Nazir: Qəbələ Bəyannaməsində TDT-nin regional sülhün təşviqində konstruktiv platforma kimi rolu vurğulanıb

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində türk dövlətləri arasında siyasi dialoqun dərinləşməsi və təkmilləşməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyin təşviqi, mədəni, humanitar əlaqələrin genişləndirilməsi, eləcə də regional və qlobal çağırışlara qarşı birgə fəaliyyətin vacibliyi barədə ətraflı fikir mübadiləsi aparılıb.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekununa dair mətbuata bəyanatında deyib.
O qeyd edib ki, Zirvə Görüşündə növbəti bir il ərzində Azərbaycan Respublikasının təşkilata sədrliyi dövründə Türk dünyası birliyinin daha da güclənəcəyinə əminlik ifadə olunub. Toplantının yekununda dövlət və hökumət başçıları tərəfindən Qəbələ Bəyannaməsi qəbul olunub. Bəyannamədə Türk dünyasında həmrəyliyin daha da möhkəmləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, suverenlik, müstəqillik və dövlətçilik prinsipinə sadiqlik bir daha təsdiqlənib. Bəyannamədə təşkilatımızın regional sülhün və çoxtərəfli əməkdaşlığın təşviqində konstruktiv platforma kimi rolu vurğulanıb, dezinformasiya, kibertəhlükələr, iqlim dəyişmələri kimi çağırışlara qarşı birgə fəaliyyətin vacibliyi qeyd olunub.
“Liderlər Zəngəzur dəhlizi daxil olmaqla Orta dəhliz beynəlxalq nəqliyyat marşrutunun inkişafının strateji əhəmiyyətini qeyd edib, onun türk dövlətləri arasında bağlantıların artırılmasına, ticarət dövriyyəsinin və regiondaxili iqtisadi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar. Dövlət və hökumət başçıları, həmçinin TDT çərçivəsində üzv dövlətlərin regional və beynəlxalq məsələlərdə ortaq mövqeyinin formalaşdırılmasının vacibliyini bir daha diqqətə çatdırıblar”,-deyə C.Bayramov əlavə edib.
17:12 07.10.2025
Oxunuş sayı: 1015