TDT çərçivəsində icra olunan sərmayə layihələri gələcəkdə daha da genişlənəcək - Parlamentari

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib ki, TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub.
Bunun əsas hissəsinin Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayə olduğunu bildirən Prezident qeyd edib:
"Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək".
Bəs TDT ölkələri ilə birgə reallaşan bu layihələr Azərbaycanın iqtisadi inkişafında hansı yeni imkanları yaradır?
Mözvu ilə bağlı Crossmedia.az saytına danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının Partiyasının müavini Günay Ağamalı bildirib ki, TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı, Türk dünyasının əməkdaşlıq perspektivlərini müəyyən edən strateji istiqamətləri bir daha aydın şəkildə ortaya qoydu: "Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan TDT-yə üzv ölkələrlə bir çox önəmli sərmayə layihələrini icra edir və bu layihələr siyasi və geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat və infrastruktur layihələri Türk dünyasını birləşdirən əsas sütunlardandır. Bu sərmayə layihələri ölkələrimiz arasında iqtisadi əlaqələri möhkəmləndirir və Türk dünyasının qlobal miqyasda güc mərkəzi kimi mövqeyini gücləndirir. Artıq Türk Dövlətləri üçün yeni perspektivlər və çağırışlar aktuallaşıb. Xüsusilə, Vaşinqton görüşündən sonra regionda yeni geosiyasi və geoiqtisadi konfiqurasiya formalaşır. ABŞ kimi qlobal gücün diqqəti Cənubi Qafqaza yönəlir və bu diqqət sözlə deyil, konkret razılaşmalarda öz əksini tapır. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması Cənubi Qafqaz - Orta Asiya xəttində yeni iqtisadi-ticari maşurtların formalaşmasını şərtləndirir. Bu da öz növbəsində ölkələrimiz üçün tarixi fürsətlər, perspektivlər vəd edir. Azərbaycan düşünülmüş strateji yanaşmalarla coğrafi üstünlüklərindən maksimum yararlanır və Türk dünyası arasında bütün sahələrdə inteqrasiyanın dərinləşməsinə töhfə verir".
Parlamentari söyləyib ki, Azərbaycan hər zaman Türk dövlətlərinin həmrəyliyini, iqtisadi əməkdaşlığını və strateji tərəfdaşlığını dəstəkləyib: "Möhtərəm Cənab Prezident İlham Əliyevin Zirvə Toplantısındakı mesajları göstərir ki, ölkəmiz Türk birliyinin yalnız siyasi və iqtisadi cəhətdən həlledici rol oynayır. TDT çərçivəsində icra olunan sərmayə layihələri gələcəkdə daha da genişlənəcək və Türk dünyasının birliyi, iqtisadi qüdrəti və beynəlxalq nüfuzu üçün möhkəm baza yaradacaq".
Fidan Quliyeva
12:24 08.10.2025
Oxunuş sayı: 7629