Ölkəmizin mötəbər yarışlara ev sahibliyi etməsi böyük üstünlükdür - Deputat

İdman yalnız fiziki bacarıqların inkişafı və rəqabətin sahəsi deyil, həm də ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə, gənclərin ictimai fəallığının artmasına və könüllülük hərəkatının inkişafına xidmət edən mühüm sahədir. Son illərdə Gəncə şəhərində aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, xüsusilə də müasir standartlara cavab verən Gəncə İdman Sarayının istifadəyə verilməsi, ölkə rəhbərliyinin idmana göstərdiyi diqqətin və gənclərin inkişafına verdiyi önəmin bariz nümunəsidir.
Bu cür layihələr yalnız beynəlxalq yarışların keçirilməsi üçün şərait yaratmır, eyni zamanda bölgə gənclərinin idman fəaliyyətlərini mərkəzləşdirən bir platforma rolunu oynayır, Gəncənin inkişafına və Azərbaycanın idman aləmində mövqelərinin güclənməsinə mühüm töhfə verir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Müşviq Cəfərov bu tədbirin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin adını beynəlxalq idman tarixinə yazacaq mühüm hadisə olduğunu qeyd edib:
"Ümumən belə yarışlara ev sahibliyi etmək ölkənin idman ölkəsi kimi nüfuzunu artırmaqla yanaşı, gənclərin ictimai fəallığının yüksəlməsinə, könüllülük hərəkatının inkişafına da mühüm töhfə verir.
Gəncə şəhərində görülən genişmiqyaslı quruculuq işləri, xüsusilə də Gəncə İdman Sarayının istifadəyə verilməsi ölkə başçısının idmana böyük diqqətinin bariz sübutudur.
Qeyd edim ki, bu kompleks basketbol, voleybol, atıcılıq, üzgüçülük və digər idman növləri üzrə məşqlər və beynəlxalq yarışların keçirilməsi üçün müasir şərait yaradır".
Deputat həmçinin Gəncə stadionunun açılışının xüsusi bir hal olduğunu bildirib.
"Prezident İlham Əliyevin təməlini qoyduğu və qısa müddətdə tamamlanan bu stadion MDB Oyunlarının əsas məkanlarından biri olub. 15 mindən çox tamaşaçı tutumuna malik, Avropa standartlarına uyğun arena təkcə idman yarışlarının deyil, həm də bölgə gənclərinin idman fəaliyyətlərinin mərkəzinə çevriləcək.
Bu kimi layihələr Gəncənin inkişafına, ölkəmizin beynəlxalq idman aləmində mövqelərinin güclənməsinə mühüm töhfə verəcək"- deyə o qeyd edib.
Elmir Heydərli
13:20 08.10.2025
Oxunuş sayı: 2128