Azərbaycanın həyata keçirdiyi investisiya siyasəti milli brendlərin xaricdə tanıdılmasına mühüm təsir göstərir- Rəy

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi əməkdaşlıq və qarşılıqlı sərmayə qoyuluşu üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan bu prosesdə aparıcı mövqe tutaraq qardaş ölkələrin iqtisadi inkişafına əhəmiyyətli töhfələr verir. Prezident İlham Əliyevin TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlərə əsasən, bu günə qədər Azərbaycanın TDT-yə üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırması regional iqtisadi inteqrasiyanın bariz nümunəsidir. Sərmayələrin əsas hissəsi Türkiyə iqtisadiyyatına yönəldilsə də, Azərbaycan eyni zamanda Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondları yaradaraq mühüm layihələrin icrasına da töhfə verir. Bu, Türk dünyasında iqtisadi həmrəyliyin və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında xüsusilə vurğulayıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb.
Deputatın sözlərinə görə, bu, son dərəcə vacib mesajdır və onun arxasında Azərbaycanın məqsədyönlü siyasəti dayanır:
“Azərbaycan bu sərmayə siyasəti vasitəsilə Türk Dövlətləri Təşkilatının inkişafına, təşkilata üzv olan dövlətlərin iqtisadiyyatının güclənməsinə mühüm töhfə verir. Belə bir siyasət həm də Azərbaycanın beynəlxalq arenada etibarlı və iqtisadi cəhətdən güclü tərəfdaş obrazının formalaşmasına xidmət edir".
A.Allahverənov qeyd edib ki, digər ölkələrin iqtisadiyyatına investisiya qoyuluşu təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır:
“Əgər bir dövlət başqa ölkələrin iqtisadiyyatına sərmayə qoyursa, bu, həmin dövlətin beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına gətirib çıxarır. Belə investisiyalar qarşılıqlı etimad və fayda əsasında formalaşan əlaqələrin dərinləşməsinə xidmət edir".
Deputat əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi investisiya siyasəti həm də milli brendlərin xaricdə tanıdılmasına mühüm təsir göstərir:
“Azərbaycan şirkətləri uzun illərdir Türk dövlətlərində sənaye, tikinti və turizm sektorlarında aktiv şəkildə iştirak edir. Məsələn, Özbəkistanda turizm sahəsinə ediləcək yeni yatırımlar milli brendlərimizin regionda tanıdılmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq".
A. Allahverənovun fikrincə, Azərbaycanın TDT ölkələrinə yatırdığı sərmayələr eyni zamanda texnologiya və təcrübə mübadiləsini də təşviq edir:
“Azərbaycan yaşıl enerji, nəqliyyat-logistika və təbii resursların daşınması kimi sahələrdə fəal şəkildə çıxış edir. Bu da ölkəmizin etibarlı və güvənilən beynəlxalq aktor kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın xarici siyasət kursu qarşı tərəfə hörmət və etimad prinsipləri üzərində qurulub. Bəzi ölkələrdə belə bir yanaşma var ki, investisiya qoyulan ölkənin iqtisadi mühitinə təsir imkanı yaranır. Lakin Azərbaycanın siyasəti tam fərqli prinsiplərə söykənir – burada məqsəd əməkdaşlıq, qarşılıqlı inam və inkişafdır. Bu, Azərbaycanın xarici siyasətinin pragmatikliyini də təsdiqləyir. Azərbaycanın TDT-yə üzv ölkələrə sərmayə qoyuluşu həmin ölkələrdə müsbət qarşılanır və şəffaf prinsiplərə əsaslanır:
Azərbaycan bu yolla qardaş Türk dövlətlərinin iqtisadi inkişafına dəstək verir, eyni zamanda qarşılıqlı investisiya mühitinin formalaşmasına şərait yaradır. Eyni münasibət həmin dövlətlərin Azərbaycana olan etimadında da açıq şəkildə hiss olunur".
Mehriban Yariyeva
23:20 08.10.2025
Oxunuş sayı: 3055