İtaliya Prezidentinin səfəri Azərbaycanın güclü mövqeyini və artan beynəlxalq nüfuzunu sübut edir - Deputat

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlıq xüsusi
yer tutur və bu istiqamətdə əsas tərəfdaş ölkələrdən biri məhz İtaliyadır.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, İtaliya hər zaman Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərib və bu gün də həmin
dəstək aydın şəkildə hiss olunmaqdadır. Son dövrlərdə Avropa İttifaqı–Azərbaycan
münasibətlərində müşahidə olunan müsbət dinamika qarşılıqlı maraqlara xidmət
edir və strateji tərəfdaşlığın həm rəsmi sənədlərdə, həm də real həyatda təsdiqini
tapdığını göstərir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı
Jalə Əliyeva bildirib ki, İtaliya Prezidentinin Azərbaycana səfəri mühüm əhəmiyyət
daşıyır: “İtaliya Prezidentinin yüksək səviyyəli qarşılanması, ölkə Prezidenti
cənab İlham Əliyevlə ikitərəfli və daha sonra geniş tərkibli görüşlər, bu
görüşlərdə toxunulan məsələlər və əldə olunan razılaşmalar diqqət çəkdi. Daha sonra
çox əhəmiyyətli bir məqam – Azərbaycan–İtaliya Universitetinin açılışı baş
verdi. Bütün bunlar böyük perspektivlər vəd edir və İtaliya ilə Azərbaycan
arasında siyasi müstəvidə baş verən uğurlu hadisələr onu deməyə əsas verir ki,
bu əməkdaşlığın kökündə illərdən bəri ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və
məqsədyönlü siyasət dayanır".
Deputat qeyd edib ki, İtaliya bu gün Avropanın əhəmiyyətli ölkələrindən
biri, mühüm iqtisadi-sənaye gücü, eyni zamanda mədəniyyət və dəb mərkəzi kimi
dünya miqyasında tanınır. Onun sözlərinə görə, İtaliyanın Azərbaycanda təhsil,
sosial və maarif sahələrinə maraq göstərməsi ölkəmizin çoxşaxəli inkişafının
göstəricisidir: “İtaliya Azərbaycanla xoş dialoq şəklində münasibətləri davam
etdirmək, dostluq əlaqələrini möhkəmləndirmək əzmindədir. Dünənki görüşlər,
imzalanan müqavilələr, açılan yeni perspektivlər göstərir ki, Azərbaycan
İtaliyanın timsalında güclü dost və strateji tərəfdaş qazanıb".
Jalə Əliyeva əlavə edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin
Avropanın, xüsusilə də Avropa İttifaqının əsas ölkələrindən biri olan İtaliya tərəfindən
qəbul edilməsi ölkəmizin mövqeyini daha da gücləndirir: “İtaliya üçün Azərbaycan
həm dost ölkə, həm də Cənubi Qafqazda və bütövlükdə bölgədə əhəmiyyətli tərəfdaş
rolunu oynayır. İtaliya Prezidentinin səfəri bir daha Azərbaycanın güclü
mövqeyini və artan beynəlxalq nüfuzunu sübut edir".
Mehriban Yariyeva
18:25 01.10.2025
Oxunuş sayı: 14646