdərə və Şuşaya kökləmişdilər. Ona görə də Hadrutun alınması onlara çox böyük zərbə oldu, bizim üçün əhəmiyyətli yollar açıldı. Hadrutun meşələriylə birbaşa Şuşaya getmək üçün ordumuz yol əldə etmiş oldu. Zəfər yolumuz, Şuşanın alınması məhz Hadrutun meşələriylə açılmış oldu. Bir daha qeyd etmək lazımdır ki, Hadrutun alınması ermənilərin məğlub olmasında həlledici rolu oynayırdı’’.
Sevinc Yarməmmədova
16:20 09.10.2025
Oxunuş sayı: 5288