Tural Abbaslı: Bu gün Azərbaycan Avropa üçün qızıl mədənidir

Bu gün Azərbaycan yalnız siyasəti ilə deyil, həm də zəngin sərvətləri ilə dünyada tanınır. Azərbaycanın nefti və qazı bir çox ölkələrin işığını yandırır, iqtisadiyyatına nəfəs verir. Bu xüsusilə Avropa İttifaqı üçün mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan həm coğrafi mövqeyi, həm də etibarlı tərəfdaşlığı ilə Avropa üçün strateji önəm daşıyan ölkələrdən biridir. Elə buna görə də Azərbaycan Avropa İttifaqı üçün əslində tükənməz dəyər, bir növ qızıl ehtiyatı sayılır.
Məhz bu fikri də Macarıstanın Baş
Naziri Viktor Orban Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"
sammitindən əvvəl səsləndirib. O açıq şəkildə bildirib: “Azərbaycan Avropa
İttifaqı üçün qızıl ehtiyatıdır."
Baş nazirin səsləndirdiyi fikirlər
barədə Ağ Partiya sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib:
"Avropanın yanaşması həmişə öz
maraqları çərçivəsində olub. Mən Orbanı Avropanın digər ölkə liderləri ilə eyni
tutmuram. Onun ən azından mühafizəkar mövqeyi və dövlət maraqları var. Dövlət
marağı deyərkən, milli-mənəvi dəyərlərə sadiqliyini nəzərdə tuturam. Bu
baxımdan Orban digərlərindən fərqlənir. Amma nəticədə Avropa öz maraqları naminə
hər kəslə əməkdaşlıq qurmağa, həmin an üçün lazım olan maraqlarını təmin etməyə
hazırdır.
Heç kimə sirr deyil ki, Rusiya
qazından imtina etməyə başlayan Avropa üçün Azərbaycan bu gün qızıl mədənidir.
Çünki Avropaya bu qədər yaxın və eyni zamanda etibarlı qaz tədarükçüsü demək
olar ki, yoxdur. Üstəlik, Orta Asiya qazının da Avropaya çıxışı məhz Azərbaycan
üzərindən həyata keçirilir. Bu baxımdan Orbanın dediyi fikirlər əsaslıdır”.
Onun sözlərinə görə, yaxın illərdə Avropanın Azərbaycana səmimi olmasa da, ən azı loyallıq göstərdiyini görəcəyik: “Çünki işləri düşənə qədər Azərbaycanla münasibətləri yaxşı saxlayacaqlar. Lakin problemlər həll olunduqdan sonra Avropa öz maraqları naminə Azərbaycana yenidən təzyiq və basqılar göstərməyə hazır olacaq."
Gülbəniz Bayramova
21:27 02.10.2025
Oxunuş sayı: 1749